Çörəyi ver çörəkçiyə... Dəyərli atalar sözlərimizdən birində deyilir bu. Əsrlərin sınağından üzüağ çıxıb. Son təlatümlü günlərimizdə daha çox aktualdı. Həm də təkcə nəzəriyyəsinə görə yox, paralel olaraq doğurduğu bədbin nəticələrinə görə.
Azərbaycanda devalvasiya – ölkə vətəndaşlarına sözün bütün mənalarında sağlamlıq baxımından insult, hərəkət baxımından iflic edə biləcək idarəolunmaz durum yaşatdı və yaşatmaqda da davam edir. İntiharların artan sayı da məsələnin digər tərəfidir təbii ki. Orta əsr təfəkkürlü, büdcədən ayırmalara şəxsi dəfinəsi, “iqtisadiyyat” amilinə şəxsi biznesi prizmasında yanaşmağa adətgərdə olmuş məmur təbəqəsi yaşananlardan də elə “bu konteks”də yaxa qurtaracaqlarına ümidli olduğundan bu iqtisadi təlatümə rəng verməyi də öz qafalarının deyil, TV-lərin efirindən düşməyən müğənni-xanəndə tayfasının dili ilə cavablandırmağı çıxış yolu kimi gördülər. Heyhat!!!
Ardıcıllığa diqqət edin. Mən burada jurnalist həmkarlarımı da bir qədər qınamağa məcburam. Devalvasiyanın ilk günlərində Ağadadaş Ağayevə üz tutdular. O da demişdi ki, “dollar qalxır qalxır da”. Sosial şəbəkələr Ağadadaşı qınaq obyektinə çevirdilər. Əslində Ağadadaş və ya qeyri-müğənni nə cavab verməliydi ki?! Sonra muğam ustası Əlibaba Məmmədovun münasibətini soruşdular. Əlibaba müəllim lap gül vurdu: “Mənə prezident 1000 manat təqaüd verir, artığını istəmirəm”.
Bunu da sosial şəbəkələrdə xeyli müzakirə etdilər. Ağsaqqala yönəlik hətta xoşagəlməz ifadələr də səsləndi, bunlarla işim yox, amma içərisində bir tutarlı ifadəyə də rast gəldim: “guya bundan artığını kim istəyir ki”.
Sonra müğənni İlhamədən və başqalarından soruşdular. Bunların da nəticəsindən məlumatlısınız...
Əslində jurnalist həmkarlarımızı da sonadək qınamaq olmur. Çünki “aşıq gördüyün çağırar”. Biri digərini tutuquşu kimi təkrarlayan televiziyalar tamaşaçıya müğənni tayfasını bütün sahələr üzrə ekspert qismində sırıya-sırıya onlar haqqında təsəvvürü də məşhur “Şurikin “ı” əməliyyatı”ndakı sayaq formalaşdırıb: “Myaskombinat - Ya”. Amma bu qədər taleyüklü məsələnin müzakirəsini açanlar filmdəki o gedişatın sonrasını da yaddan çıxarmamalı idilər: “Da, postoy tı”...
Müğənni söhbətin deyəsən çox uzatdım. Keçək məsələnin iqtisadi yönümünə. Dollar bahalaşır, başabəla (daha doğrusu, başımıza bəla) neft ucuzlaşır, amma fikir verirsinizsə, qəribə bir mənzərə yaranır. Paradoksa diqqət edin: insanlar illərlə ucuzluq həsrəti ilə yaşayıblar, bahalıqdan əziyyət çəkiblər. Bu binəvalar indi də əksinə, neftin ucuzlaşmasının altını çəkməyə məhkumdurlar...
Deyək ki, bu dünyada baş verən proseslərin nəticəsidir. Ölkəmizdə isə... Ölkəmizdə dövlətçiliyə xidmət anlayışını şəxsi cibinə xidmət kimi dərk etməyə alışmış, istifadəsindəki dövlət müəssisəsinə “yağlı obyekt” gözü ilə baxmış məmur təbəqəsi yalnız öz “sandığı”nın necə qorunması barədə düşünür. Dövlət başçısının çağırdığı müşavirələri çıxmaq şərtilə, hətta efirlərə çıxarılıb iqtisadi rəy verənlərin də içərisində səlahiyyət sahiblərinə rast gəlmirik. Onun nəticəsidir ki, az qala hər gün eşitdiyimiz “filan qurumda ixtisarlar getdi və ya filan qurum iflas oldu” kimi ifadələr vətəndaşların həyatında növbəti stressləri yaradır. Məsələn, ötən gün “Bank of Azərbaybaycan”ın lisenziyasının ləğv olunduğunun elan edilməsi də oxşar təlatümləri yaşatdı. Bizdə necə nəticələnəcəyindən asılı olmayaraq, əslində bu və bunun kimi digər müvəkkil banklar Mərkəzi Bank tərəfindən lisenziyalaşdırılıblar. Deməli, bütün məqamlarda onun zamini də ona lisenziya tanıyandı. Amma bunu vətəndaşa izah edib onu sakitləşdirən, ona zəmanət verən olmadı. Nə bank rəhbərliyinin, nə də onun mətbuat xidmətinin geniş aydınlaşdırmasına rast gəlmədik.
Səbəblər çoxdu. Onlardan biri də təbii ki, media ilə işləməyə bilavasitə borclu olan mətbuat xidməti institutunun effektsiz fəaliyyətidir. Azərbaycanda məmurlar bu xidməti ya zorən yaradıblar, ya da qohum-əqrəbalarına iş yeri kimi. Onun mahiyyətindən xəbərsizdirlər sanki. Böyük əksəriyyətini də veriblər qeyri-peşəkarların ixtiyarına. Nəticədə “çörəyi çörəkçiyə verməməkləri” bir yana, təşkilatları da çıxılmaz duruma sürükləyiblər. Bəs digər sahələrimizdə çörək çörəkçinin əlindədimi?!