Gürcü politoloqdan maraqlı BƏYANAT
Gürcü politoloq Soso Çinsadze ölkəsinin Rusiyadan qaz almaqla bağlı planlarını sərt tənqid edib. Modern.az saytı Gürcüstan KİV-nə istinadən xəbər verir ki, politoloqun fikrincə, cərəyan edən hadislərin arxasında Rusiyanın Azərbaycana qarşı “soyuq müharibə” elan etməsi dayanır.
“Əslində “Qazprom”dan qaz almaq Tbilisi, Yerevan və Bakı arasındakı geosiyasi üçbucağın pozulması deməkdir. Bu üçbucağın balansını Edurd Şevardnadze və hətta Mixail Saakaşvili saxlaya bilirdi. Mən Rusiya ilə diplomatik əlaqələrin bərpasına qarşı çıxmıram, amma Rusiyada yaşayan və 15 təşkilat yaratmış 1,5 milyon azərbaycanlının Dumada “erməni soyqırımı”nın inkarını kriminallaşdıran qanunun qəbul olunacağı halda kütləvi şəkildə həmin qanunu pozacaqlarını deməsi, ayrı fikir yaradır. Bütün Rusiya Azərbaycan qarşı işləyir. Açıq deyək, Azərbaycanın arxasında kim dayanır - Türkiyə. Türkiyənin arxasında - NATO. Bəs bizim arxamızda kim dayanır? Heç kim”.
Gürcü ekspertin fikrincə, Rusiyanın Gürcüstan vasitəsilə Ermənistanı blokadadan çıxarmasını Azərbaycan heç vaxt rəsmi Tbilisiyə bağışlamayacaq.
“Regionumuzda böyük oyunlar gedir. Mənə maraqlı deyil “Qazprom” qazı bizə 180 dollara satacaq, yoxsa 200 dollara. Məni narahat edən odur ki, Rusiya Ermənistanı şimal istiqamətində izolasiyadan çıxarmaq üçün bizdən istifadə edəcək və Azərbaycana “soyuq müharibə” elan edəcək. Azərbaycan bizə bunu bağışlayan deyil. Mənim yadıma gəlir, SOCAR prezidenti baş nazir Kvirikaşvili ilə görüşdən hansı sifətlə çıxmışdı – o çox qəzəbli idi. Azərbaycan üçün bu prinsipial məsələdir. Manatın dəyərdən düşməsini Rusiya Azərbaycana qarşı istifadə edir və Türkiyəni dəstəkləməyini bağışlamır. Putin qisas almaq istəyir və biz bu prosesin içindəyik”.
Soso Çinsadzenin fikrincə, bütün bu diplomatik oyunların sonunda Gürcüstan öz strateji müttəfiqi Azərbaycanı itirə bilər.
“Gürcüstan tranzit ölkə statusunu, strateji tərəfdaşı Azərbaycanı itirəcək. Bu gün əlimizdə olan diplomatik manevr imkanları isə məhdudlaşacaq”.
Vüqar İsmayılov