Yanvarın 19-da “Azərsu” Açıq Səhmdar Cəmiyyətində “20 yanvar - Ümumxalq hüzn günü” münasibəti ilə anım mərasimi keçirilib. Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən “Azərsu” ASC sədri Qorxmaz Hüseynov bildirib ki, 1990-cı ilin 20 yanvarı ən faciəli günlərdən biri olmaqla yanaşı, Azərbaycan tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş, xalqımızın müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. 26 il əvvəl xalqın azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xüsusi təyinatlı qoşun birləşmələrinin Bakıya yeridilməsi nəticəsində 147 mülki vətəndaş öldürülüb, 700-dən çox insan yaralanıb. Həmin illərdə Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında yaradılan informasiya blokadasına baxmayaraq, ən çətin günlərdə də xalqla bir yerdə olan Heydər Əliyev 20 yanvar faciəsi ilə bağlı cəsarətli mövqe nümayiş etdirib:
“Ulu öndər 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, xarici jurnalistlər qarşısında çıxış etmiş, imperiya siyasətini, Mixail Qorbaçovun xalqımıza düşmən siyasətini qətiyyətlə ifşa etmişdir. Ümummilli liderin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi məsələsi həllini tapmış, 20 yanvar tarixi - Ümumxalq Hüzn Günü elan edilmişdir. 20 yanvar faciəsi qurbanlarının əziz xatirəsini həmişə uca tutan ümummilli lider onların adlarının əbədiləşdirilməsi, şəhidlərin ailə üzvlərinə maddi və mənəvi qayğı göstərilməsinə daim diqqətlə yanaşmışdır. Bu humanist siyasət bu gün Möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
Tədbirə dəvət olunmuş tarixçi alim Yeganə Çağla Sovet imperiyasının və erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi məkrli siyasəti tarixi faktlarla əsaslandırıb, 20 yanvar tarixini xalqımızın qəhrəmanlıq və şücaətinin simvolu kimi qiymətləndirib: “20 Yanvar hadisələri böyük bir geosiyasi prosesin başlanğıcı oldu. Bu bəşəri cinayətin törədilməsi SSRİ kimi bir imperiyanın çökməsini daha da yaxınlaşdırdı. Qanlı yanvar hadisələri sovet imperiyasının qəddar siyasətini təsdiq etməklə yanaşı, xalqımızın azadlıq əzmini, müstəqillik və dövlətçilik ideyalarına sıx bağlı olduğunu bir daha nümayiş etdirdi”.
Anım mərasimində vaxtilə su təsərrüfatında çalışmış Cəbrayıl Xanməmmədovun faciə günü həlak olması, Xariz Alimov, İvan Proxorov, Kamil Həzrətquliyev, Təranə İmanova, Hüseyn Quliyevin yaralanması xatırlanıb.
Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Akif Məmmədov, şəhid Cəbrayıl Xanməmmədovun həyat yoldaşı Şövkət Xanməmmədova çıxış edərək şəhidlərimizin fədakarlığının gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsi olduğunu bildiriblər. Tədbirdə qeyd olunub ki, 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqına qarşı həyata keçirilmiş qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq.
Modern.az