Modern.az

Yerli banklar daha etibarlıdır, yoxsa “xarici”?

Yerli banklar daha etibarlıdır, yoxsa “xarici”?

İqtisadiyyat

20 Yanvar 2016, 20:24

Əslində, Azərbaycanda yalnız iki xarici bank var…

Əkrəm Həsənov,
IJS Hüquq Firmasinin direktoru, vəkil

Başlıqdakı sualı mənə son zamanlar tez-tez verirlər. Əksər hallarda əmanət yerləşdirmək üçün soruşmurlar. Hazırda bankda əmanət saxlamağın çox təhlükəli olduğunu artıq çoxları başa düşür (səbəblərini son dövrdə ətraflı izah etmişəm). Bir çox halda sadəcə pul köçürmək və ya pul almaq üçün soruşurlar. Qorxular ki, pulu köçürmə üçün verərlər, amma bank köçürməz, yaxud onlara pul köçürərlər, amma bank verməz (təəssüf ki, artıq belə hallar da var). Buna görə də soruşurlar ki, “bəlkə xarici banklarla işləyək”?

“Xarici bank” dedikdə insanlarımızın çoxu xaricdə yerləşən və fəaliyyət göstərən bankı deyil, xarici bankın Azərbaycandakı bölməsini ehtiva edir. Buna görə də ilk növbədə bu məsələyə aydınlıq gətirmək istəyirəm. Xarici banklar Azərbaycanda iki formadan birini seçməklə fəaliyyət göstərir: filial, yaxud törəmə bank. Xarici bank yalnız filialının öhdəlikləri üçün məsuliyyət daşıyır. Törəmə banka görə isə heç bir məsuliyyət daşımır.

Bizdə yalnız iki xarici bankın filialı var: Pakistan Milli Bankının və Bank Melli İranın.

Deməli, Pakistan Milli Bankı və Bank Melli İran Bakı filialına görə tam cavabdehdir. Amma yəqin ki, bu fakt həmin filialların müştərilərinin artmasına səbəb olmayacaq. Əvvəla, ona görə ki, tanınmış banklar deyil. Digər tərəfdən isə Pakistan Milli Bankının sözügedən filialı xeyli vaxtdır ki, heç 50 mln manat məbləğindəki kapital tələbinə riayət etmir. Üstəlik, dövlət rəhbərliyi səviyyəsində bu məsələdə ona güzəşt edilməsini xahiş edib.

“Xarici” kimi tanınan digər banklarımız isə əslində törəmə banklardır. Yəni xarici (əsasən Türkiyə və Rusiya) bank onları yaradıb, müəyyən sərmayə (kapital) qoyub, amma öhdəliklərinə görə (o cümlədən əmanətlərinə görə!) heç bir məsuliyyət daşımır. Buna görə də heç kəs düşünməsin ki, məsələn, Ziraat Bankda (Türkiyə kapitallı) və ya Bank VTB-də (Rusiya kapitallı) əmanəti varsa, yaxud onun vasitəsilə hər hansı əməliyyat aparırsa, Türkiyədəki Ziraat Bank və ya Rusiyadakı VTB bəd ayaqda onun qarşısında məsul olacaq. Qətiyyən yox! Bəd ayaqda sözügedən xarici bank sadəcə Azərbaycandakı törəməsini (bölməsini) bağlayıb deyəcək ki, mənlik deyil!

Buna görə də hər bir halda bankla işləməyə məcbursunuzsa, nəzərə alın ki, ölkədə ən etibarlı banklar dövlət banklarıdır (Beynəlxalq Bank və AzərTürkBank). Ona görə ki, dövlət onların öhdəliklərinə görə vətəndaşlar qarşısında məsuliyyət daşıyır. Təbii, məsuliyyət daşımaq o demək deyil ki, dövlət mütləq qaydada vəzifəsini dərhal icra edəcək. Pulu olsa, edəcək, olmasa, yenə də gözləməli olacaqsız. SSRİ-nin “Əmanət Bankı”ndakı əmanətlərin qaytarılmasını gözlədiyiniz kimi.

Digər meyar – bankın dərc etməli olduğu rüblük hesabatdır. Təəssüf ki, banklarımızın böyük əksəriyyəti bu hesabatları tam və ya qismən dərc etmir (yeri gəlmişkən, 2015-ci ilin 4-cü rübü üzrə hələlik heç biri dərc etməyib!!!). Belə banklara qətiyyən etibar etməyin. Onlarda qəpiyinizi də saxlamayın! Məsələn, elə yuxarıda xatırladığım Ziraat Bank nəinki hesabatları dərc edir, heç internet saytı da yoxdur. Beləsinə necə etibar edəsən? Nə olsun ki, Türkiyədə Ziraat Bank etibarlı və hörmətli bankdır?!

Hesabatını dərc edən bankın isə hesabatını təhlil etmək lazımdır. Özünüz edə bilmirsinizsə, mütəxəssisə müraciət edin. Bu halda, məsələn, biləcəksiniz ki, yenə də yuxarıda adıgedən Bank VTB çox ağır vəziyyətdədir. Beləsinə necə etibar edəsən? Nə olsun ki, Rusiyada VTB ikinci iri bankdır?! Düzdür, hazırda Rusiyada da VTB-nin vəziyyəti çox ağırdır. Bu baxımdan Rusiya kapitallı banklarımız ən təhlükəli banklardır indi. Çünki əmanətinizi Rusiyadakı ana bankına ötürə bilər və pulunuz sonra qayıtmaya bilər.

P.S. Təbii, salamatı banklardan uzaq durmaqdır! Bacarırsınızsa, belə də edin.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama