Modern.az

Yalan məlumat verən məmurlar necə cəzalandırılmalıdır? - AÇIQLAMA

Yalan məlumat verən məmurlar necə cəzalandırılmalıdır? - AÇIQLAMA

22 Yanvar 2016, 14:49

Yanvarın 21-də Bakının Nərimanov rayonunda yerləşən “Brizol” (“Briz-L”) göz klinikasında baş verən ölüm hadisəsi ilə bağlı mətbuat orqanlarında yayılan məlumatlar həmin klinika tərəfindən təkzib olundu.

Məlumatda 2010-cu il təvəllüdlü Yusif İbrahimovun əməliyyat masasında öldüyü bildirilirdi. “Brizol” klinikasının rəsmi nümayəndəsi isə yayılan məlumatı təkzib etdi. Bu gün yanvar ayının 22-də hüquq mühafizə orqanları tərəfindən verilən məlumatda faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlandığı bildirildi.

Klinika yalnız bundan sonra məlumatı təsdiqləmək məcburiyyətində qaldı.

Çünki, artıq “təkzib” üçün yer qalmamışdı. Məsələ burasındadır ki, bütün media nümayəndələri ilkin məlumat yayıldıqdan sonra onu dəqiqləşdirməyə, əlavə informasiya almağa çalışır. Bu halda məlumat mənbəyi qəsdən, bilərəkdən jurnalisti yanlış yönləndirir, ilkin informasiyanın yalan olduğuna dair məlumat verir. Beləcə məlumat təkzib olunmuş olur. Bu halda yanlış məlumat verən şəxsi hansı cəza gözləyə bilər?

Media eksperti, hüquqşünas Ələsgər Məmmədli Modern.az saytına deyib ki, bu, “KİV haqqında” qanunun tələblərinin pozulması anlamına gəlir:

“Bu halda İnzibati Xətalar Məcəlləsinə görə yalan, yanlış məlumat vermək və ya məlumat verməməyə görə məsuliyyət yaranır. Jurnalistlərin bununla bağlı hüquqları var ki, məlumat verilmədikdə yaxud doğru informasiya barədə yalan, təkzib verildikdə məhkəməyə müraciət edərək, həmin şəxsə qarşı maddi, mənəvi və mülkü məsuliyyət tələb etsin. Bu vaxt həmin məlumat mənbəyi mülki və inzibati məsuliyyətə cəlb edilə bilər”.

Hüquqşünas bildirib ki, rəsmi strukturlar (ictimai xidmət, iaşə, tibb sektoru və s.) informasiya vermədiyi və ya səhv məlumat verdiyi zaman məsuliyyət daşıyır:

“Zərərçəkən İnzibati Xətalar Məcəlləsinin 181-3 maddəsində - İnformasiya əldə etmək haqqında qanunvericiliyin pozulması tələbi ilə məhkəməyə müraciət etmək hüququndan istifadə edə bilər. Təəssüfləndiricidir ki, burada cərimələrin məbləği çox aşağıdır. Bununla bağlı maksimum müəyyən olunan müddəa hüquqi şəxs üçün 300 manat, fiziki şəxslər üçün 90 manatdır. Ona görə də bu müddəa effektiv deyil. İnformasiya sahibləri əsasən dövlət qurumları, bələdiyyələr, məhkəmələr yaxud sağlamlıq ocaqları və s. dir.

Məsələ burasındadır ki, Milli Məclis qanunvericilik formalaşdıran zaman xəsis davranır. Dövlət orqanları üçün çox cüzi miqdarda cərimə müəyyən edir. Praktikada jurnalistlər informasiya alınmasında çox problem yaşadıqları üçün dövlət qurumları bir növ qanunla qorunur. Əslində hüquqi şəxs, məsələn, Qeyri-Hökumət Təşkilatıdırsa, bu müddəaya görə 15 min manat cərimə olunur, amma dövlət orqanı 90 manat, maksimum 300 manat cərimələnir”.

Gülşən RAUFQIZI

 
Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza