Modern.az

Cəncəhim -V HİSSƏ - Fahişə Xoşbəxtin hekayəti

Cəncəhim -V HİSSƏ - Fahişə Xoşbəxtin hekayəti

24 Yanvar 2016, 11:58

Mahir Qabiloğlu

(FİNAL)

- Gördünmü, İnkir-Minkir, sizə də pis təsir etdi. O saat başa düşdünüz ki, bu təmiz məhəbbət deyil. Bu mənim “Fahişənin arzuları” hekayəmdən bir fraqment idi. Bir də ki, hansı abır-həyadan danışırsınız axı. Xristianlar heç olmasa ölüyə kostyum geyindirir. Bizim isə hamımızı fani dünyada çimdirib, lütləyib göndəriblər bura...

- Sən Allah, Qanlıgün müəllim, başqa sözün yoxdursa, ötürək səni Cəhənnəmə. Bir iş verək başını sal aşağı işlə.

- Nə? Neçə gündür danışdırırsınız, istədiyinizi eşitmisiniz. İndi əsas yerinə gələndə səsimi kəsmək istəyirsiniz? Danışmalıyam. İndi də eşitmək istəmədiklərinizə qulaq asın. Onsuz da Cəhənnəmliyəm. Heç nədən qorxum yoxdur. Bütün çılpaqlığıyla danışacağam. İyrənsəniz də, danışacağam. Sonacan danışacağam. Mənim ölümümə fərman verən bir fahişədən danışacağam. Akademikdən də ağıllı tərbiyəsiz qadından. Həyatın dibində çabalayan, lakin həyatın üzünə meydan oxuyanlardan danışacağam.

- Yaxşı, danış.

- İnkir-Minkir, qərara aldım ki, insan alverinin qurbanlarına yardım edim. Guya aldadılaraq xaricə aparılan, sonra pasportu əlindən alınanlara yox. İçərimizdə olan tərbiyəsiz qadınlara. Amma kontakt yarada bilmirdim. Bu sahədə elə də təcrübəm yox idi. Bir də ki, hansı qadın boynuna alar ki, tərbiyəsizdir. Hələ bir yardım da istəsin. İkinci də, nə yardım göstərəcəkdim ki, ona? Yoluq sədr, bir də qranta tamarzı QHT nə edə bilərdi ki?... Bacardığım yalnız o olacaqdı ki, problemi kökündən öyrənim, mətbuatda çıxış edərək ictimaiyyətin fikrini bu problemin həllinə yönəldim. Vəssalam. İndi, ay İnkir-Minkir, özün fikirləş, hansı tərbiyəsiz özünə  fahişə deyər ki, üstəlik ürəyini də mənə açsın?

Bu vaxt sevimli yazıçım Corc Simenon köməyimə çatdı. İnkir-Minkir, bilirsinizmi ki, o, “Komissar Meqre” silsilə romanlarını yaratmaq üçün nə edib? Düz iki il polis idarələrindən birində ordakı xəfiyyələrlə gecə-gündüz keşik çəkib. Materiallar yığıb. Sonra isə başlayıb yazmağa. Mən də bu yolla getməyə qərar verdim.

   Saytların birindən oxudum ki, hansısa barda əxlaqsızlıq yuvası açılıb. Axşam getdim ora. Zirzəmidə yerləşən bir obyekt idi. Qapısında mühafizəçi dayanmışdı. Gözümün içinə baxıb, məni diqqətlə süzdü. İçəri girdim. Gözlərim qamaşdı. Aman Allah, burda nə qədər qız var? Hamısı da biri-birindən gözəl. Bakıda yaşaya-yaşaya indiyə qədər bilməmişəm ki, barda belə qəşəng qızlar varmış. Keçib əyləşdim divanda. Onlardan biri mənə yaxınlaşdı:

-Nə içirsən?

- Sok, - deyə cavab verdim.

- Barda sok içərlər?

- Nəyiniz var?

- Pivə, redbul, çipsi, fistyajka.

- Pivə hansındandır?

- Xırdalan, EFES, Miller.

- Xırdalan neçəyədir?

- Dörd manat.

- Nə? Dörd manat? Bayırdakı mağazada bir manatdır, burda dörd manat?

- Bura bax, sən bura pivə içməyə gəlmisən?

- Burda başqa nə var ki?

   Ay İnkir-Minkir, bunu deməyimi görmüşdüm. Qız əl atdı sinəmə, sonra da şalvarıma, başladı hər iki əliylə əlləməyə.

- Qanlıgün müəllim, axı sizə dedik ki, təfərrüatlara çox da varmayın. Burda arvad-uşaq var.

- Pis nə dedim ki?

- Bundan artıq nə deyəcəksən ki? Məsələ aydındır da. Səni özündən çıxartmaq istəyirmiş o tərbiyəsiz.

- Yox e... Nə özündən çıxarmaq? Mən də əvvəlcə elə başa düşdüm. Hələ azca ehtirasa da gəldim. Amma ... sözümü kəsməyin. Arxasını danışıram:

- Ay qız, neyləyirsən? - deyə kənara çəkildim.

- Sən iki yüz faiz jurnalistsən. Cibinizə diktafon qoyub gəlib bizi danışdırırsınız. Sonra da aparıb qəzetdə verirsiniz. Bizi də gəlib tutub aparırlar, barı da bağlayırlar. Sizin qəzeti bağlasalar xoşunuza gələr? Özünüzü polisə aparsalar xoşunuza gələr? Əl çəkin də bizdən.

- Vallah, mən jurnalist deyiləm. Kənd uşağıyam. On dənə qoyunum vardı, balaladı. Mən də ikisini satıb gəldim şəhərə ki, bir az gəzim. Yerinizi də küçədə vizitka paylayan uşaqlar dedilər.

    Səsə mühafizəçi də gəldi. Hardan gəldi belə bir təqdimat dilimə, bilmirəm. Amma deyəsən, qanımın arasına girmişdi. Fahişə rahatlıqla ciblərimi yoxladı. Diktafon tapmayıb, rahatlaşdı. Daha doğrusu, pərt oldu. Günahını yumaq üçün soyuducudan pivə gətirdib qoydu qabağıma. Pul da götürmədi. Mühafizəçi də gedib qapının ağzındakı stulunda oturdu. Pivədən içə-içə başladım ətrafımdakılara nəzər yetirməyə. Mən tək idim. Nədənsə adam gözə dəymirdi. Siqareti yandırmaq bəhanəsiylə yanımda oturan xanımdan alışqan istədim.

- Nə əcəb sakitçilikdir. Kənddə danışmışdılar ki, barda vur-çatlasın olur.

- Orucluqdur. Bir ay belə olacaq. Kişinin uşaqları dindar olublar. Özlərini ac saxlayırlar, bizi də ac qoyublar. Məhərrəmlikdə də belə olur. Ona görə də çoxu hazırlıqlarını əvvəlcədən görür, ehtiyat pul yığırlar ki, bu ayda ac qalmasınlar. Səni də Allah yetirib. Keçək?

- Tələsmə. Hələ seçirəm.

- Nə seçirsən? Məndən qəşəngini tapacaqsan? Oğlanlar ölür e.. mənimçün.

    Cavab vermədim. Qız da məndən bir hay görməyib aralanıb yanındakı qıza sığındı. Pah atonnan, demə, dini mərasimlər təkcə toy biznesinə yox, fahişələrin bazarına da təsir edirmiş. Sakitçilik idi. Yanımda oturanların söhbətini aydın eşidirdim. Amma kimdən başlayacağımı, nə sual verəcəyimi bilmirdim. Ona görə də pivədən içə-içə qulaqlarımı şəkləmişdim. Maraqlı idi mənim üçün fahişələrin söhbəti:

- Səadət, neçə günün qalıb?

- Nə Səadət? Sənə deməmişəm ki, məni adımla çağırma?! Eşidərlər. Axırıncı dəfə deyirəm. Mənim adım Veneradır.

- Niyə hirslənirsən ki? Burda heç kim yoxdur, axı. Bir sənsən, bir də mən.

- Bəs o oğlan?

- O çoban adamdır. Kənddən gəlib. Üst-başını görmürsən?

- Dəxli yoxdur. Birdən bizim kənddən olaydı. Belə deyirəm ki, birdən çaşıb başqalarının da yanında deyərsən.

- Yaxşi, demərəm. Narahat olma. De görüm, neçə gün qalıb?

Səadət gülümsədi. Əvvəlki hirsindən əlamət də qalmadı. Azca hələ bir naz da etdi:

- Bir gün.

- Xoşbəxt adamsan, vallah.

- Elə danışırsan ki, elə bil sən bədbəxtsən. İki gündür başlamısan da... Nə olub?

- Yox e... Səadət. Bağışla, bilmədim. Venera, ilk iki günüm altı-bazara düşdü. Ona görə də yaman yoruldum. Burnumdan gəldi o üç gün. Elə bil ki, heç olmayıb...

- Mən isə bilirəm bu üç günü nə edəcəyəm.

- Nə edəcəksən? Danış da... maraqlıdır.

- İlk günü yataqda sərələnib qalacağam. Yatacağam elə-belə. İkinci günü isə uşaqlara söz vermişəm. Aparacağam Bulvara. Əllərini hansı attraksiona uzatsalar, mindirəcəyəm. Sonra katerdə dəniz gəzintisinə çıxacağıq. Kafedə dondurma, pirojna yeyəcəyik. Sonra gələcəyik Torqovıya. Yaxşı pizza verirlər orda. Kolayla ləzzət edir. Kinoya da girəcəyik. Daha doğrusu, uşaqlar girəcək. 6D-dir, nədir... ona. Mən bir dəfə girmişəm, yaman qorxmuşam. Ertəsi gün isə yır-yığış edəcəyəm. Uşaqların dərsləriylə maraqlanacam. Evdə ustalıq bir-iki iş var. Onları gördürəcəm. Vəssalam. Üç günüm belə qurtaracaq. Sonra yeni qüvvəylə işə qayıdacağam.

- Heyf ki, üç gündür. Bax Laura çox xoşbəxt adamdır. Onda “istirahət” yeddi gün çəkir.

Bu zaman yaşlı, saçları sarı rəngə boyanmış, dodaqları qırmızı pomadalı bir qadın onlara yaxınlaşır.

- Venera, neçə gün qalıb?

- Bir gün, Roza xala.

- Zəhirmar Roza xala. Min dəfə sənə demişəm ki, mənə Roza xala demə. Mən Mamayam, sizin mamanız. Bildin? Bunu birdəfəlik qulağında sırğa elə.

- Başüstə. Bir də demərəm, Mama. Bir günüm qalıb.

- İşləyəcəksən?

- Yox. Necə işləyim ki? Kritik günlərimdir, axı?

- Nə olsun? Başqa cürə bacarmırsan ki?

- Yox. Mənim iki oğlum var. Onları hər axşam qucaqlayıram, öpürəm. Bacarmaram.

- Oxşamadın da Lauraya. Bir gün evdə qalsa bağrı çatlar.

- Mama, onun uşaqları yoxdur, ona görə.

- Yaxşı, sən deyən olsun. Bir müvəqqəti “zamena” taparıq sənə.

Mama stoluna yaxınlaşıb əyləşir. Qabağındakı jurnalda nəsə qeydlər edir. Bu dəm salona ayaq üstə güclə dayanan iki nəfər daxil olur.

- Bura haradır? – deyə sual verirlər.

- Qapıda yazılanı görmədiz?

- Gördük.

- Bəs niyə soruşursunuz?

- Elə-belə. Mırt tuturuq.

- Bura bax, mırtı get evdə arvadınla tut. Bildin? Bura ciddi zavedeniyadır. Durun voobşe basın bayıra. Oxrana!

Səsə qoluzorlu mühafizəçi gəlir. Sərxoş kliyentlərin qolundan tutub atır bayıra.

- Ay Xoşbəxt, qorxuram da hər dəfə içəri adam girəndə.

- Hələ məni demirsən. O saat fikirləşirəm ki, polislərdir.

- Polislərə görə yox e...

- Bəs nəyə görə?

- Qorxuram ki, birdən kəndimizdən olar. Tanışlardan, qohumlardan.

- Nədən qorxursan e? Burda kefindən işləmirsən ki? Vallah, qeyrətli qızsan. Kişidən də qeyrətli. Ər atıb gedib. İki uşaqla qalmısan. Özü də ki, oğlan uşaqları. Anan da rayonda, özü də ki, xəstə. Sənin də bir arxan, təhsilin, savadın yox. Neyləməlisən ki? Hamısını çatdırırsan, maşallah. Kirayənin pulunu da verirsən, ailənə də baxırsan, hələ bir anana da pul göndərirsən. Bundan artıq nə etməlisən ki?

- Yox. Özümə haqq qazandıra bilmərəm. Gərək vaxtında oxuyaydım. İndi bu günə düşməzdim.

- Oxuyub nə olacaqdın ki? Müəllimə? 150-200 manata ailə dolandıra biləcəkdin ki? Ya da ki, həkim. Bir də bilirsən nə var? Bu dünyada hərə bir yerini satır. Fəhlə gücünü, alim ağlını, müəllim biliyini, artist ruhunu, müğənni səsini. Biz də haramızı?

- Yaxşı, bəsdir. Ayıbdır.

- Venera, böyüyəndə qızımı oğluna alarsan?

- Yox.

- Niyə?

- Mən oğlanlarıma təhsil verirəm, oxutdururam ki, böyük adam olsunlar. Yaxşı yerdən də evlənsinlər. Sənin qızını neyləyirəm. O gün feysbukda oxumadın? Anası gəzən ağacı, balası budaq-budaq gəzər.

- Podumayeş, minnətin olsun. Özü də orda “balası” yazılıb, “qızı” yox. Hələ bilmək olmaz mənim qızım kim olacaq. Sənin oğlanlarını bəyənəcək, ya yox?

Gülüşürlər. Sonra ortaya sükut çökür. Nəzərlər qapıya dikilir. İçəri isə heç kim girmir.

- Mama, heç gələn yoxdur. Axırımız necə olacaq? Saat 10-a da az qalır. Cibimiz də boş.

- Ay qızlar, elə bil ki, birinci gündür işləyirsiniz burda. Bilmirsiniz ki, sezon deyil? Orucluqdur. Bir ay qapıdan gözünüzü çəkin. Kişilər oruc tutur. Nəfslərini boğmağı öyrənirlər. Günahlarının bağışlanmasını istəyirlər.

- Allah qəbul eləsin.

- Amin.

- Mən də bir dəfə oruc tutmuşdum. Elə yaxşılaşmışdım ki... Lap 18 yaşlı bakirə ev qızına oxşayırdım. Mama, görəsən Məhərrəmlik nə vaxt girəcək?

- Gələn il. İndidən qara gününüzə pul saxlayın. Yay vaxtı da çalışın ki, kliyentlərinizi əldən buraxmayasınız. Amma eşidəm biləm ki, birbaşa evdən getmisiniz, ayaqlarınızı qıraram. Bura gəlin. Qoy gəlib burdan götürsünlər sizi. Bizim də haqqımızı versinlər. Həm də bilək ki, kiminlə gedirsiniz. Maşının nömrəsini yazaq. Aparıb öldürüb eləyərlər, qanınız batar. Birdəfəlik başa düşün. Bura sizin iş yerinizdir.

- Əcəb işdir.

- Bir az o boş başınızı işlədin də... Siz olmasanız kişilər nə edər? Bir də ki, işiniz pisdir ki? Xaricdə sizlərə ən qədim peşə sahibi deyirlər. Göz qabağındasınız da, a bədbəxtlər. Bəxtiniz üzdədir. Gözünüzün qabağında neçəsini ərə vermişəm burdan, hamısı da xoşbəxtdir. Evdə otursaydınız, kim sizi görəcəkdi ki, hələ bir bəyənsin də? Tərbiyəli, təmiz qızı oğlan toy gecəsi lüt görür, sonra da məlum olur ki, fiqurası qəşəng deyilmiş, tüklü imiş, filan əyər-əskiyi varmış. Hələ qız çıxmamağını, “tikdirməyini” demirəm. Siz isə maşallah, hamınız gözəl-göyçək. Buraya da kefinizdən düşməmisiniz a... Çörək pulunun xətrinə gəlmisiz də. Ay qızlar, sizə bir söz deyimmi?

- De, Mama.

- Bax, neçə ildir bu sahədəyəm, bircə dənə də normal, professional azərbaycanlı fahişəyə rast gəlməmişəm. Amma digər millətlər superdirlər. Hələ armyankaları demirəm. Heyf onlardan. Bu işi yaxşı bacarırlar. Bilirsinizmi niyə?

- Niyə?

- Çünki bizim millətin qanında fahişəlik yoxdur. Bizimki odur ki, ərə gedək, evdə oturaq, uşağa baxaq, bozbaş bişirək. Ər də qazansın, gətirsin, yeyək. Bildiniz?

Qapı açılır. Qızlar sevincək nəzərlərini qapıya yönəldirlər. O saat da üz-gözləri turşuyur.

- Bu hardan gəldi e? Ay qardaş, orucluqdur, bazar kasaddır, pulumuz yoxdur. Get , başqa vaxt gələrsən.

- Pulunuz yoxdur? Eybi yox, borca yazaram. Yaxşı mini yubkalarım, göbəyi açıq koftalarım, seksualnı corablar var. Nə istəsəniz var. Götürün, pulunu sonra verərsiniz.

- Qorxmursan atarıq sənə?

- İnanmaram. Heç vaxt inanmaram. Çünki siz də mənim kimi çörəyə çıxmısınız. Bir də ki, adamın təki alacağı olsun...

- Yaxşı, göstər görək nəyin var.

- Hər şey.

Qızlar bir az bazarlıq edirlər. Pulunu da borc dəftərinə yazdırırlar.

- Qızlar şam vaxtıdır. Növbə ilə yeməyə gəlin. Zal boş qalmasın. Kliyentin gələn vaxtıdır.

Qızlar üç-üç qonşu otağa keçirlər. Yeməklərini başa çatdırıb, dişlərini fırçayla təmizləyib yenidən zala qayıdırlar.

- Yenə də sağ olsunlar, gündə iki dəfə yeməyimizi verirlər. Yoxsa evdəkilərin boğazından kəsməli olacaqdıq.

- Xoşbəxt, hələ sən gecəni də burda qalırsan. Day kirayə haqqı-zad da vermirsən. Nə olsun ki, zirzəmidir.

- Düz deyirsən. Oyy... – qız əliylə qarnını tutub başını dizlərinə yaxınlaşdırır.

- Nə oldu, Xoşbəxt.

- Heç... deyəsən eroziyam var. Bədən nə qədər sürtülər axı. Ginekoloqa gedim gərək. Həkimə də gedirsən adama elə iyrənə-iyrənə baxır ki, durub qaçmaq istəyirsən. Az qalır dörd dənə əlcəyi üst-üstdən geyinsin. Ağzına dörd dənə namordnik salsın.

- Neyləsin, qorxur da... O qədər xəstəlik var ki? Ev qadınıdır da. Xəstələnsə ailəsi də dağılacaq. Onda taqsır görmə.

- Kişi ginekoloq da yoxdur ki, yanına gedəsən. Necə deyərlər - həm ticarət, həm ziyarət.

Gülüşürlər. Birdən Venera əlini qarın nahiyəsinə tutur.

- Venera, nə oldu?

- Deyəsən, başladı, Xoşbəxt.

- Belə tez?

- Hə. Mamaya demə. Yoxsa cərimə yazar. Üç-dörd saatım qalıb.

- Birdən kliyent səni seçsə? Onda neyləyəcəksən?

- Bir şey fikirləşərəm. Amma sən dinmə.

Səadət divana dirsəklənir. Ayaqlarını ayaqlarının üstünə qoyur.

- Səadət,... Venera, necəsən?

- Yaxşıyam, Xoşbəxt.

- Nə qəribə ad qoyublar e bizə. Nə sən səadət nə olduğunu bilirsən, nə də mən xoşbəxtçiliyin. Bədbəxt qoysaydılar adımızı, bəlkə də xoşbəxt olardıq.

- Gic-gic danışma. Bu necə olardı ki? Təsəvvür elə, ərin sənə deyir ki, Bədbəxt, aşqım, mənə yemək ver. Pis səslənir axı.

- Guya ki, elə demirdi gorbagor? Cümləsinin əvvəli də, sonu da “ay bədbəxt” idi də. Gorbagor hələ bədbəxt qızı bədbəxt də deyirdi.

- Aaz, bəsdir, elə demə. Allah rəhmət eləsin deyərlər.

- Nə rəhmət. Məni bu günə o salmadımı? Burda kişi axtarıram ki, altına yatam. Nədir, nədir evə 10 manat pul qazanacağam.

- Ağ eləmə də. 10 manat nədir?

- Venera, sən özünə baxma. Sən qəşəngsən, təzəsən. Hələ təravətini itirməmisən. Kliyentin də çoxdur. Amma mənə şortı deyir kişilər.

- Vay, öldüm.

- Nə oldu?

- Heç. O gün bir pəzəvəng kişi var idi ya. Yadındadır?

- Hə.

- Bax, onun spermasıdır töküldü. Bir az təmizləndim. Vay.

- Məzən olsun. Yavaş. Mama Roza eşidər. Ağrın çoxdursa sitramon verim.

- Yox, ay qız. Əksinə sevinirəm. Oy!!!!! Bu da ogünkü türkün spermasıydı çıxdı.

- Bəsdir də... Məzələnmə mənimlə. İndi bu ay kiminlə olmusan, hamısını bir-bir sadalayacaqsan? Amma yaddaşın yaxşıdı ya... Hamısını yadında saxlayırsan. İndi üç gün onları sayacaqsan?

- Niyə də saymayım? Xristianlar kilsəyə gedib günahlarını danışıb bağışlanmaqlarını diləyirlər. Mən isə ayda üç gün bununla məşğul oluram. Oy! İndi də maşın yuyan var e, moyşik, onunku töküldü. Əminəm, üç günə hamısı tökülüb gedəcək. Qanım bütün günahlarımı yuyacaq.

- İnşallah, Venera.

- Xoşbəxt, görəsən xristian olsaydıq, kilsəyə gedib günahlarımızı danışsaydıq, keşiş nə günə düşərdi, hə?

- Gicləmə. Adam dinlə zarafat eləməz. Nə olsun ki, başqa dindir? Allahımız birdir.

 Saat 12-ni vurur. Səadət ayağa durub paltarını dəyişir. Bu dəm taksi şoferlərindən biri zala daxil olur.

- Venera, hazırsan?

- Hə.

- Gedək?

- Qızlar, mən getdim. Üç gün olmayacağam. Gedirəm günahlarımı tökməyə.

- Hamısını tök a... Birdən gələn ay kliyentin çox olar, bədənində yer boşalt.

- Çalışaram, qızlar, çalışaram.

- Venera, aybaşın mübarək!

- Mübarək içində olasınız, qızlar!

   Mən də pivəmi içib, barı tərk etdim. Bir az küçədə durub qızların ayrı-ayrı taksilərə mindiyini müşahidə etdim.

 Səhəri gün yenə axşam gəldim ora. Elə vaxt gəldim ki, bağlanmağa yaxın olsun. Məqsədim o idi ki, hansıylasa yaxın təmas qurum, sonra onu evə ötürüm, söhbətləşim. Mənə lazım olan informasiyanı alım. İçəri girdim. Oturdum. Yenə sakitçilik idi. Təkcə musiqinin sədaları pozurdu sükutu. Disko musiqi çalınsa da heç kəs oynamırdı. Hərənin əlində bir telefon vardı. Hamısı da bahalı idi. Biri nəsə mesaj yazır, o biri oyun oynayır, digərisə qulaqcığı qulaqlarına tıxayıb gözünü yumaraq divana sərələnmişdi. Mənə dünənkindən fərqli olaraq heç fikir verən də yox idi. Mənsə görməmişliklə qızlara baxır, öz “ovumu” seçirdim.

Metroların ağzında, digər yerlərdə də tərbiyəsiz qızlar açıq-aşkar gəzər, kafe-çayxanalarda “kliyent” axtarışıyla lövbər salıb oturardılar. Amma burdakılar tam başqa təsəvvür bağışlayırdılar mənə. Elə bil kimdənsə gizlənirdilər, çəkinirdilər, utanırdılar. Utandıqlarından yerin dibinə - zirzəmilərə doluşmuşdular. Bütün gündüzü burda olurdular. Yalnız gecə, hamı yatandan sonra üzə çıxırdılar. Onda da taksiyə minib harasa gedirdilər. Bunlar rusların ad verdikləri “noçnıe baboçki” – “gecə kəpənəkləri” – deyildilər, “yarasalar” idilər. Gün işığından kor olmuşdular, zülmətə qapanmışdılar.

Müşahidəmi davam etdirirdim. Vaxtı uzatmaq xatirinə artıq ikinci pivəni alıb qurtum-qurtum içirdim. Qızlar da hərdənbir gözlərini telefondan ayıraraq mənə zilləyər, hər hansı bir əks reaksiya görmədikdə yenidən bu həyatda yeganə həmdəmləri olan telefonla oynamağa başlayardılar.

Onlardan biri isə heç nə etmirdi. Sadəcə fikrə gedib, barın bir küncündə divana qısılmışdı. O biri qızlara da qarışmırdı. Üzünə o qədər pudra-pamada çəkmişdi ki... Saçlarını da əndrabadi düzəltmişdi. Əynində mini ətək, arxası, sinəsi açıq köynək vardı. Bu, dünən məni jurnalist zənn edib üstümü axtaran qız idi. Düzü, zənnində yanılmamışdı da... Ona yaxınlaşmağa qərar verdim:

- Salam.

- Salam.

- Niyə tək oturmusan?

- Heç. Podruqam üç günlük gedib istirahətə. Mən də tək qalmışam.

- Keçək?

- Hə. Şərtləri bilirsən də...

- Yox. Birinci dəfədir ki, gəlirəm. Kənd uşağıyam.

- Hə, bilirəm. Dünən səni jurnalist zənn etmişdim. Qoyun otaran…

Qız qəşş eləyib özündən getdi. Mən də başımı aşağı salıb üzümə qırmızılıq verdim. Guya ki, utandım. Handan-hana özünə gəlib:

- Yaxşı, yarım saat 40 manat, bir saatı 50 manat. Keçirsən?

- Hə. Bir toğlunun pulu eləyir də...

- Doğurdan da, çobansan ki, çoban. Hər şeyi qoyunla hesablayırsan.

İçəri keçdik. Qız yatağa mələfə saldı. Məni üzüqoylu uzadıb əllərini belimdə oyan-bu yana gəzdirməyə başladı. Sanki sığallayırdı. Bir gözü də saatdaydı. Beş dəqiqə keçməmiş:

- Hə, indi də gəl olaq. Şərtləri bilirsən də... Yalnız prezirvativlə.

- O nədir? – deyə özümü qoyunluğa vurdum.

- Qoyunun içalatından cız-bız bişirirsən?

- Hə.

- Ona bağırsaq qatırsan?

- Hə. Bağırsaq qatmadınsa, day nə ləzzəti?

- Bu da elə bağırsağa oxşar bir şeydir.

Ay İnkir-Minkir, mən bilirdim  prezervativ nədir. Sadəcə özümü sadəlövh, heç nədən başı çıxmayan kənd uşağı kimi aparırdım ki, qızın ürəyinə girə bilim. Duyuq düşsəydi ki, şəhər uşağıyam, jurnalistəm – işlər korlanacaqdı.

- Hə, tez elə. İndi Mama qapını döyəcək.

- Sənin adın nədir?

- Xoşbəxt.

- Nə qəşəng adın var.

- Qəşəng günün olsun. Niyə məni seçdin? Hə? Məndən də qəşəngləri var.

- Nəsə səndən xoşum gəldi.

- Birdən vurulub eləyərsən a... mənə?

- Hardan bildin?

- Bəxtəvər başıma. Bircə çoban ərim çatışmırdı.

- Nəyi pisdir ki, çobanların. Hər səhər sənə təzə süd, qaymaq, nehrə yağı, təndir çörəyi yedizdirəcəyəm. Təmiz dağ havası udacaqsan, bulaq suyu içəcəksən. Yoxsa ki, qəşəng qızsan, rəngin-rufunsa sapsarı.

- Nə? Qız? Ha-ha-ha. Doğurdan vurulmusan mənə, yoxsa dolamısan məni?

- Həqiqi sözümdür.

Qızın qaqqanağı balaca otağı götürdü. Elə ürəkdən gülürdü ki... Əslində ehtirasdan uçunub getməli, ya da artistlik edib ah-uf nalələri aləmi götürməliydi. Amma sanki bunların heç biri baş vermirdi. Mən də, o da cismən erotik aləmdə olsaq da, ruhən başqa bir aləmdə idik. Yenə avamlığıma salıb:

- Gəl, işini qurtarandan sonra gedək bir yerdə oturaq. Yaxından tanış olaq. Kənd uşaqları yaman tərifləyirlər “Pizda”nı. Görən nə olan şeydir? Ömrümdə yeməmişəm. Görəsən harda yaxşı “Pizda” verirlər? Səni də ürəyin nə istəsə qonaq edərəm.

Qızın gülüş səsləri yenə də otağı bürüdü. Sakitləşir, amma bir anlıq yenə “pizda?” deyib təzədən qəşş eləyirdi. Az qalırdı ki, ürəyi yerindən çıxsın. Altımda ehtirasdan yox, gülməkdən çırpınmırdı. Deyəsən, “avamlığım”  çox xoşuna gəlmişdi. Digərlərindən fərqlənirdim.

- “Pizda” yox e... “Pizza”. “Pizda” pis sözdür. Bildin? Tərbiyəsizin biri tərbiyəsiz.

Mən qızın bu sözünə dözməyib mexaniki olaraq “Ay qəhbə, sən mənə tərbiyəsiz deyirsən?” söylədim. Bilmədim hardan gəldi dilimə bu söz. Qızın bir anlıq sifəti dəyişdi. Məni əliylə itələyib yataqdan durğuzdu. Paltarını geyindi. Bir anlıq qorxdum. Düşündüm ki, gedib Mamaya şikayət edəcək, o da seküritiyə göstəriş verəcək. O da bir-ikisini çəkib, məni qolumdan tutub bayıra atacaq. Tələsik paltarlarımı geyinməyə başladım. Otaqdan çıxanda qız üzünü mənə tutaraq:

- Sən mənə qəhbə dedin?

- Yox...- deyə qorxudan sözümü danmağa başladım.

- Dedin, dedin... Amma yadında saxla. Qəhbə olsaydım bəxtəvər başıma.

Qız sözü deyib otaqdan çıxdı. Mən də əl-üzümü yudum. Saçımı daradım. Otaqdan çıxanda digər qızlar mənə baxıb pıqqıldaşmağa başladılar. Düzü, başa düşmədim gülməklərinin səbəbini. Sonra anladım ki, Xoşbəxt çıxan kimi “pizda” məsələsini onlara da danışıb. Bu an Mamanın da səsi gəldi:

- Xoşbəxt, tez hazırlaş. Çobanın çıxdı. Gedin “pizda” yeyin. Bizə də gətirməyi yaddan çıxarmayın.

Bunu eşidən qızlar yenidən gülməyə başladılar. Geyinib-soyunma otağının qapısı açıldı. Ordan bir qız çıxdı. Düzü, güclə tanıdım Xoşbəxti. Üzünü yumuşdu. Saçını səliqəylə arxadan yığmışdı. Əynində cins şalvar, idman ayaqqabısı, uzunqol köynəyi vardı.

- Çoban, getdik qəhvəxanaya, pizza yeməyə.

Qızlar Xoşbəxtin sözünə yenə gülüşməyə başladılar.

- Nə dedim ki, gülürsünüz. Təmiz Azərbaycan dilində danışıram da. Qəhvəxana, yəni ki, kafe. Pizza da pizzadır da. Yəqin ki, başa düşdünüz...

Xoşbəxt sanki podiumdakı model kimi yenidən barın o başına addımladı. Divara çatanda yüz səksən dərəcə çevrildi. Yenidən qızların qabağıyla fors verə-verə mənim yanıma gəldi. Qoluma girərək:

- Qızlar, mən kişimlə getdim gəzməyə. – dedi.

Zirzəmidən çıxdıq. Saat on bir idi. Barın qapısında taksilər iki sıra düzülmüşdü.

- Xoşbəxt, bu qədər taksi burda niyə gözləyir ki?

- Bizim qızları gözləyirlər. Hərəsinin öz şoferi var.

- Belə çox qazanırsınız ki?

- Ay Çoban, özün başa düş. Gecə saat 12-dən sonra metro da işləmir, avtobus da. Evlərinə necə getsinlər bu bədbəxtlər? Evdə bir başıpapaqlısı da yoxdur ki, arxalarıyca gəlsin. Hamısı oğraş çıxıblar.

- Sərnişin nəqliyyatı idarəsinə şikayət edin ki, bəs avtobuslar beşəcən işləməlidir, niyə işləmir?

- Yəni deyirsən ki, məktub yazaq və altından bütün fahişələr də ad-familiyalarıyla qol çəksinlər, hə? Bura bax, bura bax. Sən çoban adam hardan bilirsən ki, şəhər nəqliyyatı səhər saat beşəcən işləməlidir, hə? Səhərdən aferistlik edirdin?

- Yox, yox, gündüz avtobusda danışırdılar, mən də orda eşitdim.

  Deyəsən, quş buraxmışdım. Jurnalistliyim özünü biruzə vermişdi. Xoşbəxt qoluma girmişdi. Yox, iki əli ilə qoluma girib bərk-bərk qucaqlamışdı. Elə bil ki, qaçacaqdım. Yaxşı ki, gecəydi. Adam da az idi. Bir tanış-qohum qabağıma çıxsaydı, arvada çatdırsaydılar - vay halıma. Beləcə, gəlib çıxdıq metronun yanındakı kafelərdən birinə.

- Çoban, burda yaxşı pizza verirlər. Özü də ki, ucuzdur. İki dənəsini sifariş ver. Özü də böyüyündən. Yanında koka-kolası da olsun. Birini karton qabda versinlər.

Xoşbəxt dediyi kimi də elədim. Sifariş hazır oldu. Düzü yaman acmışdım. İştahla yeyirdim. Xoşbəxt isə bir dilimi güclə yedi.

- Çoxdandır məni kafeyə dəvət edən olmamışdı.

- Dəvət edən yoxdur – özün gəl.

- Belə ləzzət eləmir. Hamı əriylə, nişanlısıyla, atasıyla çıxır gəzməyə. Mən də həsədlə baxıram onlara. Paxıllığım tutur. Pis oluram.

 Xoşbəxt yemədiklərimizi də o biri karton qaba yerləşdirdi. Kafedən çıxdıq. Söhbəti hardan, necə başlayacağımı bilmirdim.

- Xoşbəxt, hara gedirik?

- Bara.

- Bara niyə, gəl gəzişək, sonra da səni taksiylə evə ötürərəm.

- Hansı evə?

- Yaşadığın evə.

- Ay rəhmətliyin oğlu, mənim evim var? Barda yaşayıram. Bir də ki, eşitmədin Mama nə dedi? Onların da pizza payını çatdırmalıyam. Özü də tez qayıtmalıyam ki, obyekti bağlasınlar.

- Lap yaxşı. Onda belə edərik. Qızlar gedər. Mən də gözləyərəm. Əl-ayaq yığışan kimi açarsan qapını gələrəm.

- Sənin başın xarabdır? Mənə açar verən kimdir? Qapını o yandan bağlayırlar. Səhər də gəlib açırlar.

- Bəs zirzəmidə havasızlıqdan boğulmursan? Bir də ki, yanğın...

- Bura bax, bundan yaxşı təklifin var? Başqa evlə təmin edə bilərsən məni?

- Yox.

- Onda az danış. Mən çatdım. Pizzalara görə də çox sağ ol.

Ay İnkir-Minkir, Xoşbəxtdən ayrıldım. Amma nə hazırladığım sualları verə bildim, nə də cavab aldım. Amma, hiss edirdim ki, mən deyən adamdır. Bu yola keyfindən düşməyib. Hər şeyi də gözəl anlayır, gözəl başa düşür. Sadəcə dilini açmalıydım. Təzədən gedib girdim bara.

- Qızlar, çoban yenə də gəldi. Cibin dolu olsun, ay çoban, ağzımız dada gəldi. – deyə Mama birinci dilləndi.

- Sağ ol, çoban qardaş. Pizza çox dadlı idi. Gündə sənin kimi çox yox, iki kliyentimiz olaydı– deyə qızlar da ona qoşuldu.

- Hələ bu harasıdır? – deyə cavab verdim. - Mən hardan biləydim ki, iki pizza və koka-kola yarım qoyunun qiymətinədir. Elə yarım cəmdək gətirib sizin üçün kabab bişirtdirərdim də... ağzınız da ləzzətə gələrdi.

- İnşallah, çoban. Bəlkə Xoşbəxti alasan, bizi də kəndinizə qonaq aparasan?

Cavab vermədim. Susdum. Başımı aşağı saldım. Guya ki, utandım. Mama gəlib yanımda oturdu. Ürəyimi oxumuş kimi:

- Deyəsən, çobanın gecələməyə yeri yoxdur. Hə?

- Hardan bildiniz?

- Bunu elə mən bilməliyəm də... Başqası hardan bilsin ki? Harda yetim-yesir var bizə üz tutur. Düzdür, mən qadınlara himayə dururam, o da öz könülləri olanda. Amma sənə isklyuçeniya edərəm. Xoşum gəldi səndən. İstəyirsən gecəni qal burda. Divanı verirəm sənə. İçki də xolodilnikdə. Xoşbəxt də ki, yanında. Day bundan artıq nə istəyirsən? Zaurun “Onun yarısı” verilişində sevənləri çay süfrəsinə göndərirlər. Mən də səni bar süfrəsinə qonaq edirəm. Bəlkə bir şey alındı sizdə. Xoşum gəldi səndən. Sadə oğlansan. Bu cür qızlara elə sənin kimilər yiyə çıxır.

- Lap yetimxana direktorları kimi danışdız e...

- Düz deyirsən. Bunları da ailələri atıb, qalıblar çöllərdə. Belə baxma – hamısı ailə qızı olublar. Elə mən özüm də. Baban sağdır?

- Hə.

- Nənən durur.

- Yox. Ölüb.

- Nə yaxşı, nə yaxşı. Gələn dəfə gələndə onu da gətirərsən. Bəlkə xoşuna gəldim. Adam paxıl olmaz. “Arşın mal alan”da demişkən: “Bir molla, üç manat pul, bir kəllə qənd”. Çoban, adam nə deyər?

- Allah xoşbəxt eləsin. Babamın altı dənə inəyi var. Onları sağa bilərsən?

- Niyə sağmıram. Bura girən kişiləri “sağa” bilirəm, indi sən deyirsən Allahın dilsiz-ağızsız heyvanlarıyla bacara bilməyəcəyəm?

- Nə deyirəm ki, Allah xoşbəxt eləsin.

Mamanın da xoşuna gəlmişdim. Barın bağlanmaq vaxtı idi. Qızlar tez paltarlarını dəyişib bir-bir yuxarı qalxmağa başladılar. Sonda Mama çıxıb arxasınca dəmir qapını kilidlədi. Qaldıq ikimiz – mən və Xoşbəxt.

Divanda yerimi rahatlayıb oturdum. Yaman havasızlıq idi. Yaxşı ki, ventilyator işləyirdi. Xoşbəxt də gəlib yanımda əyləşdi. Sonra isə uzanıb başını dizimin üstünə qoydu. Üzümə tamaşa etməyə başladı.

- Çoban, doğurdan mənə vurulmusan, yoxsa lağ edirsən?

- Doğurdan. Amma səni heç tanımıram. Bircə onu bilirəm ki, adın Xoşbəxtdir.

- Sən heç olmasa bunu bilirsən. Mən heç sənin adını da bilmirəm. Eləcə çoban deyirik.

- Adım Mehmandır.

- Mehman, yəni ki, qonaq. Gəldi-gedər. Heç xoşum gəlmədi adından. Çoban ondan yaxşıdır. Mən səni çoban çağıracağam.

- Çobanın mehmandan nə fərqi var ki? Onlar da tərəkəmədir - bir gün qışlaqda, bir gün yaylaqda, üç ay da yolda.

- Yox, elə demə. Çobanlar təmiz insanlar olur. Sadəlövh yox, sadə olurlar. Çünki insanları az görürlər, onlarla az təmasda olurlar. Ona görə də saflıqlarını qoruyub saxlaya bilirlər. Gördükləri bir itdir, bir canavar, bir də ki, mal-qara. Qatıb qabağına aparır. Yoxsa ki, biz. Şəhərdə bizi mal-qara ediblər. Qatıblar qabaqlarına otarırlar, ətimizi yeyirlər, canımızı, qanımızı, ruhumuzu sovururlar. Çoban isə azaddır. Dağların qoynunda, alaçıqda bir şahdır. Hər şey onundur. Nə hasarı var, nə qıfılı. Gəzdirdiyi silaha da heç kim ilişmir. Heç vətəndaş kimi də tanımırlar. Çünki özü özünə qanundur. Ondan alaçığının qapısından gedib dəyər-dəyməzinə mal alıb, gətirib bazarda iki qat, üç qat bahasına satırlar.

- Xoşbəxt, sən lap filosof kimi danışırsan e...

- Filosof yox, mən filoloqam. Danışmaq da ki, sənətimdir. Diplomum da var.

- İnstitut qurtarmısan?

- Hə.

- Xoşbəxt adamsan. Mən isə çobanam. Sadəcə - çoban. Nəinki ali təhsilim, heç attestatım da yoxdur.

- Ali təhsilli olub neyləyəcəkdin ki? O bayırda dayanan taksi şoferləri var e... hərəsinin iki dənə diplomu var. Amma məcburdurlar ki, hər gecə yuxularına haram qatıb bizi evə aparsınlar. Eləsi var heç evə də getmir. Fahişəni otuzdurur maşında bütün gecəni gəzir. Kliyent tutanda həm də “mədəni xidmət” təklif edir. Hələ küçədə bir- iki zavod çörəyinə, dərman puluna çıxan “mat odinoçka”ları demirəm. Gündüz çıxmağa utanırlar. Uşaqlarını yatızdırıb sonra fəaliyyətə başlayırlar. Səninsə, çoban, bunlardan xəbərin yoxdur. Elə olmasa yaxşıdır.

- Bayaq sənə qəhbə deyəndən sonra, yaman qorxdum. Qorxdum ki, indi üz-gözümü cırmaqlayacaqsan. Amma  “qəhbə olsaydım, bəxtəvər başıma” dedin. Niyə?

- Ay çoban, neyləyirsən axı? Bu söhbətlərin başını burax. Gül kimi çobansan. Gəl sevgi-məhəbbətdən danışaq.

- Nə olar de də...

- Başa düş, mən fahişəyəm, qəhbə deyiləm. Anladın?

- Başa düşmədim. İkisi də eyni şey deyil ki?

- Ay çoban, neçə yaşın var?

- 45.

- Sən bu yaşa çatmısan, hələ də qəhbəylə fahişənin fərqini bilmirsən?

- Mən elə bilirdim ki, ikisi də eyni şeydir?!

- Nə qoyun adamsan sən? Yəni bu qədər avamsan? Yoxsa özünü artistliyə qoymusan? Bax, fahişə pula gedəndir, qəhbə kayfa. Başa düşdün?

- Yox.

- Yəqin eşitmisən də... deyirlər ki, filankəsin arvadı qəhbəlik edir, amma demirlər ki, fahişəlik edir. Çünki pula görə çıxmır. Əri impotentdir, ya da oğraş. Təmin edə bilmir onu. O da başlayır birini tapıb gəzməyə. Bura biri düşmüşdü. Danışırdı ki, “uşaqları qoyurdum dərsə, girirdim evimizin yanındakı dükana. Bir subay cavan satıcı vardı. Səhər müştəri olmadığından tez dükanı bağlayırdı. Elə arxa otaqdaca işimi görürdü, rahatlanırdım”. Bax, çoban, buna deyərlər qəhbəlik. Heyf deyil kiminsə məşuqəsi olasan, səni saxlaya, gəzdirə, ev ala, maşın ala, lap gec-gec gəlsin, amma bircə onun olasan. Lap arvadı kimi. Qəhbəyə heç olmasa qadın kimi baxırlar, fahişə isə əşyadır. Bazarda satılan əşya.

- Ay Xoşbəxt, bildim. Deməli, babam danışan düz imiş, hə?

- Nə danışıb ki? Danış mən də bilim.

- Heç kimə deməzsən ki?

- Yox.

- Deməli, babam sürünü yayıb dağın ətəyinə, özü də hündür bir yerdə oturub nəzarət edirmiş. Bu dəm bir dənə xarici maşın gəlir dayanır bunun yanında. Satdıq toğlu soruşurlar. Babam da deyib ki,  var. Onlardan biri cibindən 500 dollar çıxarıb uzadıb babama. Xahiş ediblər ki, həm quzunu kəsib soysun, həm də soyutma, kabab müxtəlif yeməklər bişirtdirsin. Yanında da motalı, qatığı, təndir çörəyi, bulaq suyu təşkil etsin. Bir sözlə, yaxşı bir süfrə açsın. Babam da razılaşır. Başlayır nənəmlə tədarükə.

- Bəs bayaq Mamaya deyirdin ki, nənəm ölüb?!

- O vaxt hələ ölməmişdi, sağ idi. Yerə xalça salırlar. Samovar çayı qoyurlar. Süfrə sərirlər. Nimdarlar düzürlər. Bu iki qonaq da gətirdikləri arağı, pivəni maşından çıxarıb sərin yerə qoyur. Babam bunlara yaxşı qulluq eləyir. Bunlar da yeyib-içəndən sonra başlayırlar bir-biriləriylə söhbətə:

- Hə qardaş, məktəb qurtaran kimi arvad-uşağı göndərmişəm Antalyaya, ordan gediblər Kiprə, indi də Monteneqrodadırlar. Üç aydır başım sakitdir. İstədiyim vaxt evə gəlirəm, istədiyimi edirəm. Sən hara göndərmisən evdəkiləri?

- Mənimkilər böyükdürlər. Elə ilimiz on iki ay xaricdədirlər.

- Kefdəsən ki...

- Görürsən də... İmkanlı olmağın da belə müsbət tərəfləri var.

Babam da qonaqlara çay süzürmüş. Birdən bunların babamla məzələnməyi tutur. Başlayırlar ki, ay çoban, sən arvadı bu yay hara göndərmisən? Babam cavab vermir. Amma bunlar da əl çəkmirlər. Axırda babam nə desə yaxşıdır?

- Nə?

- Deyir ki, heç yana göndərməmişəm. Elə buralarda özüm işini görmüşəm.

Bunu eşitmişdi ki, Xoşbəxt qəşş eləyib özündən getdi. Handan-han özünə gəlib:

- Nə deyib amma. Otuzdurub e yerlərində bunları. Bax, səni öpürəm. Mmmmmaaççç. Sən də gedib mənim bu dodaqlarımla babanı öpərsən bu sözlərinə görə.

   İnkir-Minkir, əslində babamın dilindən dediyim anekdot idi. Amma işimə yaramışdı. Rəvayət düzəltmək, söz almaq qabiliyyətim özünü göstərirdi. Xoşbəxti yavaş-yavaş mum edirdim. Amma yenə də istədiyimi almamışdım.

- Xoşbəxt, deyəsən zəhlən gedir varlı adamlardan, hə?!

- Nə? Zəhləm gedir? Sən nə danışırsan? Zəhləm gedir nədi? İmkanım ola, bax, bu əllərimlə parçalayaram onları. Qanlarını içərəm. Üstlərinə nöyüt töküb yandıraram. Həzz alaram. Kam alaram.

- Niyə axı? Neyləyiblər sənə. Onlar da əvvəllər bizim kimi kasıb olublar da... Sonra bəxtləri gətirib... neyləsinlər - gəlib sənin kimi kasıb olsunlar?

- Var-dövlətlərinin mənə nə dəxli?  Sağlıqlarına qismət. Özlərini yaxşı aparsınlar. Özləri yaxşıdırlar e... övladlarına tərbiyə verə bilmirlər. Ara yerdə...

   Xoşbəxt sözünü yarımçıq qoydu. Nəzərləri bir nöqtəyə dikildi. Dodaqları əsməyə başladı. Rəngi-ruhu ağardı.

- Xoşbəxt, ay Xoşbəxt! Xoşbəxt, eşidirsən məni?

- Hə.

- Nə oldu sənə. Niyə əsirsən? – bunu deyib Xoşbəxtin başını qucaqladım. O da məni bərk-bərk qucaqlayıb hönkürməyə başladı. Ağladı-ağladı, sonra sakitləşdi.

– Bəlkə danışasan, nə olub sənə?!

- Uzun əhvalatdır.

- Hara tələsiriy e... Mama indicə gedib. Onsuz da səhər 10-dan tez gəlməyəcək. Danış ürəyini boşalt.

- Yaxşı, danışaram. Amma heç kimə demə ya...

- Söz. Heç kimə demərəm.

İnkir-Minkir, Xoşbəxtin axır ki, dilini açdım. Danışmağa başladı. Təki dilini açmayaydım. Bu, mənim həyatımın bağışlanmaz səhvi və sonu oldu:

 - Ay çoban, məktəbi təzə bitirmişdim. İnstituta hazırlaşırdım. Kəndimizdə ali məktəbə girənləri barmaqla göstərirdilər. Mən də bu arzuma nail oldum. Özünü tərifləmək olmasın – qəşəng qız idim. Elçilərim də qapımızda hazır idi. Amma atam da sağ olsun, mənə qahmar çıxdı. Elçilərə “mənim qızım ali təhsil almalıdır, sonra baxarıq” deyib geri qaytarırdı. Bakıya gəldim. Yataqxanada yer götürdüm. Bütün diqqətimi dərslərimə vermişdim. Yaxşı da oxuyurdum. Stipendiya da alırdım. Düzdür, oğlanlardan nəzər yetirəni olurdu. Amma elə bir sifət alırdım ki, yaxınlaşmağa belə cürət etmirdilər. Beləcə, birinci kursu başa çatdırdım. İkinci kursa keçəndə sevincimin həddi-hüdudu yox idi. Xalam qızı da mən oxuduğum filologiya fakültəsinə daxil olmuşdu. Yataqxanada bir otaqda qalırdıq. O da yaxşı oxuyurdu. Dərsə bir gedib, bir gəlirdik. Kitabxanada bir yerdə hazırlaşırdıq. Fakültəmizdə qızlar çox idi. Hamısı da gözəl. Təsadüfi deyildi ki, fakültəmizin adı gəlinlər fakültəsi çağrılırdı. Başqa fakültələrdə oxuyan oğlanlar tez-tez bizim mərtəbəmizə gəlirdilər. Ailə həyatı quranlar da çox olurdu. Tarix fakültəsində bir tələbə oğlan vardı. Hündürboy, yaraşıqlı. Son dəblə geyinirdi. Köynəyinin qollarını dirsəyinəcən qatlayırdı. Lap türk seriallarındakı zadəgan oğlanlara bənzəyirdi. Bahalı xarici maşını da vardı.

Auditoriyadan çıxanda dəhlizdə tez-tez rastlaşırdıq. Qızlar da onu görəndə pıçapıç düşürdü. Düzünü desəm, mənim də xoşum gəlirdi onun xarici görünüşündən. Üzdən də mələksima idi. Amma sadəcə xoşum gəlirdi. Hərdən xarici maşınıyla yanımızdan keçəndə siqnal verərdi. Yanında da balacaboy oğlan olardı. Həmişə bir yerdə gəzərdilər. Başqa qızlar onları görəndə gülüşsələr də, mən öz ciddiliyimi itirmirdim. Mən tərbiyəli ailənin uşağıydım. Atam mənə inanıb şəhərə tək buraxmışdı. Hələ xalam qızını da mənə tapşırmışdılar. Mən etimadı doğrultmağa gəlmişdim, üstəlik etibarı da itirə bilməzdim. Əsas fikrim dərslərimdəydi.

 Üçüncü kursda oxuyanda həmin oğlan lap tez-tez görünməyə başladı. Üçüncü kursun axırında dərsdən sonra mənə yaxınlaşdı:

- Salam.

- Salam.

- Mənim adım Azaddır. Tarixdə oxuyuram. Üçüncü kursda. Səninlə tanış olmaq istəyirəm.

Qızardım. Nə cavab verəcəyimi bilmədim. Tez xalaqızının qoluna girib ordan uzaqlaşdım. Üç gündən sonra hadisə yenə də təkrarlandı. Bu dəfə Azada heç salam da vermədim. Qaçıb auditoriyaya girdim. Tələbə dostlarım da mənə birtəhər baxırdılar. Hələ bir-ikisi mənə “başı xarab, o cür oğlan bununla tanış olmaq istəyir, bu isə forsundan cırılır” deyirdi. Mən isə bu sözləri qulaqardına vururdum.

Artıq Azad hər gün fakültəmizə gəlirdi. Zəng vurulanda auditoriyanın qapısında peyda olardı. Heç nə demirdi. Sadəcə dayanıb baxırdı. Baxışlarının ağırlığını hiss edirdim. Hara gedirdimsə, qarabaqara izləyirdi məni. Amma dəxli yoxdur, yaxına buraxmırdım onu. Daha doğrusu, tək tuta bilmirdi məni. Amma günlərin bir günü xalam qızıyla gedəndə qabağımızı kəsdi:

- Niyə tanış olmaq istəmirsən mənimlə? Üç ildir göz qoyuram sənə. Xoşum gəlir səndən. Sevirəm səni.

Ömrümdə belə sözlər eşitməmişəm. Xəcalətimdən az qalırdım ki, yerə girim. Özüm də bilmədən əlimdəki çantamı digər tələbələrin gözü qabağında çırpdım Azadın başına və üzümü iki əlimlə tutub ağlaya-ağlaya qaçdım ordan. Xalam qızı da arxamca.

- Xoşbəxt, ay Xoşbəxt, məni qoyub hara qaçırsan?

- Yataqxanaya. Görmürsən nə deyir? Tərbiyəsizin biri, tərbiyəsiz. Ağlı başqa qızlara gedib deyəsən.

- Bəlkə doğurdan sevir?

- Qələt eləyir, başını daşa döyür. Sevən belə etməz. Elçi göndərər, həri alar. Biz belə görmüşük. Bunun isə ağlı başqa qızlara gedib. Yaxınlaşıb yolun ortasında ki, bəs sevirəm səni. Qələt eləyirsən sevirsən. Başıvı daşa döyürsən.

- Yaxşı, Xoşbəxt, əsəbiləşmə. Bizim kənddə nə deyirlər? Qız ağacı, qoz ağacı, hər gələn bir daş atar. Fikir vermə, vəssalam.

Ertəsi gün dərsə qorxa-qorxa gəldim. Qorxurdum ki, Azad hansısa ağacın dalından peyda olacaq. Çantamı əlimdə hazır saxlamışdım. Amma yaxşı ki, yol boyu qabağıma çıxmadı. Auditoriyaya girdik. Birinci dərsdən sonra tənəffüsə çıxdıq. Amma Azad yox idi. İkinci dərs də belə, üçüncü də... Bütün günü gözümü mazol eləyib bitərdi qabağımda. Amma indi görünmürdü. Hirsim soyumamışdı. Məmnuniyyətlə çantamı bir dəfə də vurardım başına.

 Dərsdən sonra xalaqızıyla kitabxanaya getdik. Kitab oxuya-oxuya fikrim qapıdaydı. Gözləyirdim ki, indi içəri girəcək. Mən də sifətimə acıqlı ifadə verib kitabxananı tərk edəcəyəm. Amma o görsənmirdi. Düzünü desəm, mən onu görmək belə istəmirdim. Amma özümdən asılı olmayaraq gözlərim onu axtarırdı. Yaxınlaşsaydı, əks həmlələrim də hazır idi. Ürəyimdə məşq də etmişdim. Ona layiq sözlərim də hazır idi. Amma Azad yox idi. Ertəsi gün də belə oldu. Gözə görünmədi. Axı niyə yoxa çıxmışdı? “Qorxağın biri qorxaq, çıx da qabağıma, abırını alım, büküm ətəyinə. Sən də başa düş ki, tərbiyəli qıza sataşmağın, sevirəm deməyin axırı necə olur”. Bu fikirlər beynimi qarışdırırdı. Dərsdə qərar tuta bilmirdim. Tez-tez saata baxır, zəngin çalınmasını səbirsizliklə gözləyirdim ki, dəhlizə çıxım.

 Ay İnkir-Minkir, Xoşbəxt ayağa durub dizləri üstündə oturdu. Əl-qol hərəkətləriylə danışmağa başladı. Otağın ala-qaranlığında işıq saçan gözləri, danışdıqca az qalırdı ki, həlqəsindən çıxsın. Məni də ovsunlayıb həyatının o çağlarına aparmışdı. Əllərini əlimə aldım. Sanki bakirə qız kimi titrəyirdi, çırpınırdı.

Ay çoban, - deyə Xoşbəxt sözünə davam elədi, - Azad isə görünmürdü. Artıq qızğınlığım da soyumuşdu. Ürəyimdəki kin-küdurət, nifrət də yox olmuşdu. Amma ki, o yoxa çıxmışdı. Beləcə, on gün keçdi. Artıq istəyirdim ki, tarix fakültəsinə qalxam. Bəlkə çantanı bərk vurmuşam, başı yarılıb?! Ya da ki, beyni silkələnib. Bircə üzünü görmək istəyirdim ki, ürəyim sakit olsun. Lap elədiyim hərəkətə görə üzr də istəməyə hazır idim. Amma bircə görəydim onu.

Nəhayət, günlərin bir günü pilləkənləri enərkən Azadla üz-üzə gəldim. Balaca boy oğlan da yanındaydı. O da məni gördü. Amma üzünü yana çevirib, düz keçdi. Alnında balaca çapıq vardı. Bəlkə də mənim çantamın zərbindən yaranmış çapıq idi. Bəlkə də yox. Hardan biləydim ki... Bilsəydim ki, mənim ucbatımdan olub, üzr istəyərdim. Həmin gündən Azadı az-az görürdüm. Amma mənə çəpəki də baxmırdı. Digər qızlarla durub söhbət edəndə, zarafatlaşanda özümü pis edirdim.

- Xoşbəxt, buna qısqanmaq deyirlər.

- Axı sevmirdim onu. Necə qısqana bilərdim ki? Amma deyəsən cücərtilər

baş qaldırıbmış. Bir müddətdən sonra Azadın yanındakı oğlan xalam qızı Dilbərlə tənəffüs zamanı söhbətləşməyə başladılar. Əslində onların yaxınlaşmasına mane olmalıydım. Amma Azaddan bir xəbər bilmək üçün buna göz yumurdum. Deyəsən, xalaqızının da oğlandan xoşu gəlmişdi. Hər söhbətdən sonra Dilbərin auditoriyaya qayıtmasını gözləyirdim. “Nə danışdınız?”, “nə dedi?” soruşurdum. Amma özümlə bağlı bir cavab olmurdu. Artıq xalam qızı da məndən uzaqlaşırdı. Azadın dostuna yaxınlaşırdı. Demə, o da Azadın xalası oğluymuş. Adı da Elşən idi. Bir qrupda oxuyurdular. Günlərin bir günü Dilbər dedi ki, biz kinoya gedirik, sən də gəl, məni tək buraxma. Razılaşdım. Xalam qızını tək buraxmaq istəmədim. Günorta seansı olduğundan zalda adam az idi. Arxa sıralarda oturduq. Birdən yanımdakı oturacaqda kimsə əyləşdi. “Bu boyda boş zalda yer tapmadılar oturmağa?” deyə ürəyimdə donquldandım. Bu an xalam qızı qulağıma astaca pıçıldadı ki, gör yanında kim oturub? Üzümü o tərəfə çevirdim. Azad idi. Kino necə qurtardı bilmədim. Kinoteatrdan çıxanda Dilbərlə Elşən qabaqda, biz isə arxada addımlayırdıq. Hərdən bizə tərəf dönüb bic-bic gülürdülər də. Amma ciddiliyimi yenə də saxlayırdım. Azad da dinmirdi. Amma danışmağını çox istəyirdim. Günlərin bir günü istədiyim oldu.

- Xoşbəxt, mənim səndən xoşum gəlir.

Yenə üzümə ciddi görkəm verdim.

- Xoşu gələn adam deməz. Elçilərini göndərər, “həri” alar, sonra istədiyi qıza yaxınlaşar. Bizi belə öyrədiblər, biz belə görmüşük.

- Mən razı. Günü sabah elçiliyə gələrəm qapınıza.

- Necə yəni “gələrəm”?

- Xoşbəxt, başa düşürsənmi, mən səni istəyirəm. Amma atam, anam bibim qızını almaq istəyirlər mənimçün. Onlara dedim ki, bəs mənim başqa istədiyim var. Razı olmadılar. Bilirlər ki, ötkəməm. Dediyimi edəcəyəm. Ona görə də dedilər ki, get evlən. Amma bizim xeyir-duamız olmayacaq. Mənim də hər şeyim var – evim, bağım, maşınım, bankda pulum. Sərbəstəm. Əgər razı olsan özüm gələrdim qapınıza elçiliyə.

Başqa əlacım qalmadı. Razılaşdım Azadla. İyirmi bir yaşı olmasına baxmayaraq özünəgüvəni məni ona daha da bağlayırdı. İnanırdım ki, bu cür insanla mənə heç vaxt çətin olmayacaq. Vurulmuşdum Azada. Yay tətilinə çıxdıq. Dostlarıyla üç maşın doluşub gəldilər kəndimizə. Adı elçilik idi. Amma nişana bənzəyirdi. Bahalı nişan üzüyü, tortlar, şirniyyatlar, səbətlər, xonçalar, çemodanlarla pal-paltar, fransız ətirləri. Ömrümdə belə şeylər görməmişdim. Atam, anam da çaş-baş qalmışdı. Bilmirdilər ki, nə desinlər. “Həri” verilməmiş Azad üzüyü barmağıma saldı. Pərt olmuşdum. Axı qarşılığında mən üzük tədarükü görməmişdim. Amma uçmağa qanadım yox idi. Xalaqızı da uçurdu. Bilirdi ki, bu cür nişan onu da gözləyə bilər.  Anamla, atamın isə üzü gülmürdü. “Ay bala, mən adam tanıyanam. Bu qudurmuş adama oxşayır. Heç “hə” deməyimi də gözləmədi. Üzüyü taxdı barmağına” deyirdilər. Anam isə tez məni arxa otağa çağırıb soruşdu ki, birdən başıxarablıq eləmiş olaram a... Yəni ki, bakirəyəm, ya yox? Dedim ki, narahat olmayın. Qızınız sizin papağınızı yerə soxmaz.

Nə isə, tətili başa vurduq. Qayıdanda anam dönə-dönə tapşırdı ki, Azadla tək heç yana çıxmayım. Xalaqızı həmişə yanımda olsun.

  Dərsə qayıdanda tələbə dostlarım məni tanımadılar. Onsuz da gözəl idim. Azadın aldığı paltarlar məni daha da şık göstərirdi. Fransız parfümümün ətri bütün auditoriyanı götürmüşdü. Qızlar mənə həsədlə baxırdılar. “Düz deyirlər e... qızın gərək baxtı olsun. Qismətində varıymış da...” deyirdilər. Azadla da sözləşmişdik ki, dördüncü kursun sonunda toy edək. Əvvəl rayonda qız toyu, sonra isə şəhərdə kampaniya.

Günlərin bir günü Azad məni öz bağına aparmaq istədi. Bir şərtlə razı oldum ki, xalamqızı da gəlsin. Etiraz eləmədi. Öz maşınında arxamızca yataqxanaya gəldi. Xalası oğlu da yanındaydı. Bağa girəndə ağzım açılı qaldı. Kinolarda görmüşdüm belə mənzərəni. Basseynin qırağında süfrə açılmışdı. İki nəfər bizə qulluq göstərirdi. Azadla xalası oğlu çatan kimi soyunub özlərini atdılar basseynə. O yan-bu yana üzüb çıxıb qurulandılar. Qurulanıb tez köynəklərini geyindilər. Sonra süfrəyə əyləşdilər. Qulluqçu süfrəyə nəlbəkidə duz gətirdi. Sonra da podnosda soyuqdan şehlənmiş balaca qədəhlər. Azad əvvəlcə qədəhin ağzını duza batırdı. Sonra kəndimizin arvadları pambığa gedərkən başlarına qoyduğu panamaya bənzər qapağı olan, üstündə əndrabadi sözlər yazılan butulkanı açdı. İçindəkini qədəhə süzdü. Limondan dilimləyib qədəhin başına keçirtdi. Xalası oğluna verdi. Birini də özü üçün düzəltdi. Sonra isə sol əlini yumruqlayıb, baş və işarə barmağının pərçiminə bir çimdik duz tökdü. Xalası oğlu da belə etdi. Ofisiant da bizim badələrə meyvə şirəsi süzdü, içinə buz atdı. “Xanımların sağlığına” deyib toqquşdurdular. İçkini içib, barmaqlarının üstündəki duzu yaladılar, üstündən də limonu yedilər. Nəsə maraqlı gəldi mənə. Xalam qızı isə dözmədi, soruşdu:

- O nə idi içdiyiniz?

- Tekila. Meksikanski içkidir.

- Nə qəribə adı var. Acıdır, yoxsa şirin?

- Ətirlidir. Limonla-duz da xüsusi tam verir. Ləzzətli içkidir. Adamı məst edir. İçirsinizmi? – deyə Azadın xalası oğlu soruşdu.

- Spirtli içkidir? – deyə soruşdum.

- Hə.

- Onda yox.

“Yox” desəm də, maraqlı gəlmişdi mənə bu içki. Araq, pivə içən görmüşdüm. Amma Azadın tekilanı xüsusi həvəslə, zövqlə, şövqlə hazırlaması mənə ləzzət eləyirdi. Mən “yox” desəm də, Dilbərin ağzının suyu axırdı. Azadla Elşən isə ikinci badəni də hazırlayıb içdilər. Üçüncüdə isə Azad bizim üçün də tədarük görüb, qabağımıza qoydu.

- Biz içmirik. - deyə etiraz etdim.

- İçməyin. Kim sizə deyir ki, için. Sadəcə bizimlə toqquşdurun.

Elə də etdik. Toqquşdurduq. Amma Dilbər badəni əlindən yerə qoymadı. Bu an Azadın xalası oğlu öz içkisini içib qədəhini yerə qoyduqdan sonra yenidən əlinin üstünə duz tökdü. Xalam qızının dodaqlarına yaxınlaşdırdı. O da nə etsə yaxşıdır? Tekilanı başına çəkib, oğlanın əlinin üstündəki duzu yaladı, sonra da limonu yedi. Sanki böyük bir qəhrəmanlıq edibmiş kimi:

- Budur spirtli içki? Heç bunda acılıq yoxdur ki?! Boğazımı qıdıqlayıb keçdi. Xoşbəxt, sən də iç, dadlıdır.

Mən isə içmədim. Xalaqızıya mane olmaq istəsəm də gecikmişdim. İçkinin dadı mənə də maraqlıydı. Amma özümü saxlayırdım. Növbəti sağlıqların birində Azad da Elşən kimi əlinə duz töküb mənə uzatdı. Etiraz edə bilmədim. İçdim. Duzu da Azadın əlindən yaladım. Doğurdan da dadlıydı. Dilbər  isə çoxdanın içəni kimi tekilanı dalbadal ötürürdü. Özü də ki, duzu öz əlindən yox, Elşənin əlindən yalamaqdan xüsusi həzz alırdı. Artıq stulları da yaxınlaşmışdı. Hər ikisinin gözləri axırdı. Hətta xalaqızı qolunu oğlanın boynuna salmışdı. Özündə deyildi. Mən də xoşbəxt idim. Uçunurdum. Şam yeməyindən sonra Azad məni bağıyla tanış etdi. Bağda ömrümdə görmədiyim Aşqabad ofçarkası, tovuzquşu, turac, kəkliklər vardı. Hələ ayı balasını demirəm. İkimərtəbəli villanın balkonundan dəniz aydın görsənirdi. Qaranlıq düşmüşdü. Göyün üzü tərtəmiz idi. Ulduzlar sayrışırdı. Azad arxadan məni qucaqlamışdı. Uçunub gedirdim.

   Ay çoban, detallara varmaq istəmirəm. Gecəni bağda qaldıq. Səhər oyananda isə iş-işdən keçmişdi. Başa düşdün? Yoxsa bunu da açıq deyim?

- Başa düşdüm.

Səhər oyanıb həyətə düşdüm. Xalaqızını axtarırdım. Qulluqçu yatdığı otağı göstərdi. Qapını açdım. Yatmışdı. Çiynini tərpətdim ki, oyadım. Durdu. Örtüyü üstündən atanda gördüm ki, lütdür. Mələfənin üstündə də qan ləkələri.

- Bu nədir?

- Qan.

- Nə qan?

- Qan da... Yəqin ki, başlayıb. Mən də xəbər tutmamışam.

- Mən də qorxdum. Elə bildim ki...

Dilbər ayağa durdu. Birdən ufuldadı. Amma əliylə qarnını tutmadı. Yenidən çarpayıya oturdu. Alnını soyuq tər basdı. Mənə baxdı. “Sən get, mən əl-üzümü yuyub gəlirəm” dedi.

Azadla xalası oğlu hovuzun ətrafında oturmuşdular. İkisi də gülürdü. Yaxşı süfrə açılmışdı.

- Xalaqızı hanı? Gəlin nahar edək. Yoxsa dərsə gecikərik.

Bu dəm Dilbər evin qapısından çıxıb bizə tərəf addımlamağa başladı. Addımları qısalmışdı, qarış-qarış gəlirdi. Sanki tumanını doldurmuş uşaq təəssüratı bağışlayırdı. Üzündən hiss edirdim ki, ağrıyır. Amma biruzə vermək istəmir. Bir təhər gəlib süfrə arxasına oturdu. Yeməyə əlini də uzatmadı.

- İçkidən sonra adam səhərlər belə olur. Buna “poxmel” deyir ruslar. Bir azdan düzələcək.

Şəhərəcən Dilbər bir söz də demədi. Oğlanlar isə deyib gülürdülər. Mən isə arxada oturub xalamqızının əllərini əlimə almışdım. Bumbuz idi. Başını çiynimə qoymuşdu. Axşamkı şadyanalığından əlamət də qalmamışdı. İndiki vaxtım olsaydı, o saat başa düşərdim. Amma avam kənd uşağıydım.

Bağdan dərsə yox, yataqxanaya getdik. Çarpayıya uzatdım. Çay gətirdim, ayağını ovuşdurdum. Zənn edirdim ki, aybaşını çətin keçirir. Ertəsi gün vəziyyəti ağırlaşdı. Tez təcili yardım çağırdıq. Xəstəxanaya apardılar. Azad da özünü çatdırdı. Həkimlərlə danışdı. Dedilər ki, “qorxulu bir şey yoxdur. Sadəcə yoğun bağırsağında çat əmələ gəlib. Tələbə adamdır, sulu yemək yemir. Nə qədər quru yemək olar. Cavan adamsınız özünüzə fikir verin”. Üç-dörd gündən sonra isə xalaqızını evə buraxdılar. Rayona xəbər verməyimi də istəmədi. Amma keyfi də açılmırdı. Dərslərindən də qalırdı. İki-üç ay belə keçdi.

Günlərin bir günü gəlib gördüm ki, qan qusur. Çarpayının da yanında uksus turşusunun boş qabı. Təcili yardım gəlsə də kömək edə bilmədi. Xalam qızı öldü. Daha doğrusu, xalam qızı özünü zəhərləyib öldürdü. Həkimlər tez polislərə xəbər etdilər. Onlar gəlib meyiti yardırmağa apardılar. Üzərində zorlanma halı aşkar etmədilər. Bir-iki dəfə məni, rəfiqələrini dindirəndən sonra işə xitam verdilər. Mənə də çatmadı ki, bu qız özünü niyə öldürdü. Bir parça kağız da yazıb qoymamışdı. Səbəb nə idi?

Qaldım tək. Azad da yavaş-yavaş məndən soyuyurdu. Əvvəlki münasibətimiz qalmamışdı. Xalasıoğluyla da rastlaşanda ağzı qulağının dibinə gedirdi. “Tarix”in oğlanları məni görəndə hələ söz də atırdılar. Azadı tez-tez başqa qızlarla görürdüm. Mən yaxınlaşanda onları qucaqlayar, sanki mənə acıq verərdi. Mən də qısqanclığımdan partlayırdım. Qrupumuzda bir qız vardı. Yüngülxasiyyətə oxşayırdı. Onunla da cikkildəşməyə başlamışdı. Günlərin bir günü nə etsə yaxşıdır? Qızı koridorun ortasında, hamının gözü qabağında qucaqlayıb öpdü. Yaxınlaşıb hər ikisini itələdim. Dönüb nə eləsə yaxşıdır? Azad şilləni qulağımın dibinə necə vurdusa, sərələndim yerə. Mən də buna dözməyib barmağımdakı nişan üzüyünü çıxardıb, hamının gözü qabağında atdım üstünə. Dedim yəqin ayılar. Heç vecinə də almadı. Heç nə olmamış kimi üzüyü yerdən götürüb qoydu cibinə, qızı da qoltuğuna vurub getdi. Qrup yoldaşlarım məni ayağa qaldırıb auditoriyaya apardılar. Yaman pərt olmuşdum. Amma inanırdım ki, Azad qayıdacaq. Elədiyi hərəkətə görə üzr istəyəcək. Yenə də bir yerdə olacağıq. Vədələşdiyimiz kimi, dördüncü kursun sonunda toy eləyib evlənəcəyik. Bir ay keçdi, amma Azad yaxınlaşmırdı. Əksinə, ətrafındakı dostları yaxınlaşır, onlarla restorana getmək təklifi edirdilər. Azada şikayət edəndə vecinə də almırdı. “Artıq subay adamsan. Hamının gözünün qabağında üzüyü də qaytardın. İndi məndən nə istəyirsən, axı? Ürəyin nə istəyir edə bilərsən. Mənə dəxli yoxdur.” deyirdi. Vaxtımdan da keçirdi. Çoban, bunu da izah edim? Yoxsa bilirsən?

- Başa düşmədim.

- Yəni ki, Azaddan hamiləydim. Amma hamıdan gizlədirdim. İkinci ayımda bunu Azada da dedim.

- Götür pulu, get abort elə. Mənim hər gəzdiyim qızdan bir uşağım olsaydı, gərək çoxdan uşaq bağçası açaydım.

- Axı biz nişanlıydıq.

- Nə nişanlı? Bu, bir oyun idi, oynadıq qurtardıq. Düzdür nişana-zada bir az xərcim çıxdı. Amma sənin fiqurana dəyərdi. Bomba şeysən. Xalan qızı da yaman şey idi. Amma heyf ki, bakirəliyini ala bilmədim. Başqa cürə işini gördüm. Arxası da pis deyildi.

Sonra Azad cibindən nişan üzüyünü çıxarıb:

- Bilirsən nə ayağı yüngüldür bu üzüyün? Bilirsən nə qədər təmiz qızı tora salmışam bununla? Hamısı da təmizlikdən dəm vururdu. Bir söz deyəndə çantanı başıma keçirirdilər. Atalarıyla, analarıyla qorxuzurdular məni. Amma bu üzüyü barmaqlarına taxandan sonra inanırdılar. Özləri quzu balası kimi gəlib girirdilər yatağıma. Könüllü surətdə. Bakirəliklərini heç uf demədən hədiyyə verirdilər mənə. Mən də keyfimi çəkirdim, bezəndəsə atırdım. Ayrılmaqlarına isə özləri səbəb olurdular. Sənin kimi hamısı üzüyü çıxarıb çırpırdılar təpəmə. Özü də ki, hamının gözü qabağında. Sonra da peşman olurdular. Geriyəsə qapılar bağlı olurdu. Gileylənəndə də ətrafı deyirdi ki, “özü yıxılan ağlamaz. Özün-özünə elədin də...” Ona görə də dinmirdilər. Bu bədbəxtlər elə bilirdilər ki, üzük taxıldı – qurtardı. Hər şey etmək olar. Əksinə, bununla oğlanı özlərinə lap çox bağlayırlar. Uşağa qalsaydılar, toyu tezləşdirə də bilərdilər. Ölmüşdü Xankişi. O köhnə qanunlar idi. O vaxt kişilik qanunları işləyirdi. İndi isə həyatın öz qanunları var. Müasir dünyanınsa müasir kişiləri bizik. Uşağa qalmısan? Abort elə. Ərə getmək istəyirsən? Toydan bir gün qabaq gəl, aparım həkimə oranı tikdirim. Nə ərin xəbər tutsun, nə yengə - bakirəlik qanı da ki, ürəyin nə qədər istəyir. Danışmaq istəyirsən? Ağzını pulla bağlayım. Ağzını bağlamırsansa dilini kəsim. Budur müasir qanunlar. Köhnə qanunlar işləmir. Lap ayağını bir başmağa dirə. Denən ki, almalısan məni. Problem yoxdur. Gedək ZAQS-a, qanuni nigaha girək, üç aydan sonra da boşayım səni. Qəhbəliyini rəsmiləşdirim. Buraxım başını - get. Ay Xoşbəxt, bu bəzi varlı kişiləri başa düşmürəm e... Yüz əlli qram ətə görə bakirə qıza ev alırlar, maşın alırlar, hətta toy edib başqa bir oğlanı pulun gücünə qəhbənin yanında da otuzdururlar. Gəlsin başa salım da onları. Xərclədikləri də nə olacaq ki? Bir nişan üzüyü, pal-paltar, bir də ki, duxi. Vəssalam-şüttamam. Ha-ha-ha. Üstəlik xalası qızını da, özü kimi başıboş rəfiqələrini də tora sala bilərsən. Sən isə get abort elə.

- Eləməyəcəyəm.

- Eləməyəcəksən? Eləmə! Küçədəki avaralara beş-on manat hörmət edərəm. Qarnına bir təpik vurarlar, elə küçədəcə it kimi küçükləyərsən. Bildin? Mən sənin üzünə xoş baxdım, deyəsən. Atama deyərəm nəslini yox eləyər kənddən. Mənimlə zarafat eləmə. Get abort elə!

  Ay çoban, Azad cibindən bir cəngə pul çıxarıb soxdu döşlərimin arasına. İndi başa düşürəm ki, bu nə deməkdir. Pulu qəhbənin, fahişənin döşünün arasına basırlarmış. Azad demə mənə qəhbə kimi baxırmış.

Azadla aramızda olan söhbəti qorxumdan heç kimə demədim. İçimdə çəkdim. Aborta da getmədim. Ürəyimi açıb heç kimə də deyə bilmirdim. Ali məktəbi də bitirməyimə iki ayım qalırdı. Sonra kəndə qayıtmalıydım. Qarnım da şişəcək, biabır olacaqdım. Şənbə günü avtobusa minib getdim kəndə. Evdəkilər soruşdu ki, a bala niyə tək gəlmisən, bəs Azad hanı? Dedim ki, diploma çıxıb, vaxtı olmadı. Atam evdə olmayanda sirrimi anama dedim. Əl atdı özünə, az qaldı ki, ürəyi getsin. “Atan bilsə, öldürəcək səni. Bütün kənddə biabır olacağıq. Gərək köçək gedək buralardan” dedi. Bir sözlə, yiyə durmadı mənə. Səhəri yenidən geriyə - şəhərə qayıtdım. Amma aborta getmək istəmirdim. Bəlkə Allahın verdiyi yeganə paydır deyərək. Amma Azaddan da qorxurdum. Xəbərdarlığını eləmişdi. Nə desən gözləmək olardı ondan.

Günlərin bir günü universitetin həyətində rastlaşdıq.

- Abort elədin?

- Hə. Dünən elədim.

- Mən bilirdim ki, ağıllı uşaqsan. Yoxsa  yenə  qanıvı axıtmalı olacaqdım. Day bezmişəm. Siz çox, mən az. Xalaoğlu da day dəng edib məni. Deyir ki, xalası qızını aldın əlimdən, ona görə də Xoşbəxti düzəltməlisən mənə. Yaxınlaşsa etiraz eləmə. Yaxşı oğlandır.

  Ay çoban, bu söhbətdən sonra son ümidim də öldü. Amma yenə də abort eləməkdən boyun qaçırdım. Diplom işimi müdafiə etdim. Dövlət imtahanına hazırlaşırdım. Çoxu özümə görə yox, xalamqızına görə peşman idim. Mənim badıma getmişdi o. Bakirəliyini pozmasa da, Azad arxadan zorlamışdı onu. İndi bilmişdim ki, mənim xoşbəxtliyim naminə səsini çıxarmayıbmış. Gücü özünə çatmışdı. Heç bir köməyim yox idi. Azad dostlarının hamısına car çəkmişdi ki, qız deyiləm. Onlar da mənə küçə qızı kimi yaxınlaşır, əlaqədə olmaq üçün pul təklif edirdilər. Amma...

    Xoşbəxt sözünə ara verdi. Siqaret yandırdı. Dərindən bir-iki qüllab vurdu. Gözlərində yaş gilələndi.

- Ay çoban, bilirsən nə oldu? Azad öldü.

- Öldü? Nədən?

- Demə narkoman imiş. “Peredozirovka” olub. Mən də elə bilirdim ki, yayda

uzunqol köynək geyinmək, qollarını çırmalamaq dəb sayılırmış. Mənimlə yatağa girəndə də köynəyini soyunmurdu. Sadəcə yaxasını açırdı. Lap hind artisləri kimi. Demə, damarlarını gizlədirmiş. Bilirsənmi nə qədər sevinirdim? Uçmağa qanadım yox idi. Amma bir tərəfdən qəmgin idim. Gələcək uşağımın atası ölmüşdü axı? Nə vaxtsa səhvini başa düşəcəyinə, heç olmasa uşağına yiyə duracağına ümidliydim. Elşənin uşağa qalmağımdan xəbəri vardı, amma abort məsələsini bilmirdi. O öləndən sonra yaxınlaşdı mənə ki, bəs Azadın ata-anasıyla tanış etsin məni. Bilirdi ki, ismətimi qoruyub saxlamışam. Heç bir günahım yoxdur. Razı olmadım. Bircə onu xahiş elədim ki, uşaq olanacan dəstək olsun mənə. Çünki kəndə qayıda bilməyəcəkdim. Vaxt yetişəndə doğdum, bir qızım oldu. Adını atasının şərəfinə Azadə qoydum. Sonra xalaoğlu da bizi yaddan çıxartdı. Qaldım tək. Kəndə qayıtmadım. Atam da hər şeydən xəbərdar idi. Ona görə də xəbər göndərmişdi ki, bir də geri qayıtmayım. Azaddan qalan pula bir ev kirayələdim. Xozyaykam tənha qadın idi. Otağın birini yüz dollara vermişdi mənə. Bunu da güclə tapmışdım. Heç kim əliuşaqlı anaya kirayə ev vermək istəmirdi. Aylar keçirdi, pulum isə qurtarmaq üzrəydi. Artıq evə borcum da var idi. Amma hələ ki, xozyaykanın yazığı gəlirdi. Məktəblərdən birinə müəllim düzəlmək istəyirdim. Amma boş yer yox idi. Nə edəcəyimi bilmirdim.

 Xozyaykamın yanına tez-tez gələn olurdu. O da mənə bərk-bərk tapşırırdı ki, otağına gir qapını da bağla. Qonaqlar getməmiş otaqdan çıxma. Mən də belə edirdim. Amma bir gün uşağa yemək hazırlamaq üçün qaynar su lazım oldu. Mətbəxə keçib su götürdüm. Geri otağa qayıtmaq istəyirdim ki, bu an hamamın qapısı açıldı. Belinə qətvə dolamış bir kişi ordan çıxdı. Dəhliz dar olduğundan kişi yolumu bağlamışdı. Geriyə iki addım atıb, qonağa yol verdim. Keçdi. Üstündən beş dəqiqə keçmişdi ki, xozyaykam yanıma gəldi:

- Sənə demişdimmi ki, otaqdan çıxma?

- Uşağa su lazım oldu, ona görə...

- Zəhirmar, “ona görə”. İndi səni istəyir. Xoşu gəlib səndən. 50 manat da pul verir.

- Mən bacarmaram.

- Necə yəni ki, “bacarmaram”. Məni istəmir day, istəyirsən pul da əlimdən çıxsın. Hörmətli kliyentimdir. Olmalısan. Bir də ki, kirayə borcun var mənə. Əvəzini çıxarsan.

Ay çoban, razılaşdım. Gözümü yumub girdim kişinin yatağına. Beləcə, tərbiyəsiz yola ilk qədəmlərimi qoydum. Xoşu gəlmişdi məndən kişinin. Xozyaykama tapşırdı ki, başqa heç kimə vermə bunu. Aylığını verəcəyəm – bu mənim olmalıdır. Bir il də belə dolandım. İstədiyi vaxt gəlir, istədiyi vaxt gedirdi. Pulu da xozyaykam alırdı əlimdən. Özümə qəpik-quruş verirdi. Sonra o da yoxa çıxdı. Bezdi, daha gəlmədi. Deyəsən, məndən də yaxşısını tapmışdı. Sonra xozyaykam mənimçün yeni kliyentlər aradı. Yavaş-yavaş öyrəşirdim bu həyata. Qızım iki yaşına, mən isə 24 yaşına çatırdım. Kliyentlərin isə sayı azalırdı. Dolanmaq çətinləşirdi. Bir gün uşağı xozyaykamın yanında qoyub getdim iş axtarmağa. Hansı dükana, kafeyə girirdimsə, iş istəyirdimsə vermirdilər. Axırı güclə qabyuyan düzəldim. Səhərdən axşam on birəcən boşqab-qazan yuyurdum. Onların əlində olsaydı,  lap gecə birəcən işlədərdilər. Yaxşı ki, metro gecə on ikidə bağlanırdı. Mətbəxin təmizlik işi də üstümdəydi. Günə də cəmi 10 manat pul verirdilər. Mətbəxdən ərzaq oğurlamaq da əlimdən gəlmirdi. Bir ofisiant qız işləyirdi mənimlə. Günlərin bir günü gəldi ki, bəs bezdim. Burdan gedirəm bara. Sən də istəsən gəl. Həm keyfimizi çəkərik, həm də pul qazanarıq. Gündə iki dəfə də yemək verirlər. Ünvanını da verdi. Bir gün mən də işdən tez çıxıb getdim onun yanına. Baxım görüm bəlkə mənim üçün də bir bab iş ola. İçəri girdim. Səs-küy idi, siqaret dumanında rəfiqəmi tapdım. Çox sevindi. Oturub bir az dərdləşdik. Elə bu vaxt barda qız üstündə dava düşdü. Biri butulkayla o birinin başını yardı. Rəfiqəm dedi ki, nə qədər polis gəlməyib, qaçaq. Yoxsa şahid gedəcəyik. Elə pilləkənləri yuxarı qalxıb zirzəmidən çıxmaq istəyirdik ki, polis naryadı qabağımızı kəsib geri qaytardı. Tez təcili yardım çağırdılar. Başı yarılanı xəstəxanaya, barın böyüyünü, qızları, o cümlədən məni də onlara qatıb şöbəyə apardılar. Saldılar bir otağa. Gecə on ikinin yarısıydı. Nə qədər yalvardımsa xeyri olmadı. Başı yarılan qan itirdiyindən yolda keçinmişdi. Onu kimin öldürdüyünü qızlar bilsə də, polisə məlum deyildi. Şahid ifadələri lazım idi. Nə qədər yalvarsam da, uşağı başqasının yanında qoyub gəldiyimi desəm də məni buraxmırdılar. Deyirdilər ki, zəng elə denən ki, nigaran qalmasınlar. Mən isə qaçhaqaçda cib telefonumu salıb itirmişdim. Xozyaykamın nömrəsini isə əzbərdən bilmirdim. Beləcə iki gecə polis şöbəsində saxladılar. Qatil bəlli olandan sonra isə hamımızı buraxdılar.

  Evə gəldim. Xozyaykam qapını açdı. Amma uşaq qabağıma qaçmadı. Düşündüm ki, yəqin yatıb. Otağa girib çarpayısını boş gördüm. Dəli kimi xozyaykanın üstünə cumub uşağı soruşdum. Demə xozyaykam elə başa düşüb ki, mən uşağı onun üstünə atıb qaçmışam. İki gün gözləyib. Sonra da polisə zəng edib. Onlar da gəlib qızımı aparıblar sığınacağa. Ünvanı öyrəndim. Sənədlərini də götürüb gəldim ora. Qaytarmaq istəmirdilər uşağı. Dedim ki, bəs polis şöbəsindəydim – səhvən yaxalamışdılar. İki gün gecələdiyim polis şöbəsinə zəng edib sorğularına cavab aldıqdan sonra isə - “bar qəhbəsisən? Sənə uşağı qaytarmaq olmaz. Dövlətimiz himayəyə götürəcək onu. Göndəririk uşaq evinə” deyib qovdular məni. Evə qayıtdım. Xozyaykam içəri buraxmadı. Kafedəki qabyuyan yerini də tutmuşdular. Bir-iki gün ac-susuz küçələri dolaşdım. Sonra rəfiqəm işlədiyi bar təzədən yadıma düşdü. Həmin yerə gəldim. Administrator qadın da məni işə götürdü, yeməklə təmin elədi, gecə qalmağa yer verdi. Əvəzində də mən... Artıq altı ildir ki, burdayam. Ayda bir dəfə gedib qızıma dəyirəm. Üçüncü sinifdə oxuyur.

- Adminstrator qadın nədir e? Xoşbəxt, qısaca de də - Mama Roza.

- Çoban, sənin ağzını cıraram a, ona bir də belə desən. O, Mama Roza deyil. O mənim mamamdır. Doğma anam, atam məndən üz döndərəndə mənə arxa durdu, mənə yemək verdi, iş verdi. Xəstələnəndə dərman aldı, belimə banka qoydu, hərarətimi ölçdü. Mənə həm ana oldu, həm də ata, həm bacı oldu, həm qardaş. Bircə ər ola bilmədi. Nəyi pisdir ki, o qadının. Məni əxlaqsız yolamı sürüklədi? Məni bura məcbur gətirdimi? Özüm gəldim. Həyat, özüm kimi insanlar məni vadar etdi. Mən belə istəmirdim, amma belə oldu. Mama mənim yeganə dayağımdır, ümidimdir. Son dayağımdır, son ümidimdir. Həyatın dibinə yuvarlanan bütün qadınların son mənzilidir. Mən onu çox istəyirəm. Mən onu dünyada hamıdan çox istəyirəm. O, mənim üçün dünyanın bütün qadınlarından irəlidir, anamdan da alidir. O, məni hamıdan gözəl başa düşür. Çünki o, özü də bu həyatın qurbanıdır.

 Düzdür, biz özümüzü pula satırıq. İyrəncliklərlə məşğuluq. Hamı bizi tənəli baxışlarla süzür. Hamı bizə fahişə deyir. Amma heç kim başa düşmür ki, bu dünyada hərə bir yerini satır. Hərə bir yerini satır ki, nədi-nədi pul qazansın. Müəllim, həkim, alim, ziyalı beynini, müğənni səsini, idmançı fiziki qüvvəsini, pianoçu barmaqlarını, model gözəlliyini, yazıçı, jurnalist qələmini. İndi onlara da fahişəmi deyək? Əsla. Bilirsənmi nəyə görə “yox” deyirəm?!

Ay çoban, hər dəfə televizorda müsahibə verən qadınları görəndə həsəd aparıram. Onlara sual verəndə ki, onlar üçün ailə irəlidir, yoxsa sənət? Bilirsənmi nə deyirlər? Deyirlər ki, “mən hər şeydən əvvəl qadınam, anayam. Sənət ikinci dərəcəlidir mənimçün”. İndi biz fahişələr də qadınıq, anayıq. Fahişəlik titulumuz deyil, sadəcə sənətimizdir. Biz bu işə yalnız qazanc mənbəyi kimi baxırıq. Daxilimizdə tərbiyəsizlik yoxdur. Başqa bir qazanc yerimiz də yoxdur. Xaricdə bu peşə qanuni sayılır. Türkiyədə erməni Mama Roza ən böyük vergiödəyicisi kimi hamıya nümunə göstərilir. Bizdə isə cinayətdir. Hamının gördüyü, lakin görməməzliyə vurduğu, kişilərin sevdiyi, qadınların isə nifrət etdiyi cinayət.

Bu dünyada hər şey pula satılır. Torpaq, mənzil, su, qaz, işıq, yemək, paltar, təhsil, dava-dərman, daha nələr, nələr... Bu həyatda havadan başqa, elə bir şey varmı ki, havayı başa gəlsin? Hətta şəxsiyyətimizi təsdiq edən sənəd də havayı verilmir. Bunları almaq üçünsə bizə də pul lazımdır. Bizim isə satlığa çıxaracağımız bircə yerimiz var. O da...

Çoban bir anlıq düşün. Biz pisiksə, onda niyə bizi axtarırlar, yanımıza gəlirlər, evlərinə, bağlarına, saunalara, restoranlara gətizdirirlər, pul verirlər, hələ öhdəliklərində olan arvadlarına “xərcləməli” olduqları bir, iki, hətta üç fazanın hamısını ayırıb bizə “qoşurlar”. Evə gedəndə də arvadlarının yanına batareyaları yatmış girirlər. Eləməsinlər də bunları. Sonda da onların hər şıltaqlığına dözən bizlərin adını fahişə qoyurlar. Çoban, bəs bizi fahişə edənlərə, bizə fahişə deyənlərə nə deyirlər?

- Kişi.

- Axır ki, başa düşdün, çoban. Yaxşı ki, sən o kişilərdən deyilsən. Sadəcə çobansan. Sadəsən, təmizsən, safsan. Qayıt öz kəndinə, məni də apar. Mən pis qadın deyiləm. Elə bilmə ki, fahişələr pisdir. Yox, düz düşünürsən – fahişəlik pis şeydir. Həyat bizi pis edib. Bəzilərimizi müvəqqəti, bəzilərimizi əbədi. Bu zəmanədə fahişə qadın olmaq təhlükəli deyil. Allah bizi kişi qəhbələrdən qorusun.

   İnkir-Minkir, Xoşbəxt bu dəm ayağa qalxdı. Qapıya tərəf gedib yumruqlarıyla dəmir qapını döyəcləyib qışqırmağa başladı:

Ey həyatın üzündəkilər, eşidirsiniz? Bu mənəm - fahişə Xoşbəxt! Məni bu günə salan pullular, sizə nifrət edirəm. Bir qəpiyə dəyməyən adlarının bədnam olmasından qorxub qızlarını evdən qovan, küçələrə, həyatın burulğanına atan, onlardan imtina edən və bundan sonra adları “məşhurlaşan” ata-analar, sizlərə də nifrət edirəm. Həyat, sənə də nifrət edirəm. Ey insanlar, hamınıza nifrət edirəm. Axı biz fahişələrdən nə istəyirsiniz? Özünüz bizi fahişəyə çevirdiyiniz halda bizi niyə qınayırsınız? Sizə axı nə etmişik? Son ümidimizdir bədənimiz. Satırıq, əcəb də eləyirik. Keyfdən satmırıq, bir qarın yeməyə satırıq. Siçovul kimi zirzəmilərə doluşub satırıq. Yüz xəstəlik tutub satırıq. Yüz kərə kişi toxumunu udub, qaytarıb - satırıq. Qadınlığımızı, ruhumuzu, gözəlliyimizi, sevgimizi itirə-itirə satırıq. İyrənə-iyrənə satırıq. Ölə-ölə satırıq.

Öz bədənini satışa çıxaran mən və mənim kimi yüzlərlə qadın fahişəyik, bunu boynumuza alırıq. Bəs bədənlərindən başqa hər şeyi pulla ölçən, pula satan, pul gücünə alan, bizi fahişə olmağa vadar edən sizlər kimsiniz? Biz fahişəyik. Bunu gizlətmirik. Açıq-aşkar deyirik ki, “Fahişəyik!”. Bəs “biz namuslu, qeyrətli ev uşağıyıq, tərbiyəli qadınıq” deyib ərlərinə, atalarına, qardaşlarına gizli-gizli, “çadranın altından”, “vay, görən olar” deyərək xəyanət edənlər kimdir? Hansı yaxşıdır? Bizim kimi maskasız fahişələr, yoxsa ki, maskalı qəhbələr?

   Xoşbəxt  qışqırırb-qışqırıb qapının ağzındaca dizi üstə çökdü. Yaxınlaşıb ayağa qaldırdım, divanın yanına gətirib otuzdurdum. Saçını sığallamağa başladım. Əllərimi öpməyə başladı. Sonra bərk-bərk qucaqlayıb, eləcə yuxuya getdi.

İnkir-Minkir, Xoşbəxt beləcə danışıb-danışıb ürəyini boşaltdı. Bir gecə ərzində mən QHT rəhbərinə nə lazım idisə hər şeyi dedi. Artıq hesabatım beynimdə hazır idi. Hər şeyi vurub-çıxmışdım. Maarifləndirici vərəqələrdən tutmuş, sığınacaqlara, psixoloji reablitasiya mərkəzlərinə qədər.

Səhər administrator qadın gəlib qapını açdı. Xoşbəxti oyatmadım. Sağollaşmadan zirzəmidən çıxıb, qaçdım. Evə gəldim. Bir az gözümün acısını alıb, yazı masasının arxasına keçdim. İki gün ərzində gördüklərimin, eşitdiklərimin hamısını yazdım. Xoşbəxtin, Xoşbəxt kimilərin həyatını, üzləşdikləri problemləri yazdım. Mətbuatda silsilə məqalələrlə çıxış etdim. Televiziyaların da diqqətini cəlb etmişdim. Ən populyar verilişlərə çağırırdılar məni. Mən Xoşbəxtin həyatını danışırdım. Amma ad çəkmirdim. Bu problemlərin həlli yollarını göstərirdim.

Günlərin bir günü evə qayıdanda gördüm ki, blokun ağzında üç nəfər qadın dayanıb. Yanlarından keçəndə üstümə hoppandılar. Müvazimətimi saxlaya bilməyib yıxıldım. Biri ayaqlarımın üstünə oturdu. O biri isə əllərimi tutdu. Üçüncü qadın isə sinəmə çöküb üzümü-gözümü cırmaqlamağa, saçlarımı yolmağa başladı. Onu tanıdım. Administrator qadın idi:

- Ay çoban, axı Xoşbəxt sənə neyləmişdi? Niyə onun təmizliyindən istifadə etdin? Niyə onu aldatdın? Özünü çoban kimi təqdim etdin. İçimizə girdin. Ailəmizə soxuldun. Sənin köməyinə ehtiyacımız var idimi? Nədir-nədir televizora çıxacaqdın, populyar olacaqdın, qrant qazanacaqdın, ona görəmi qıydın o qızın həyatına?

- Axı mən heç kimi öldürməmişəm?!

- Ay çoban, sən Xoşbəxtin son ümidiydin. Səninlə çıxıb ən ucqar kəndə getməyə də hazır idi. Sənə inanmışdı, ürəyini açmışdı, sirrimizi vermişdi. Hər gün səni gözləyirdi. Zirzəmiyə enənlərin ayaq səsləri gələndə tez qapıya qaçardı. Sən isə yoxa çıxdın. Üstəlik gedib hər şeyi faş elədin. O da səni televizorda gördü, danışdıqlarına qulaq asdı. Ona ictimaiyyətin yox, sənin kimi sadə, avam çobanın köməyi lazım idi. O çoban da ki, artist-jurnalist çıxdı. Onu bu günə salan hamılardan biri çıxdı. Bir daha aldadıldığını anladı. Son ümidinin də puça çıxdığını görüb özünə qıydı. Özünü asdı. Ay çoban, sən fahişəliyə yox, bir fahişənin həyatına son qoydun. Barımızı da bağladılar. Qızlar da indi yiyəsiz it kimi küçələrdə sülənirlər. Adlarına da fahişə yox, “divara işəyən” deyirlər. Sakitləşdinmi? Di get rahat yaşa.

  Qadınlar əlimi-ayağımı buraxdılar. Yerimdən tərpənə bilmirdim. Bir müddət gözlərini gözümə dikib dayandılar, sonra üzümə tüpürüb, əlavə bir təpik də ilişdirib getdilər. Çətinliklə olsa da  ayağa durdum. Pilləkənlərlə evə qalxdım. Arvad qapını açdı. Nə baş verdiyini soruşdu. Heç nə demədim. Hamama girib üz-gözümün qanını yudum. Toz-torpağa bulaşmış paltarımı dəyişdim. Çarpayıma sərələndim. Dəhşətli ağrılarım var idi. Amma dözürdüm. Bu ağrılar özüm də bilmədən Xoşbəxtə yetirdiyim ağrıların yanında heç nəydi. Axşam ağrılarım lap artdı. Arvad tez təcili yardım çağırdı. Sonrasından isə xəbərim olmadı. Ayılanda isə sizi başımın üstündə gördüm. Bu qədər, İnkir-Minkir, mən həyat hekayətimi bitirdim. Düzdür, gördüklərim, yaşadıqlarım bundan qat-qat çoxdur. Mən ən maraqlılarını danışdım.

- Yaxşı, day bəsdir. Görürük ki, fani dünyada çox bacarıqlı, ağıllı oğlan olmusan. Arzuların da ki, ürəyində qalıb. Heç bir vəzifə də qazanmamısan. Ona görə də sənə yaxşı iş vermək istəyirik. Səni Cəhənnəmə Tiyanbaşı təyin edirik. Əlində də bir toppuz olacaq. Gəzəcəksən özünçün. Kim tiyandan çıxmaq istəsə vuracaqsan başından, yenidən diyirlənəcək ora.

- Day toppuzu neyləyirəm ki? Qaçıb təzədən fani dünyaya qayıda bilməyəcəklər ha... Cənnət də ki, birdəfəlik bağlanıb. Sizin də ki, sorğu-sualınızın bir əhəmiyyəti yox. Hamını cəhənnəmə basırsınız. Günahı olsa da, olmasa da... Günahı çox olsa da, az olsa da... Hərdən bir mənim kimilər keçəcək əlinizə, salacaqsınız çənənizin altına. Üç-dörd gün danışdıracaqsınız, danışdıracaqsınız, xeyri də ki, yox. Sonda yenə də Cəhənnəmlik olacaqlar. Günahları olmaya-olmaya.

- Sən bilmirsən, Qanlıgün, onların günahları var. Kasıb olmaqlarıdır günahları. O dünyada da, bu dünyada da. O dünyada qapaz yeyirdilər, bu dünyada da toppuz yeməlidirlər. Gəl gedək, sənə yeni iş yerini göstərək.

   İnkir-Minkir və Qanlıgün Cəhənnəmin qapısını açıb içəri girirlər. Yeni iş yerini ona təhvil verirlər. Sonra da qayıdıb otururlar yerlərində. Başlayırlar digərlərini sorğu-suala tutmağa.

Ertəsi gün bir də görürlər ki, taqqatuq səsi gəlir. Çönüb görürlər ki, Qanlıgün qapının üstündəki “Cəhənnəm” yazılan lövhəciyi çıxarır. Məəttəl qalırlar.

- Ay Qanlıgün, nə edirsən?

- Mənə təzə vəzifə vermədiniz?

- Hə.

- Mən də bu vəzifənin, bu yerlərin sahibi kimi əsaslı, struktur dəyişiklikləri etməyə qərar verdim. Birinci adını dəyişirəm. Bu gündən buranın adını qoyuram Cəncəhim. Çünki artıq ölülər üçün nə Cənnət var, nə də Cəhənnəm. Artıq hər ikisi eyni şeydir onlar üçün. Siz İnkir-Minkir də əhəmiyyətinizi itirmisiniz. Ona görə də fani dünyadakılar üçün yeni bir struktur yaratmağa qərar verdim. Adını da qoydum CƏNCƏHİM – Cənnət, Cəhənnəm sözlərinin ilk hecasını, İnkir-Minkir sözünün də baş hərflərini birləşdirdim. Alındı – CənCəhİM. Ay İnkir-Minkir, Siz də gedib dincələ bilərsiniz. Mən burdayam. Arxayın ola bilərsiniz.

- Ay Qanlıgün, bura bax, bura bax, bura səninçün fani dünya deyil a... vəzifəyə qoyan kimi qudurasınız. Bura Haqq dünyasıdır. Buranın öz qayda-qanunları var. Bu qanunlarla da oturub-durmalısan! Bildin?

- Ay İnkir-Minkir, hansı qayda-qanundan danışırsınız? Adınızı haqq qoymusunuz. Amma bu insanları aylardır ki, sorğu-sual körpüsündə saxlamısınız. Nədir bu bədbəxtlərin təqsiri? Fani dünyada salim olmaqlarımı, dinib-danışmamaqlarımı, yarıac-yarıtox, qul kimi yaşamaqlarımı. Ay İnkir-Minkir, bilirsinizmi bunlar bu vaxtacan niyə dözüblər? Ona görə ki, nəvaxtsa Cənnətə düşsünlər, keyf çəksinlər, nə edim, necə edim deməsinlər. Siz də deyirsiniz ki, Cənnətdə yer yoxdur. Varlı-hallılar isə Cənnətin qapısını sındırıb içəri soxulurlar. Hələ ağzınızın üstünə bir yumruq da vururlar. Cınqırınızı da çıxara bilmirsiz. İnkir-Minkir olanda nə olar – siz də etiraf edin. Etiraf edin ki, Haqq dünyasının da mizan- tərəzisi pozulub. Bu ölüləri başından toppuz vurub məcbur etməsəniz, Cəhənnəmin qapısından içəri bir addım da atmayacaqlar. Beləcə burda dayanıb Cənnətin qapılarına həsrətlə tamaşa edəcəklər, ordan gələn gülüş səslərinə heyranlıqla qulaq asacaqlar, qapının arasından sızan müşki-ənbərdən ciyərlərinə çəkib oxxay deyəcəklər. Fani dünyada bahalı villalara, maşınlara, gözəl geyimli insanlara, varlılara, vəzifəlilərə necə ki, həsədlə baxmışdılar, indi də eləcə durub Cənnətin qapılarına baxacaqlar. Nədir bunların taqsırı? Sadəcə ölüdürlər də. Vəssalam-şüttamam. Allah hamısının, hamımızın cəzasını verib. Ölümdən böyük cəzamı var? Olan günahlarımızı da ölümümüzlə yumuşuq. Nəyimiz var əlimizdən alıblar. Ölən kimi paltarımızı soyundurublar, qulağımızdakı sırğaları, barmağımızdakı üzükləri, boyunbağımızı, bilərziyimizi – hər şeyimizi çıxarıblar. Lüt-üryan edib göndəriblər yanınıza. Hamımız ölüyük, hamımız bərabərik, hamımız bu dünyanın övladlarıyıq. Bundan o yanası var?

Mənə vəzifə, əlimə də toppuz verdiniz. Amma mən bu ölüləri vurmayacağam. Çünki özüm də onlardan biriyəm. Mənim də, onların da ümidləri bu dünya idi. Ay İnkir-Minkir, heç olmasa siz onların bu son ümidlərini qırmayın. Heç olmasa Haqq dünyasında bərabərlik yaradaq. Tablodakı adı dəyişək. Cənnəti də, Cəhənnəmi də, siz İnkir-Minkiri də bir adda, bir məkanda birləşdirək. Qoy ürəklə keçsinlər bu qapıdan. Ölməklərinə peşman olmasınlar.

Qanlıgün tablonu dəyişdirir. Qapıları taybatay açır. Qıl körpüsündə növbəyə dayanan insan seli yeni adı görüb canlanmağa başlayır. İnkir-Minkirsə yoldan çəkilir, kağız-kuğuzlarını qoltuqlarına vurub uzaqlaşırlar.

- Gəlin, gəlin, ey ölülər. Sizi yeni salınmış Cəncəhim şəhərinin meri kimi, mən Qanlıgün müəllim salamlamaqdan qürur duyuram. Xoş gəlmisiniz Haqq dünyasının yeni salınmış, komfortlu, hər cür şəraiti olan Cəncəhim şəhərinə. Məhz burda siz rahatlıq tapacaq, fani dünyada yaşadığınız, qazandığınız məşəqqətlərdən azad olacaqsınız. Siz ömrünüz boyu bu cür həyata can atmısınız. Bu cür həyatı gözünüzün qabağına gətirərək ömrü boyu sürünüb, sürünüb sonda da ölmüsünüz. İndi siz yeni Cəncəhimin övladlarısınız. Siz sanki ikinci və sonuncu dəfə dünyaya gəlmisiniz. Siz azadsınız. Siz xoşbəxtsiniz. Çünki artıq Cəncəhimlisiniz.

Qapıdan içəri girəndə sizi uzaq Ərəbistan səhrasının, Türkiyənin dəniz sahillərinin, qədim Misir Piramidalarının, Şarm əl-Şeyxin istisi vuracaq. Ömrünüz boyu divarın bu tayından həsrətlə boylandığınız Antalya, Misir, Dubay kurortlarındakı kimi bir aləmə düşəcəksiniz. Qır tiyanlarını görəndə heç qorxmayın. Onlar tezliklə söküləcək. Yerində isti hovuzlar, türk hamamları, fin saunaları, quru, yaş parxanalar, cakuzilər tikiləcək. İfrit kisəçilər, ifritə massajistkalar sizə yüksək səviyyəli, Avropa standartlarına uyğun xidmət göstərəcəklər. Keçin bu qapıdan içəri, ürəklə keçin. Bura sizin şəhərinizdir, bura sizin doğma məskəninizdir. Gəzin, dolanın.

Burda heç nə yoxdur. Alış-veriş də yoxdur, restoran-kafe də. Çünki Cəhcəhim şəhərində pul yoxdur. Pul yoxdursa, deməli satılmalı da bir şey yoxdur. Düzgün başa düşdünüz, pul yoxdursa, deməli, həyat da yoxdur. Həyat yoxdursa, deməli, əmin ola bilərsiniz - siz əsl ölüsünüz. Çimin, çimin, hovuzlardan çıxmağa can atmayın. Kimsə çıxmaq istəsə paxıllıq edərək ayağından dartıb hovuza salmayın. O qədər çimin ki, ta günaha, kirə çıxanacan. Əriyin, əriyin, tam əriyin. Çünki ölü seli gəlməkdə davam edir. Onlara da yer olsun. Ölülər, eşidirsiniz? Bura Cəncəhimdir e, Cəncəhim. Sizin haqq etdiyiniz Haqq dünyanız...

 2009 -2014

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu