“Qağayı” istirahət bazasının ərazisində fəhlənin üzərinə boru düşərək ölməsi faktına görə cinayət işi açılıb. Bakı şəhər prokurorluğundan Modern.az saytına verilən məlumata görə hadisə yanvarın 23-də saat 14 radələrində paytaxtın Bilgəh qəsəbəsində yerləşən “Qağayı” istirahət bazasının ərazisində demontaj işlərinin həyata keçirilməsi zamanı qeydə alınıb.
Qeyd olunub ki, borunun həmin vaxt orada olan 1970-ci il təvəllüdlü, Füzuli rayon sakini Səfəralı Səfərovun üzərinə düşməsi nəticəsində aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi faktına görə Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Müvafiq ekspertizalar təyin edilib. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Gülşən RAUFQIZI