Modern.az

Jurnalist Vahid Mustafayevdən cavab istədi

 Jurnalist Vahid Mustafayevdən cavab istədi

Media

26 Yanvar 2016, 23:05

 

Bir neçə gündür sosial şəbəkələrdə Vahid Mustafayevin filmi – “Qanlı Yanvar” müzakirə predmetinə çevrilib. Filmi tənqid edənlərin sayının, təqdir edənlərdən çox olması, tele-əsəri izləməyimə səbəb oldu desəm, yanılmaram. O mənada ki, ANS şirkətlər qrupu prezidentinin əvvəlki filmlərinə baxmışam, bəyənmədiyim üçün, “Qanlı Yanvar”ı da izləmək niyyətində deyildim. Əksi olsaydı, film hələ ötən ildən kinoteatrlarda nümayiş olunmuşdu. Amma müzakirələrin qızğınlığı, yutubdan “sənət əsəri”ni izləməyə şövq yaratdı.

Əvvəlcədən bildirim ki, mən nə film tənqidçisiyəm, nə də bu sahənin bilicisiyəm. Sadəcə film izləməyi sevən, yerli və xarici kinoları maraqla izləyən bir tamaşaçıyam. Ona görə də, “Qanlı Yanvar”la bağlı mülahizələrimdə də qüsur tapıla bilər, bunu normal qarşılayıram. Qayıdaq “Qanlı Yanvar”a. Bütün hallarda Azərbaycanın tarixi ilə bağlı, faciələrinin dünya ictimaiyyətinə çatdırılması ilə əlaqədər yazılan məqalələr, çəkilən filmlər təqdirəlayiq haldır. İndiki dövrdə belə bir iş görmək, əmək sərf eləmək, nəyisə ərsəyə gətirmək xoş bir təşəbbüsdür, alqışlanasıdır. Amma...

Məsələ də elə bu əmmadadır. Tariximizin, mədəniyyətimizin, faciəmizin, qəhramnanlığımızın necə təqdim olunması məsələsi var. Burada elə incə məqamlara diqqət etmək lazımdır ki, nə filmi çəkən biabr olsun, nə də xalq. Bir sözlə, peşəkarlıq önəmlidir.

“Qanlı Yanvar” peşəkarcasına çəkilmiş filmdirmi?

Filmin yaradıcılıq tərəfləri haqqında fikrim:

Məsələn filmin baş qəhrəmanı Mehdinin sevdiyi qız Larisanın əlinə döymə ilə, ürək şəkli çəkməsini hardasa başa düşmək olar. Bunu kinoya dad-duz qatmaq üçün etmək mümkündür. Amma sevgililər arasındakı dialoqda – Larisanın “Çox incidəcək?”,  Mehdinin “Uzan” deməsi, Larisanın “Nəzərə al ki, bu məndə ilk dəfədir” - deyərək uzanması.... Burda ilk öncə tamaşaçı başqa bir səhnəni gözləyir, lakin Mehdi Larisanın əlinə döymə ilə ürək şəkli çəkir. Maraqlıdır, dialoqda, “incidəcək?” “uzan”, “məndə bu ilk dəfədir” kimi sözlərdən istifadə nəyə lazımdır? Döymə döymək üçün, illah da insan uzanmalıdırmı?!

Filmin qəhrəmanlarından biri, dindar Əlinin ata-anası ilə dialoqu – bu dialoq rəsmən plagiatdı. Anası Əliyə deyir – “sovet hökumətinin topu var, cəbhəxanası var”. Əli də cavab verir ki, “bizim də namusumuz, qeyrətimiz var”. Bu sözlər Azərbaycanın kino incilərindən olan “Axırıncı aşırım” filmində deyilibsə, “Qanlı Yanvar” filmində niyə təkrarlansın ki?! Yəni Vahid müəllimin burda başqa ifadələrdən, daha koloritli, çeynənməmiş sözlərdən istifadə etmək istedadı yetmədimi?! Film yaradırsansa, öz ideyanı ortaya qoyursansa, o zaman başqa bir filmdən ifadəni olduğu kimi götürmək primitivlik, qeyri-peşəkarlıq deyilmi?

Filmdə millətçi, dövlətini, xalqını sevən baş qəhrəman, Mehdinin anasına “mama” deyə müraciəti, onun qatı kommunist olan, hərbiçi qardaşı Nərmanoviçin isə anasına “ana” deyə müraciəti götürək. Filmin ssenari müəllifi məncə burda ən incə məqamı unudub. Məntiqlə, Mehdi yox kommunist qardaşı “mama” deməli idi. Düzdü hardasa bu filmdə xırda bir nüans kimi görünə bilər. Mən sadəcə məntiqi baxımdan bunun səhv olduğu qənaətindəyəm. Onu da deyim ki bu cür “xırda səhv” deyiləcək nüanslar filmdə çoxdur, hamısını sadalamaq, ucundan tutub ucuzluğa getmək olar. Buna ehtiyac görmürəm.

Gələk “Qanlı Yanvar”ın ideya baxımından cəmiyyətə film vasitəsilə ötürülməsinə. 1990-cı ilin 20 yanvarı tarixində baş verənlər Azərbaycan tarixinin ən önəmli səhifələrindən, qəhrəmanlıq səlnamələrindən biridir. Bu ölkəmizin müstəqilliyinin rəmzidir. Orada şəhid olanlar isə qanı ilə Azərbaycanın tarixini yazanlardır.

“Qanlı Yanvar”da 90-cı ilin tarixi hadisələri necə təsvir olunub?! Sual budur.

Mən bu yazını yazmamışdan əvvəl 20 yanvar faciəsinin canlı iştirakçısı olmuş bir neçə insanla söhbətlər etdim. O hadisələri dibindən bilənlərlə də, söhbətlərim oldu. Onların mülahizələri ilə, fikirləri ilə, filmdə göstərilənlərin əksəriyyəti bir-birinə ziddir.

Filmdə Azərbaycanın azadlığını istəyən qüvvələr, əsasən də gənclərdən ibarət dəstə elə təsvir olunur ki, sanki bunlar küçə uşaqlarıdırlar, “bezpridel” insanlardırlar. Halbuki Milli Azadlıq Hərəkatı heç də küçə “bezpridel”lərinin hərəkatı olmayıb. Bu hərəkat xalqın böyük bir imperiyaya, SSRİ-ə qarşı şüurlu şəkildə azadlıq mübarizəsi olub. Xalq etirazına da Azərbaycanın ziyalıları, görkəmli ictimai-siyasi xadimləri başçılıq ediblər. O zaman filmdə niyə azadlıq mücahidləri, başıpozuq, “avara” gənclər kimi təsvir edilib?!

Və yaxud da, azadlıq istəyən dəstədəki qızların, qadınların filmdə davranışları, danışan zaman işlətdikləri ifadələr...1990-cı ildə, Azərbaycanın azadlıq istəyən, bunun üçün mücahid dəstəsinə qoşulan qızı, “burda olmasan Mehdini səndən qaçırardım”, “silaha münasibətiniz, sevdiyiniz qıza evlənməmişdən qabaq göstərdiyiniz münasibət kimi olmalıdır. Arada əlləşdirə bilərsiniz” – kimi kimi ifadələr işlədə bilərdimi?! Və ya 1990-cı ildə, hansısa qız evlənməmişdən qabaq hamilə ola bilərdimi? Bizim qəhrəman qızlarımızın bu cür təqdim olunması nəyə lazım idi? Hələ bu dəstəyə əvvəlcədən silah paylanması məsələsində filmin yaradıcı məncə “gül vurub”. 20 yanvar faciəsində doğrudan da, bir gün əvvəl hansısa bir dəstəyə, azadlıq istəyən qrupa silah verilibmi? Onlar əvvəlcədən “Molotov kokteyl”i hazırlayıblarmı? Bəlkə doğrudan da, belə bir şey olub, Vahid müəllim bilir?! Bizim bildiyimiz, heç kəsdə o gecə silah olmayıb, olanı da dövlət idarəciliyinə məsul şəxslər camaatdan bir neçə gün əvvəl yığıblar. Sovet ordusunun qarşısına dinc, əliyalın Bakı sakinləri çıxıb ki, onların da tanklar üzərindən keçib, küçədə olanları rus əsgərləri güllələyiblər. Əgər əhali silahsız, əliyalın olubsa, orada ölən günahsız, sadəcə azadlıq istəyən insanların filmdə başqa cür təqdim olunmasında niyyət nədir? Bu tarixi təhrif etmək deyilmi?

Təbii ki, bunu senaristin özünün təxəyyül məhsulu sayıb, üzərindən keçmək olardı. Amma, söhbət Azərbaycanın qanlı tarixindən, müstəqillik səlnaməsi haqqında filmdən gedir. Film tarixə yanaşmada bir sənəddir, dəlil kimi götürülür. 1990-cı ilin 20 yanvarı axı bizim ən həssas yerimizdir. Həssas yerimizlə bağlı hər kəs, yazıçı da, senarist də, jurnalist də, təbliğat işi ilə məşğul olan hər kəs də ehtiyyatlı olmalı deyilmi?

İnanmıram ki hörmətli Vahid Mustafayev mənim bu suallarıma cavab verib, aydınlıq gətirəcək. Amma bu təkcə mənim yox, ictimaiyyətin əksər nümayəndələrinin suallarıdır.

Anar Bayramoğlu

   
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi