Könül AYDIN Nəhmətova
25 yanvar... O qarlı-çovğunlu gün Seyid Hüseynin doğum tarixinin 129-cu ildönümü idi... Amma bu mənim hələ yadıma düşmürdü. Hələ... Amma görəsən, bütün gün ərzində o günü xatırlayan neçə nəfər tapılar yer üzündə?...
Hələ öz işimdəydim mən də... Yəni işsiz-gücsüz dəniz kənarını dolaşmağımda, əlim bomboş cibimdə. Dərdimi dəniz götürər deyə...
Dənizə baxanda yamyaşıl rəngi ilə içində boğulmuş adamı xatırlatdı mənə. Adamımı? Ya içində boğduğu adamlarımı?... Darıxıb iş stolumun arxasına keçdim. Bilmirəm niyə və hara yazdım onun haqqında yaddaşımda: “Buradan da çıxarsalar, birbaşa dənizə atacaqlar. Get Seyid Hüseynin dalınca deyəcəklər... Ah!... Bu gün Seyid Hüseynin doğum günüdür...”
Doldu ürəyim... Doldu, boşaldı... Boşaldı, doldu... Bir əlcə kağz çıxarıb üzünə baxdım. Amma: “Yox! Yazmayacam!”- deyib əzdim kağızı ovcumda. Yazmadım...
Axşam televiziyada görkəmli akademiklərimizin biri ağızdolusu “milli-mənəvi dəyərlərimizin təbliğinin vacibliyindən” danışanda düşündüm: “Sabah gedəcəm yanına, nə qədər lazımdırsa, gözləyəcəm qapısını arxasında, düşəcəm qəbuluna və danışacam bütün başımdan keçən hadisələri. Deyəcəm: “Hörmətli akademik! Bunları sizə danışdım ki, çıxıb televiziya ilə bir də belə təbliğat aparanda düşünün ki, mən də sizə baxıram...” Amma getmədim...
Başımdan keçən hadisələri yazsam, bir kitab olar. Amma bütün bunları bir cümlə ilə ifadə edirəm: Azərbaycançılıq konsepsiyası ilə silahlı mütəfəkkirin milli-mənəvi irsinin gələcək nəsillərə unutdurulmamması uğrundakı çabalarımın sonu işdən azad olunmağım oldu...
Bu həmin Seyid Hüseyndir ki, Aydın Hüseynzadə də yolunda yandı, tükətdi öz ömrünü, amma bir iş görə bilmədi... Bilmədimi?...
Aydın Hüseynzadə: "SEYİD HÜSEYNİN KİTABINA TİRAJI KİM YIĞMALIDIR?"
Otuzuncu illərdə repressiyyaya uğrayan sənət adamlarımızın biri də məşhur nasir, tənqidçi S.Hüseyn Daxili İşlər Nazirliyinin zirzəmisində insan ağlına sığmayan işgəncələrə mərdliklə dözdü, lakin əqidəsinə sadiq qaldı, onu dostlarına, qələm yoldaşlarına böhtan atmağa məcbur edənlərin qarşısında əyilmədi. İki illik cismani əzab-əziyyətdən sonra onu Qum adası adlanan yerdə güllələyib şaxtalı fevral günlərinin birində Xəzərin qoynuna atdılar.
Kommunist rejimi bu məşhur yazıçını, publisisti, iyirmi ilə yaxın doğma xalqından ayrı saldı. Nəhayət, əllinci illərin ortalarında, gec də olsa, haqq yerini tapdı: digər repressiya qurbanları kimi, S.Hüseynə də bəraət verildi. Ancaq təəssüf ki, bəraətdən sonra da tale onun ruhunu sevindirmədi, əksinə, sağlığında olduğu kimi, yenə də XX əsr Azərbaycan ədəbiyyatının bu klassikinə ögey münasibət, yaradıcılığına biganəlik davam etdi. Anadan olmasının 100 illiyi olduqca sönük, necə deyərlər, “quş qoymaq” xatirinə, tələm-tələsik keçirildi. Yubiley münasibətilə bircə kitabçası da buraxılmadı.
S.Hüseynin kitablarının nəşri, nədənsə, həmişə maneələrlə qarşılaşıb. Bəraət alandan sonra 1961-ci ildə onun bircə dəfə “Seçilmiş əsərləri” 15 min nüsxə tirajla çap olunmuşdur. Professor Abbas Zamanovun bilavasitə təşəbbüsü, fəal iştirakı, tərtibi və geniş müqəddiməsi ilə buraxılmış həmin kitab bir ay ərzində satılıb qurtardı. Sonrakı illərdə ara-sıra çıxmış 2-3 kitabçasını da indi kitab mağazalaarında nümunə üçün belə tapmaq mümkün deyil.
Respublika Yazıçılar Birliyinin, Azərbaycan Mətbuat Komitəsinin və başqa əlaqədar təşkilatların məsləhəti ilə Azərnəşrə göndərilmiş, 1990-95-ci illərdə buraxılması nəzərdə tutulan bədii əsərlərinin siyahısında S.Hüseynin ikicildliyinin (50 çap vərəqi həcmində) çapı qeyd olunmuş, nəşri konkret olaraq 1992-ci ilə planlaşdırılmışdır. Hər iki cildin materialları geniş müqəddimə ilə nəşriyyata təqdim olunub. Ancaq 1992-ci il başa çatır, hələ də əsərlərin əlyazmaları qovluqda yatır. Bu yaxınlarda ədibin böyük oğlu, xalq rəssamı Oqtay Sadıqzadə nəşriyyatla əlaqə saxlamış, atasının cildlərinin taleyi ilə maraqlanmışdır. Ona deyiblər ki, həmin cildlərə tiraj yığmaq lazımdır, yoxsa çap olunmayacaq.
Qəribədir, görəsən, klassiklərə tirajı kim yığmalıdır?
Tiraj məsələsi ilə bağlı iki il bundan əvvəl Azərnəşrdə işlədiyim zaman rast gəldiyim bir fakt yadıma düşdü: hələ sağlığında klassik yazıçı kimi şöhrət tapmış mərhum yazıçı-dramaturqumuz Ə.Məmmədxanlının redaktə olunmuş, mətbəədə yığılmış bir kitabının tirajı olmadığına görə çapına icazə verilmirdi. Şəxsiyyətinə və yaradıcılığına xüsusi hörmət bəslədiyim ədib dəfələrlə nəşriyyata gəldi, kitabının çapının gecikdirilməsinin səbəbini öyrənmək istədi. Tiraj məsələsini ona izah etdim. Bunun bazar iqtisadiyyatı ilə əlaqədar ortaya çıxmasını da söylədim. Əvvəl təəccübləndi, sonra özünə xas olan sakit və mənalı bir təbəssümlə soruşdu: “İndi mən neyləməliyəm?” Vəziyyəti ona danışdım, dedim ki, “Ənvər müəllim, tiraj məsələsini indi müəlliflər özləri həll edirlər. Hərə öz bildiyi kimi.” Nurani baxışlarıyla üzümə baxdı. Məni yaxşı başa düşmüşdü. Köksünü ötürdü: “Bu yaşa çatmışam, - dedi, - hələ də nə “Azərkitab”ın, nə “Kəndkitab”ın yolunu tanımamışam. Heç vaxt əlaqəm olmayıb. Kitabım işıq üzü görməsə də, oralara gedən deyiləm. Xahişlə, minnətlə kitab çap olunar?!”
Sözümün sonunda qeyd etmək istəyirəm ki, S.Hüseynin yaradıcılığına qayğı ədəbi ictimaiyyətimizin, nəşriyyatlarımızın şərəf işi olmalıdır. Bu, həmin Seyid Hüseyndir ki, vaxyilə Azərnəşrdə redaktor işləyərkən özünün on çap vərəqi həcmində kitabını plandan çıxartdırıb, əvəzində beş gənc yazıçının əsərlərinin buraxılmasını xahiş etmiş və buna nail olmuşdu.