Modern.az

Onun kitabı

Onun kitabı

Ədəbiyyat

29 Yanvar 2016, 13:10

35 illik zaman kəsiyinin yaradıcılıq, əmək yollarını dolaşa-dolaşa, çap səddini aşa-aşa oxucusuna yetişdi bu kitab - “Şəmsiyyənin kitabı”. Mübaliğəsiz vurğulaya bilərəm ki, bu hesabat toplusunun işıq üzü görməsinə ən çox bədəniz sevinib. Uzun-uzadı danışıb-düşünmə mərhələsindən sonra Şəmsiyyə Musaqızı axır ki, bu məsuliyyətli addımı atdı və düz də elədi…

İki siyasi sistemi, siyasi-ideoloji mərhələni adladı bu kitab və dəyişməz, barışmaz, mübariz, qərəzsiz jurnalist obrazını gözümüz önündə canlandırdı. Publisistika, müsahibələrdən boy göstərən Şəmsiyyə Kərimova universal savadı, dərin biliyi, məntiqi ilə diqqəti çəkir. Özünün, sözünün məsuliyyətini dərk edən müəllif jurnalistikanın bütün janrlarından üzüağ çıxaraq qələmin ucalıq mərtəbəsinə yüksələrək Milli Mətbuat səlnaməsinə gözəl töhfə verməyi bacardı və bu – Həqiqətdir. Çünki məhz həqiqət, peşəsinə sədaqət, həssaslıq və səmimiyyət “Şəmsiyyənin kitabı”na uğur gətirən başlıca göstəricilərdir…

Əmək qəhrəmanları ilə sevincini bölən, şəhidlərimizlə dirilib ölən, müsahiblərinin qəlbini və dilini bilən Şəmsiyyə xanım jurnalistikanın potensialı və arsenalından məharətlə istifadə edərək oxucuların ürəklərinə yol tapır – öz zərif, kövrək, qadın-ana ürəyi ilə… sanbalı da k, öz yerində…

Onun kitabı 6-cı onilliyinin acılı-şirinli aylarını, həftələrini, günlərini möhürləyən ömür mozaikasıdır… və hər yazısında işıq görünür – ümid işığı.

Erkən yaşında tələf olmuş Kamran balanın itkisinə məlhəmdi bu kitab – onun əbədiyaşar qardaşıdır bu kitab…

“Bu mənim birinci və sonuvncu kitabımdır” deyən müəllif təvazökarlıq edib məncə. Çünki onun ömür yazıları 5-6 kitaba sığar məncə. Axı Şəmsiyyə xanımın neçə-neçə qələm məhsulları “inciyib, küsüb” ondan. İnsanların xətrinə dəyməyən kitab müəllifi çətin ki, hələ də qəzet səhifələrində qalan və… saralan yazıların “xətrinə dəyər”. Odur ki, biz növbəti kitabı gözləməkdə haqlıyıq…

Şəmsiyyə xanımı iç dünyasını, İnsan obrazını açan “Şəmsiyyə xanım haqqında” bölümü onun kitabını tamamlayır. Bu bölümdə yer almış hər bir yazı müəllifin könül pəncərəsinə, geniş ürək kamerasına baxmaq, onun şəxsiyyətinə nüfuz etmək cəhdidir əslində. Eyni zamanda, bu yazıları oxuyan hər bir oxucu özü üçün Şəmsiyyə Kərimovanı kəşf edir, ona vurulur. Çünki bu xanım-xatın Qadını, hamımızın Bacısını… və onun kitabını sevməyə dəyər.

Giya Paçxataşvili

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu