Modern.az

Həsənov niyə sərt danışdı?

Həsənov niyə sərt danışdı?

Ölkə

4 Dekabr 2010, 15:22

Astana sammitinə bağladığımız ümidlərimiz də beləcə boşuna çıxdı. Qarabağla bağlı olan ümidlərimizi deyirəm. Halbuki 56 üzv, 12 tərəfdaş ölkənin yüksəkçinli rəsmilərinin toplaşdığı Astana sammitindən mühüm qərarlar gözləməkdəydik. Bütün sammitlərdə olduğu kimi.

Sammitdən öncə bəzi ekspertlər də Astanada 1-2 dekabrda yeniliklərin olacağını proqnozlaşdırırdılar. Ən azından gözlənilirdi ki, sammitdə Qarabağa dair baza prinsipləriylə bağlı ortaq sənədin imzalanması və prezidentlərin görüşü mümkün ola bilər. Lakin Astanada baş tutan ikigünlük sammitdə də heç nə baş vermədi. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin - ABŞ, Rusiya və Fransa, eləcə də, Azərbaycan və Ermənistan prezidentlərinin birgə bəyanatlarından savayı. Amma qeyd olunmalıdır ki, həmin bəyanata Azərbaycan tərəfi özünün əlavələri ilə şərtlərlə imza atıb. Elə mən də bu yazımda bəyanata edilən əlavələrdən söz açmaq istəyirəm. Hansı ki, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov da dünən jurnalistlərə məhz bunlardan danışıb. Əli müəllim bildirib ki, Azərbaycan sammitin protokoluna beynəlxalq birliyin məsələnin sülh yolu ilə həllində rolunu gücləndirəcəyi şərtilə imza atıb. Onun fikrincə, əgər Ermənistan buna gəlməyəcəksə, Azərbaycan öz torpaqlarını azad etmək hüququnu özündə saxlayacaq.

Bəyanatın məzmunu isə təxminən belədir: tərəflər Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə daha qətiyyətli səylərin atılması vaxtının çatdığını bildirir, əlavə ediblər ki, dinc, razılaşdırılmış nizamlanma, sabitlik və təhlükəsizlik region xalqlarına sülh gətirəcək yeganə yoldur. Və beləliklə, tərəflər yekun həllinin axtarışına tərəfdar olduqlarını bildiriblər. Vəssalam, başqa heç nə.

 Elə bu yerdəcə, bəyanatın mürəkkəbi quramamış Əli müəllimdən erməni tərəfinin ünvanına sərt ittihamlar səslənir. Onun sözlərinə görə, sammitdə böyük dövlətlər mövqelərini ortaya qoyub bildirdilər ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün dövlətlər bir-birinə güzəştə getməlidirlər. Amma Ermənistan tərəfi mübahisə mövzusu olan məsələləri qabardaraq məsələnin həllindən yayınıb.

Prezident Administrasiyasının şöbə müdiri bütün bunlara baxmayaraq, sammitdən sonra Minsk Qrupunun fəaliyyətinin aktivləşdiriləcəyinə ümidlə yanaşır. "Cənab prezident dedi ki, Azərbaycan tərəfinin səbrinin bir həddi var. Bu məsələnin sülh yolu ilə həlli prinsipinin qəbul etdirilməsinə çalışılır və bu o zaman mümkündür ki, Ermənistan tərəfi konstruktiv mövqe nümayiş etdirsin. Ermənistan Azərbaycanı münaqişənin sülh yoluna sürükləyib, özü bu yola gəlməyəcəksə, biz torpaqlarımızı azad etmək hüququnu özümüzdə saxlayacağıq. Günün birində beynəlxalq ictimaiyyət Azərbaycanın öz gücü ilə torpaqlarını azad etməsinə təəssüflənməsin".

Mənim fikrimcə, bu bəyanat Prezident Administrasiyasından səslənən ən cəsarətli bəyanatlardan biridir. Əslində, Ə.Həsənov yuxarıdakı fikirləri səsləndirməklə konkret olaraq demək istəyib ki, əgər beynəlxalq birlik Qarabağ münaqişəsininin sülh yolu ilə həllinə təşəbbüs göstərməsə, işğalçını bir tərəfdə saxlayıb, torpağı işğal olunandan güzəşt tələb etsə, o zaman Azərbaycan üçün də beynəlxalq ictimaiyyətin rəyi gərəksiz bir şey olacaq. Yəni, Azərbaycan öz torpaqlarını azad etmək barədə müstəqil qərar qəbul edəcək.

Əslində, bu qərarı qəbul etməyin zamanı çoxdan çatıb, bizim üçün ən əsası Azərbaycanın ictimai rəyidir. Bəsdir müdafiə olunduğumuz, ən güclü müdafiə hücum olmalıdır.

Artıq Azərbaycanın güzəşt limiti də tükənib. Bu münaqişədə bizim ermənilərə ən böyük güzəştimiz indiyəqədərki səbr etməyimizdir, gözləməyimizdir. Minsk Qrupundan, Şimaldan, Cənubdan, oke-anın o tayından, bu tayından kimsə gəlib Qarabağı bizə qaytarmayacaq.

Əli Həsənovdan dünən eşitdiyim digər bir sərt mövqe də təqdirəlayiq sayılmalıdır. Onun ABŞ-ın İranı vurmaq üçün Azərbaycandan platsdarm kimi istifadə etmək istəyinə qarşı etirazı çox məntiqidir: "Bəziləri Azərbaycanda durub İrana top atmaq istəyir. Ancaq o dövlətdə 30 milyon soydaşımız yaşayır. Biz onlara top-tüfəng atılmasına nəyə görə icazə verməliyik?"

Doğrudan da nəyə görə, nəyin naminə?! Məgər ABŞ deyildimi, 1945-ci ildə Azərbaycan birləşmənin bir addımlığında olanda bu birləşməni əngəlləyən. "İki neft çəlləyinin SSRİ-nin nəzarətinə keçəcəyi" bəhanəsi ilə Dövlət Departamentində o zaman müzakirə olunan Azərbaycan mövzusu artıq neçə illərdir ki, iki qardaşın arasına tikanlı məftillər çəkib. Bu bizim vətən tariximizin bir səhifəsidir, tarixin ibrət dərslərini unutmaq lazım deyil...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu