“Biz bu gün Gənclər və İdman Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında olan anlaşılmazlıqla qarşılaşırıq”.
Modern.az xəbər verir ki, bu sözləri Gözdən Əlillərin Şahmat və Dama Federasiyasının prezidenti Camal Cabbarov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yaz sessiyasının iclasında söyləyib.
Federasiyanın prezidenti bildirib ki, onların idman təşkilatına yardımların ayrılması ilə bağlı hər iki nazirliyə müraciət etsələr də, həmin qurumlar müxtəlif bəhanələrlə məsələni bir-birilərinin üstünə atırlar:
“Gənclər və İdman Nazirliyinə müraciət edirik və onlar bizə deyir ki, siz əlil təşkilatınız, sizə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi avandanlıqla kömək etməlidir.
Əmək və Əhalinin Sosial Müsdafiəsi Nazirliyinə də kömək üçün müraciət etdim. Oradan da mənə İlqar Rəhimov cavab yazıb ki, siz 2009-cu ildə yaranmış təşkilatsınız. 2009-cu ildə qəbul olunmuş “Bədən tərbiyəsi və idman haqqında” qanunun 16-cı bəndində siz yoxsunuz. Yəni parolimpiya, xüsusui olimpiya (əqli qüsurluların idman oyunları), lalların idman oyunları və olimpiyası var. Amma gözdən əlillərin idman və olimpiya oyunları yoxdur. Buna görə də mən Milli Məclisin komitə sədri Hadı Rəcəbliyə müraciət etdim ki, bizi də həmin qanuna alavə etsin. Biz də gözdən əlillər və adi vətəndaş kimi hüquqlarımızı hiss edək, yaşayaq”.
Komitə sədri Hadı Rəcəbli Camal Cabbarovun bu təklifinin tezliklə həmin qanuna əlavə ediləcəyini bildirib:
“Mən elə burada elan edirəm ki, çox qısa bir müddətdə “Bədən tərbiyəsi və idman haqqında” qanunun həmin maddəsinə dəyişiklik etmək haqqında məsələ qaldıracağıq. Çalışacağıq ki, gözdən əlillərin Şahmat və dama federasiyası da idman növləri sırasına daxil olsun”.
Ağa AKİFOĞLU