“Azərsu” Açıq Səhmdar Cəmiyyətində 2015-ci ilin yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.
Qurumun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, ilasda “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, ötən il içməli su təchizatı və kanalizasiya sektorunda da mühüm layihələr həyata keçirilib, istehlakçılara göstərilən xidmətlərin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb:
“Dövlət başçısının əhalinin 24 saat fasiləsiz və keyfiyyətli içməli su il təmin olunması ilə bağlı tapşırıqlarına uyğun olaraq 2015-ci ildə Bakı şəhəri və Abşeron yarımadasında, eləcə də respublikanın 29 şəhər və rayon mərkəzində və kəndlərdə layihələr icra edilmişdir. Görülmüş tədbirlər nəticəsində ölkə üzrə 200 min nəfərin içməli su təchizatı yaxşılaşdırılmış, 186 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunmuş, 102 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilmişdir. Bununla da ölkə üzrə fasiləsiz rejimdə su ilə təmin olunan əhalinin xüsusi çəkisi 64,5 faizə, Bakı şəhəri üzrə 79,2 faizə yüksəlmişdir”.
Ötən il Cəmiyyət üçün ən əlamətdar hadisə Prezident İlham Əliyevin iştirakı ilə Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin açılışı olub. Yeni kompleksin istismara verilməsindən sonra Türkan və Zirə qəsəbələrinə içməli suyun verilməsinə başlanılıb və sakinlər bu mənbə hesabına daha keyfiyyətli su ilə təmin olunur.
2015-ci ildə Kürdəxanı qəsəbəsində yeni su təchizatı sistemlərinin yenidən qurulması layihəsinin icrası başa çatıb, Badamdar və Nardaran qəsəbələrində yeni layihələrin icrasına başlanılıb. Hesabat ilində 14 km-lik Bayıl-Bibiheybət-Lökbatan kanalizasiya tuneli tikilib, Lökbatan çirkab su təmizləyici qurğular kompleksinin ərazisində yeni nasos stansiyası quraşdırılıb. I Avropa Oyunları ilə əlaqədar Böyükşor gölünün, Su idman sarayının ətrafında və digər ərazilərdə, həmçinin Mingəçevir şəhərində su və kanalizasiya sistemlərinin tikintisi və yenidən qurulması işləri həyata keçirilib.
2015-ci ildə Astara, Daşkəsən, Tərtər və Qobustan şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasına başlanılıb. Ucar şəhərində yeni su təchizatı, Göyçay şəhərində isə su təchizatı və kanalizasiya sistemləri istismara verilib. Mingəçevir şəhərində yeni texnologiyaya əsaslanan və məhsuldarlığı sutkada 55 min kubmetr olan sutəmizləyici qurğunun inşası başa çatıb. Şəmkir şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə 16,5 km uzunluğunda Şəmkirçay-Şəmkir magistral su kəməri tikilib istismara verilib. Ötən il Kürdəmir, Ucar, Yevlax, Yardımlı, Zaqatala, Füzuli, Tovuz, Quba, Şəmkir, Şəki, Beyləqan rayonlarının 66 min nəfər sakini olan 29 kəndində içməli su təchizatı yaxşılaşdırılıb.
Hesabat dövründə 866 km içməli su, 285 km kanalizasiya xətləri çəkilib, 35 su anbarı və 12 su və kanalizasiya nasos stansiyası tikilib, 6 subartezian quyusu qazılıb, 52 mini smart tipli olmaqla 80 mindən çox su sayğacı quraşdırılıb.
İl ərzində istehlakçılara 289 milyon kubmetr su satılıb, 192 milyon kubmetr həcmində kanalizasiya xidmətləri göstərilib. Göstərilən xidmətlər üzrə yığım səviyyəsi 2,4 faiz artaraq 93,6 faizə yüksəlmiş, abonent sayı 56 min artaraq 1 milyon 377 minə çatıb.
Təlim-Tədris Mərkəzinin, Suölçən Cihazların Sınağı və Kalibrlənməsi Laboratoriyasının fəaliyyətə başlaması, Mərkəzi Laboratoriyanın akkreditasiya sertifikatı alması ilin əlamətdar hadisələri kimi qeyd olunub. Ötən il “Azərsu” ASC Böyük Britaniyanın Biwater və onun yerli tərəfdaşı Nobel Oil şirkətləri, eləcə də Azərbaycan Milli Elmlər Akademiyası ilə əməkdaşlıq sazişləri imzalayıb.
Daha sonra “Azərsu” ASC sədrinin istismar üzrə müavini Köçərli Həsənov, iqtisadi məsələlər üzrə müavini Mahir Məmmədov, tikinti üzrə müavini Seymur Seyidov, İnformasiya-kommunikasiya texnologiyaları departamentinin rəisi Emil Əhmədov, Texnoloji proseslərə nəzarət və ekologiya şöbəsinin rəis müavini Zahid Qasımov, Suraxanı rayon Sukanal İdarəsinin rəisi Əbülfəz Kərimzadə hesabat məruzəsi ilə çıxış edərək, müvafiq sahələr üzrə 2015-ci ildə görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat veriblər.
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov iclasa yekun vuraraq, Cəmiyyətin 2015-ci il üzrə fəaliyyətini qənaətbəxş hesab edib, 2016-cı ildə görüləcək işlər və qarşıda duran vəzifələr barədə tapşırıqlarını verib. Cari ildə Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də regionlarda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində işlərin davam etdiriləcəyini deyən Səhmdar Cəmiyyətin sədri tikinti-quraşdırma işlərinin qısa müddətdə və keyfiyyətlə aparılmalı olduğunu diqqətə çatdırıb.
Səhmdar Cəmiyyətin sədri su itkilərinin azaldılması məqsədi ilə abunəçilərlə işin təkmilləşdirilməsi, içməli sudan qeyri-qanuni istifadə hallarının azaldılması, istismar, əməyin mühafizəsinin təşkili və ekologiya sahəsində tədbirlərin davam etdirilməsi barədə ciddi tapşırıqlar verib. Qeyd olunub ki, rayon sukanal idarələrində müştəri informasiya sistemlərinin yaradılması müsbət nəticələr verir və bu sistemin tətbiqi digər rayonlarda da həyata keçiriləcək.
“Azərsu” ASC-nin sədri idarə müəssisələrin təsərrüfat-maliyyə göstəriciləri barədə ümumi məlumat vermiş, ayrı-ayrı sahələr üzrə irəliləyişlərə və nöqsanlara toxunub. İclasda fəaliyyətində nöqsanlara yol vermiş idarə və müəssisə rəhbərlərinə ciddi xəbərdarlıqlar edilib, enerji, material və nəqliyyat vasitələrindən səmərəli istifadə olunması, əmək məhsuldarlığının və təşəbbüskarlığın artırılması ilə bağlı göstərişlər verilib.
Qeyd olunub ki, 2016-cı ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışları, Dünya şahmat olimpiadası və digər beynəlxalq tədbirlərlə əlaqədar “Azərsu” ASC üzərinə düşən vəzifələrin icrasını təmin edəcək, turizm və iaşə obyektlərində içməli su və kanalizasiya sistemlərinin normal fəaliyyətinin təmin olunmasını diqqətdə saxlayacaq.
Modern.az