“Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində ölmüş heyvan cəmdəklərinin topdansatış məntəqəsinin aşkarlanması barədə məlumatla tanış olduqda insan dəhşətə gəlir. İnanmaq olmur ki, özünü Azərbaycan vətəndaşı hesab edən bu şəxslər insanların həyatına sağlamlıqlarını təhlükə altına alan belə ağlasığmaz hərəkətlərə yol versinlər. Ancaq Azərbaycan xalqına düşmən münasibət bəsləyən şəxslər bu cür əməllər törədə bilərlər. Çox təəssüflər olsun ki, son vaxtlar respublikamızın müxtəlif yerlərində belə halların aşkarlanması barədə tez-tez məlumat verilir”.
Bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.
Deputat bildirib ki, son illər müvafiq Dövlət Proqramlarına əsasən, respublikanın bütün regionlarında əhalinin maddi-rifah halının yaxşılaşdırılmas, sağlamlıqlarının qorunması istiqamətində zəruri tədbirlər görülür və bu işlər davam etdirilir.
“Belə bir vəziyyətdə yuxarıda qeyd olunan qeyri-qanuni əməllərin təkrarlanması yolverilməzdir. İnsanların sağlamlığı üçün təhlükə yaradan bu şəxslərin çox ciddi cəzalandırılması lazımdır. Dövlət Baytarlıq Xidmətinin yaydığı məlumatda qeyd olunur ki, bu qeyri-qanuni əməli törədən şəxs 2014-cü ildə belə bir əməli Bakı şəhərində törədərkən ifşa olunub. Əgər həmin vaxt bu şəxsə qarşı ciddi cəza tədbiri görülsəydi, o, bu hərəkətə yol verə bilməzdi. Ona görə də belə şəxslərə qarşı mövcud qanunvericiliyə uyğun olaraq ən sərt cəzalar tətbiq olunmalıdır. Lazım gələrsə, bu xarakterli cinayyət halları üçün daha sərt cəza tədbirlərinin müəyyənləşdirilməsi məqsədilə qanunvericilikdə dəyişiklik edilməsi məsələsinə də baxıla bilər”,-deyə R.Əliyev vurğulayıb.
Modern.az