Modern.az

Qələt eləmə...

Qələt eləmə...

4 Fevral 2016, 21:22

Mən yazıçılar, bəstəkarlar, alimlər yaşayan evin balaca sakini olduğumdan onları da, ailələrini də çox gözəl tanımışam. İndiki gözümlə həyətimizə nəzər salıram. Jurnalist olsaydım, bugünkü baxış bucağından onların hansınasa qulp qoşa bilərdimmi? Yaxud da ki, birinə sual verib,  cavab alıb, o cavabı “Kommunist”, “Bakı”, “Baku”, “Ədəbiyyat və İncəsənət”, “Səhər” və digər qəzetlərin səhifələrində verib, sabah qarşı tərəfin fikrini öyrənməyə gedə bilərdimmi? Bilirsinizmi, o vaxt əsl sənətkarlarımızdan alınan müsahibələrdə nə qədər qalmaqallı fikir olub? “N” qədər. Hamısı da jurnalistlərin ürəyində dəfn olunub.  Heç bir dənəsi də qəzet səhifəsinə çıxmayıb. Yalnız yaradıcılıqları təbliğ olunub.  

Mənim eşitdiyim qədər Maestro Niyazi Fikrət Əmirovla Qara Qarayevi bəstəkar saymayıb. Onlar da Niyazini və həm də bir-birilərini. “Bezdarnı” deyiblər dünya şöhrətli sənətkarlar bir-birilərinə. Bunu dillərinə gətirməkdən belə, çəkinməyiblər. Hətta bu  sənətkar eqoizmini Ali Sovetin sessiyasında Azərbaycanın rəhbərlərindən olmuş Əbdürrəhman Vəzirovun dilindən də eşitmişəm. Vəzirovun çıxışının son cümləsi: “... Amma... Fəxri xiyabana getmişdim. Qara Qarayevin, Fikrət Əmirovun, Niyazinin qəbirləri yan-yanadır”.


Lənkəranda “Məhsul bayramı” zamanı tribunada xalamla yanaşı əyləşən xalq artisti Şövkət Ələkbərobanın çıxış edən gənc müğənnilər haqqında (içində İlhamə Quliyeva qarışıq) dediyi “fikirlər” və sairə, ilaxır... Hamısı olub. Amma məhdud dairədə, şifahi xalq ədəbiyyatı şəklində dilə gətirilib. Geniş kütlə içinə çıxarılmayıb. Xalq öz xalq artistinə onun şəxsi, ailə həyatına görə yox, sənətinə görə qiymət verib. Küçədə görəndə qucaqlayıb-öpüb, uşaq kimi sevinib, qibtə edib. Mən də Azərbaycanın bütün əsl sənətkarlarına hörmətlə yanaşıram. Yaradıcılıqlarını sevirəm, şəxsi həyatları mənimçün maraqlı deyil.

HAŞİYƏ: Rayonların birində nəsə tədbir olub. Bizim AzTV-nin operatoru Muxtar Məmmədov da çəkiliş edibmiş. Bir yandan da gözü bir-iki tanınmış mədəniyyət və incəsənət xadimini güdürmüş. Yaxşı bilirmiş ki, tədbirdən sonra bu xanımları hörmət əlaməti olaraq “RayPO”ya - Rayon ticarət idarəsinin bazasına aparacaqlar ki, ürəyiniz nə istəyir seçin, götürün. Onda da xarici mallar qıt idi. Muxtar görür ki, tanınmış mədəniyyət və incəsənət xadimləri rayon prokurorunun maşınına əyləşirlər. O da fürsəti əldən verməyib yaxınlaşır maşına ki, əyləşsin. Bu dəm maşına oturan xanımlardan biri onu əliylə geri itələyərək:

- Muxtar, xeyir ola. Sən hara minirsən? – deyə soruşur.

- Mən də gedirəm sizinlə, - deyə Muxtar cavab verir.

- Muxtar, bizi aparırlar “o söz”, sən hara gedirsən?  (SON)

İndi deyəcəksiniz ki, Mahir bu fikrində qeyri-səmimidir. Necə yəni “maraqlı deyil şəxsi həyatları?”. Televiziyalar, saytlar, qəzetlər şəxsi həyatı faş etməklə reytinq qazanırlar. Amma Mahir deyir ki, “maraqlı deyil”. Maraqlıdır e... Məsəlçün. “Dədə Qorqud” filmində bir çoban obrazı var. Elçin Məmmədov oynayır bu rolda. Onu göstərəndə atam deyirdi ki, bu SSRİ xalq artisti Mehdi Məmmədov və xalq artisti Barat Şəkinskiyanın oğludur. Özü də rəssamdır. Amma heç vaxt demirdi ki, bu Mehdinin birinci arvadından olan oğludur. İkinci arvadı xalq artisti Şəfiqə Məmmədova olub. Ondan da bir oğlu var. Sonra yenə də evləndi. Ondan da bir uşağı oldu. Saçını qırxdıranda dəlləkxanada öldü. Və sair, ilaxır.  Mən hardan bilmişəm bəs? Çünki Şəfiqə Məmmədova da bizim qonşu idi. Bəstəkarların həyətində yaşayırdı. Mehdi Məmmədovun qardaşı Teymur Məmmədov isə atamın dostu idi. Fəxr edirəm ki, Mehdi Məmmədovu  şəxsən tanımışam, ünsiyyətim olub.

Amma indiki bəzi “kişi”lər olsaydı, yüz ayama qoşmuşdular. “Niyə ayrıldılar? Bəs Barat deyirdi ki, Mehdi impotentdir. Yaxud da narkomandır, alkaşdır, nə bilim nədir, daha nədir”. Atam isə bir söz deyirdi: “Mehdi Məmmədov gözəl sənətkar olmaqla yanaşı, həm də əsl kişidir. Ayrılanda papağını qoyub başına, çamadanını da götürüb çıxıb evdən. Səbəbini isə heç kim bilmir”.
Atam əslində mənə tərbiyə verirdi. Kişi tərbiyəsi.



Sənətkarlar  bir-birini sevməz. Tənqid nədir, hətta inkar da edə bilər. Sənətkarlar bir-birilərinin qazandığı uğurları qısqanar. Və bütün bunlar gizli, məhdud dairədə baş verməlidir. Qəzetlərə saytlara çıxmamalıdır. ÇIXARILMAMALIDIR.  Bu qısqanclıq, inkar da dolayısı yolla mədəniyyətin, incəsənətin inkişafına öz töhfəsini verməlidir.

Sənətkarlar çox səmimi insandırlar. Özlərindən razı, xroniki ulduz xəstəliyi də öz yerində. Sanki balaca uşaqdırlar. Kövrəkdirlər. Xəyalpərvərdirlər. Pula hərisdirlər. Xırda bir sözdən inciyə bilərlər. Çox açıqdırlar. Ürəklərindəki dillərindədir. Bu sözü deyəndən sonra peşmanmı olacaqlar, ya olmayacaqlar. Bunu anlamırlar. Gəldi... deyirlər. Lap saçyondusuna da çıxa bilərlər. “Dəli”dirlər.  Bu onların şəxsi həyatıdır. Nə cür istəyirlər, o cür də yaşayırlar. Onlardan bircə şey tələb olunur: “Azərbaycan qanunlarını pozmamaq”. İndi deyəcəksiniz ki, bəs mənəvi qanunlar, ədəb qaydaları?

HAŞİYƏ: İki görkəmli, qocaman  ifaçı foyedə oturub söhbət edirmiş. Bu vaxt anası görkəmli müğənni olan bir gənc bunların yanından saymazyana keçir. Qocamanlardan biri o birisinə:

- Pah atonnan. Bu bizim yanımızdan elə keçdi ki, elə bil biz bunun yox, o bizim anamızı ... (SON)

Gəlin bir misal çəkim. Hansısa bir siyasətçi hansısa bir müğənni haqqında söz deyib. Bakının hansısa rayonunda, hansısa beşmərtəbəli evin 1-ci mərtəbəsində yerləşən qərargahının balaca otağında. Mən Mahir bundan necə xəbər tutdum? Əlbəttə ki, jurnalist həmkarlarım bunu BAYRAQ-XƏBƏR elədilər. Bununla kifayətlənməyib başladılar yürüşə. Yürüyüb-yürüyüb gəldilər dayandılar həmin müğənninin qapısında. Ki, ay müğənni, dözməzdim. Gör filankəs sənin haqqında nə dedi. Müğənni də bir-iki dənə yağlı söz deyir bu jurnalistə həmin siyasətçiylə bağlı. Bu dəfə yürüş əks istiqamətə hərəkətə başlayır. Gəlib dayanırlar qərargahın qabağında. Siyasətçi də görür ki, vəziyyət xarabdır. Sülhməramlı bir ifadə işlədir. Yəni ki, ruslar demişkən “Ne myaso, ne rıba”. Bununla da söhbət bağlanır.

Axı, bu cür söhbətləri qabartmaqla, yaymaqla nə uduruq? Üstəlik millət vəkilləri də söhbətə qarışırlar. Ay başınıza dönüm, ölkədə o qədər münasibət bildirilməli taleyüklü sahələr var ki...

Sualıma özüm də cavab verim. Heç nə udmuruq, əksinə uduzuruq. Sənətdə yüksək zirvələri fəth edən insanları guya ki, xalqın gözündən salmağa çalışırıq. Böyük-kiçik münasibətlərini heçə endiririk.  Ailədaxili sirrləri elə onların özlərinin dilindən faş edirik. Sonra da gülərək “ey Azərbaycan xalqı, budurmu sənin xalq artistin?” deyə sual veririk.

Deyəsən çox danışdım. İndi deyəcəksiniz ki, ay Mahir, özün də jurnalist olmusan. Bu dediklərini biz də bilirik. Sən çıxış yolunu göstər.



HAŞİYƏ:
Günlərin bir günü bir tanınmış müğənni ərə gedir. Bu xanımın da keçmiş ətrafı olan dörd-beş kişi yeyib-içib sərxoş olurlar. Gedirlər onun yaşadığı ər evinə. Qapını müğənni yox, əri açır. Bunlar da onun qanuni arvadının əvvəllər, subay vaxtı nə oyunlardan çıxdığını söyləyirlər kişinin üzünə. O da “bunları başa düşdüm. Amma sizin bu hərəkətlərinizi başa düşmədim. Bu, kişiyə yaraşan hərəkətdirmi?” deyə cavab verir. (SON)

Mən balaca idim. Evə dayım, xalamgil gələndə mənimlə məzələnirdilər. Bilirsinizmi necə? Dayım bir söz deyirdi mənə ki, get xalana de. Mən də tez qaçırdım mətbəxə, sözü çatdırırdım. O da mənim uşaq ağlıma yaxın bir gülməli söz deyirdi. Məsələn: “Get dayına de ki, gəlib onun qulaqlarını çəkərəm”. Mən də gətirib onu çatdırırdım dayıma. Özü də gülə-gülə. O da guya ki hirslənirdi, başqa bir söz deyirdi. Beləcə məni mətbəx və otaq arasında sanki poçtalyona döndərirdilər. Dediklərini anlamırdım. Amma bu, xoşuma gəlirdi. Sonda dayım yorulurdu və “Mahir, get xalana de ki, gedib-gələn qələt eləyir”. Mən də qaçırdım mətbəxə. Bu sözləri çatdırırdım. Özü də əlavə edirdim ki, “xala, dayı sənə dedi ki, qələt eləyirsən”. Xalam da eyni sözlərlə məni dayımın yanına qaytarırdı. Amma, uşaq idim, başa düşmürdüm ki, “gedib-gələn qələt eləyir” sözünü bunlar mənə deyirlərmiş.

Sənət adamları nə qədər sadə olsalar da, küyə getsələr də, günlərin bir günü ayılacaqlar. Və bulvar təfəkkürlü yazanlarımıza bircə söz deyəcəklər. Onunla da söz-söhbət bitəcək. Gəlin, nə qədər gec deyil, bu cür iyrənc mövzuların mətbuata çıxmasına son qoyaq. Lap onlar özləri istəsələr belə.  Ən azı, sonda “GEDİB-GƏLƏN QƏLƏT ELƏYİR” ifadəsini eşitməmək üçün. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI