Modern.az

Dərzinin, “çexol”çəkənin, qaynaqçının... ev “sənayesi”nin hörməti artır

Dərzinin, “çexol”çəkənin, qaynaqçının... ev “sənayesi”nin hörməti artır

İqtisadiyyat

5 Fevral 2016, 12:34

Dövlət peşələrə və torpağa qayıdış erasını başlatmaq hazırlığı içərisindədir. Rəsmi masalar üzərindəki yeni məşğulluq konsepsiyasında peşəyönümlü fəaliyyətin inkişafı prioritet istiqamət kimi seçilir və yaxın illərdə Azərbaycanda köhnə sahələrin aktuallıq qazanmasında, dirçəlməsində, tam yeni sahələrinsə nəzəri, praktiki öyrənilməsində  bir tendensiyanın müşahidəsi gözlənilir.     

Üstəlik, rayon, kənd insanının varlı paytaxtda pul qazanmaq ədası başa çatır ki, hökumət üzvləri və dövlət aparatında təmsil olunanlar yeni başlayan silsiləli əyalət  görüşlərində insanın dövlətdən umduğu təmənnanı torpağa sarı istiqamətləndirir, başqa sözlə, çağdaş durumda yeganə optimal gəlir mənbəyinin ev “sənaye”si və  torpaq olduğu topluma izah edilir. Hələ bu da var ki, torpağa, daxili təsərrüfata yaranan tənbəllik, məhz bu məqamda  haqlı şəkildə tənqid hədəfinə də tuş gəlir.

Çünki torpağı olan da ehtiyacdan şikayət edir; əkmir, becərmir, paytaxtdan gələn pullara ümid bağlayır. Arxayınçılıq, yeyib-yatmağa alışqanlıq indi onları da problemli kəsimə çevirib...     

Keçmişi yaşayanlar çox gözəl xatırlaya  bilir ki, xeyli əskilərdə dövlət işində çalışan kəslər evinin, yaşayışının parıltısını koorrupsiya, rüşvət suçlaması  cəhətindən ictimai baxışlardan həmişə gizlətməyə çalışırdı. Əl əməyinin sayəsində özünə bu təbəqədən heç də geri qalmayan yaxşı gün-güzəran quran müxtəlif peşə insanları isə heç vaxt xof içərisində yaşamırdı.  

Onlar hətta, qohum-qonşu, toplum arasında böyük hörmət sahibinə çevrilə bilmişdi. Çünki sovet prokurorunun  arvadına yerli dərzilər, sovet  müstəntiqlərinin maşınına yerli “çexol”çəkənlər  hizmət edirdi. Başlarına papaq qoyan köhnə kişilər papaqçıların, ayaqqabılarını tez-tez dəyişənlər çəkməçilərin  daimi müştərisi idi.

Əlləri qızıl olan sadə təbəqənin cibinə yaxşı pul kütləsi axırdı, nəticədə həmin sadə təbəqə ikimərtəbəli evlərdə yaşayır, hətta xaricə də gedə bilir, ailənin beş övladını Rusiyanın, Azərbaycanın ali məktəblərində oxutmağı  da bacarırdı. Kəsəsi, idxal deyilən bir şey, demək olar yox idi,  müxtəlif  peşələrin hörmətli, dəbdə olan, qazanc gətirən  əyyamları idi.


Hələ torpaq. Əkib-becərənə, zəhmətdən usanmayana yastıq altına “zapaz” üçün də yeterli olan gəlir qazandırırdı.           

İnsanların içində böyük adam olmaq xəyalları qurulandan, yəni hüquq fakultəsinin dəbi epidemiya təsiri göstərməyə, diplom yarışı, “alimlik” iddiaları- layiqli-layiqsiz hamının içinə çökməyə başlayanda isə, peşə məktəblərinin dəhlizləri boşaldı, peşənin dövranı bitdi. Onun bazarını, həm də, dünya sənayesinin ovcumuzun içinə düşməsi bağladı. 

Şəhərli olmaq həvəsi insanı torpağa dönük etdi, həm də geni dəyişdirilmiş meyvə, tərəvəz  idxalı öz torpağımızı hörmətdən düşürdü.          

Neft pullarının tükənməsindən pəjmürdə olan dövlət hal- hazırda həmin dövrü geri gətirməyə, xaotik paytaxta çevrilmiş Bakının insan yükünü azaldıb, vətəndaşın gəldiyi yerə-torpağa qayıdışını cazibəli etməyə çalışır. Dövlət bu cazibənin üsullarını ortaya qoysa da, boynundan atsa da, sərt sifətini indi göstərən kapitalizmin ağır şərtləri insanları xırda  “ev sənayesi”ni bərpa etməyə, torpağı əkib-becərməyə qaytarır.

Son müşahidələr, geriyə axının başlanması,  Bakıdakı kirayəli mənzillərin ahəstə boşalması səbəbini bu çıxış yolu ilə əlaqələndirə bilir...          

Statistikaya görə, hər il Azərbaycana miqrasiya etmiş 12 min işçi qüvvəsi müxtəlif sahələrdə çalışır ki, bu sahələr Azərbaycan insanına nabələd, onun bilavasitə axsadığı sahələrdir və boşluğu xarici miqrantlar doldurmaq zorundadır. Peşəyönümlü fəaliyyətə ayrılan diqqət bu məqamları da nəzərə alır. Çünki dənizin dibində qaynaq işlərinin aparılması bir ayda əmək haqqı olaraq, təxminən ondan artıq dövlət qulluqçusunun maaşı qədər  vəsait tələb edir  ki, SOCAR bu vəsaiti yerli vətəndaşa deyil, kənardan cəlb etdiyi işçi qüvvəsinə ödəməli olur.

Tikinti sahəsində də analoji problemlər var, çünki əvvəlki mühəndislər və bacarıqlı ustalar artıq təqaüdçü təbəqəyə çevrilib, digər tərəfdən, dünya tikinti standartlarını, modern konstruksiyalı binalar inşaasını  bilənlərə təlabat daxili potensial hesabına ödənilmir.  

Peşəyönümlü fəaliyyət içərisində yeni sahələrin də tədrisi, praktiki öyrənilməsinin əhəmiyyəti artır. Məşğulluq konsepsiyasındakı məntiq peşə məktəblərinin canlanması, burada peşələrin sayının artırılması və bu istiqamətə  gəlməli olan gənclərin axınını stimullaşdırmaqdan ibarətdir.    

Vəziyyət tamamilə aydındır: beyinlə pul qazanmaq dövründə zamanı naməlum pauza yaranır. Fiziki qoçaqlıq, qol gücünə keçid başlayır. Toxucu dəzgahları, “Fertas”, “Çayka”, stolüstü əl tikiş maşınlarının üzərindəki örtüklərin götürülməsi, yağ, qaymaq hazırlayan maşınların toz-torpağının təmizlənməsi, nehrələrin sayının artırılması, dənizin altına özümüzün girməyimiz, nəhəng neft, qaz  borularının işinə özümüzün yaxınlaşmağımız düşdüyümüz  iqtisadi ağırlıqda əlverişli çıxış yollarından biridir.    

Yaxşı dolanışıq süqut edirsə, bunu nisbətən yüngülləşdirə bilən variantlarda dövlət gecikir, vətəndaşsa öz imkanları nöqteyi-nəzərdən  əfəllik edirsə, bu, tamamən müflisləşmək demək olardı. Zəhmətə sarılanın ruzusu Allahdan gəlir və heç də az gəlmir.

Peşəyə və torpağa sarılana yaşıl işıq həmişə var...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama