İqtisadçı Qubad İbadoğlu Mərkəzi Bankın Azərbaycan manatının rəsmi məzənnəsi son 10 gündə 2 qəpik bahalaşdırmasını ajiotajın aradan qaldırılmasına yönəldiyini bildirib.
Modern.az saytının verdiyi xəbərə görə, ekspert deyib ki, Mərkəzi Bankın manatın məzənnəsini inzibati yolla tənzimləmə siyasətində son 10 gündə etdiyi dəyişiklik qısa müddətli dövrdə manatın xeyrinə olsa da, bütövlükdə bazar münasibətlərinin ziyanınadır:
“Məqsədi panikaların idarəedilməsi olan bu siyasətlə heç vaxt hədəfə çatmaq mümkün deyil. Nə qədər ki, iqtisadiyyatda böhran simptomları və pisləşən trendlər var, bir o qədər də bazarlarda panikalar müşahidə olunacaq. Bu milli valyutası sürətlə dəyərsizləşən, xüsusilə də tez-tez böyük faizlərlə devalvasiya ilə qarşılaşan ölkələrin əhalisi üçün həssas və xarakterikdir. Bir də unutmaq olmaz ki, panikalar idarə olunmur.
Odur ki, yanvarın 25-dən başlayaraq davamlı olaraq manatın məzənnəsini ABŞ dollarına nisbətdə bahalaşdıran Mərkəzi Bank yeni siyasətinin arxasında iqtisadi məntiq yoxdur. Hətta bunu Maliyyə Nazirliyinin "istiqraz siyasəti"nə dəstək kimi də qiymətləndirmək mümkün deyil. Çünki, yenə də valyuta bazarında strateji ehtiyatlar "küləyə sovrulur” və hərbi dildə ifadə etsək “sonuncu güllələr havaya atılır”.
Q.İbadoğlu bildirib ki, manatın məzənnəsini bir və ya bir neçə gün əvvəldən elan etməklə yanaşı, daxili bazarda valyuta satışını məhdudlaşdıran Mərkəzi Bankın başqa bir yanaşması məntiqsiz və sistemsiz siyasətin tərkib hissəsidir:
“Diqqət edin, 21 dekabr devalvasiyasından dərhal sonra açıqlama verən Mərkəzi Bank sədri qeyd edirdi ki, "bu gün biz ilk auksionumuzu təşkil etdik. Biz həmçinin məzənnənin əməliyyat çərçivəsini dəyişdik.
Bundan öncə biz bazarın valyuta olan tələbini tam ödəyirdik. Lakin bundan sonra biz artıq bazara auksionlar vasitəsilə valyuta təklif edəcəyik, tələb-təklif proporsiyasına nəzər salacağıq."
Görəsən, bir və ya bir neçə gün əvvəldən məzənnənin müəyyənləşdirən Mərkəzi Bank tələb-təklif proporsiyasına əvvəlcədən necə nəzər salır? Olmaya Mərkəzi Bank da falçılıqla məşğuldur, öncədən görmə qabiliyyətinə malikdir, yoxsa sabahlı məzənnəni bu gün necə bilmək olar ki?
Dəfələrlə qeyd etsək də, yenə də təkrarlamaq məcburiyyətindəyik. Manatın sabitləşməsi və ona etimadın bərpa olunması üçün yeganə yol onun digər valyutalara nəzərən gerçək məzənnəsinin müəyyənləşdirilməsindən asılıdır.
Bu isə yalnız valyuta bazarının liberallaşmasından və manatın məzənnəsinin tələb-təklif əsasında real hərraclar vasitəsilə təyin edilməsi ilə mümkündür.
Onu da xatırlatmaq istərdim ki, nə qədər ki, manatın gerçək məzənnəsi bəlli deyil, bir o qədər də manata inam bərpa olunmayacaq və panikalar bazarlarda aparıcı rol oynayacaq. Eyni zamanda gerçək məzənnə bilinməyincə ölkədə sabit maliyyə və mötəbər bank sistemi formalaşmayacaq, investisiya və işgüzar fəallıq aşağı düşəcək. Bütün bunlar isə iqtisadi böhrandan çıxışa deyil, onun dərinləşməsinə xidmət edəcək”.
Gülşən RAUFQIZI