Azərbaycanla sərhəd ölkələrdə “donuz qripi” aşkarlandığı vaxtdan ölkəmizdə gücləndirilmiş tədbirlər həyata keçirilir. Səhiyyə Nazirliyinin göstərişlərinə əsasən məktəb və bağçalarda dezinfeksiya işləri aparılır.
Fevralın 15-ə qədər Respublikanın bütün mətkəb və bağçaları dezinfeksiya olunacaq. Lakin bəzi məktəblərdə dezinfeksiya işləri ilə yanaşı, şagirdlərin maska taxmaları və əlləri spirtlənərək içəri keçmələri bildirilir. Bundan narahat olan valideynlər isə ölkədə “donuz qripi”nin olmasından şübhələnərək belə addımın atıldığını iddia edirlər.
Təhsil Nazirliyindən Modern.az-ın müvafiq sorğusuna cavab olaraq bildirilib ki, ölkədə “donuz qripi” faktı qeydə alınmayıb və heç bir şagird də bu məqsədlə dərsdən kənarlaşdırlmayıb. “Təhsil Nazirliyi tərəfindən məktəblərə belə bir göstəriş verilməyib”.
Qeyd edək ki, məktəblərdə sanitar – gigiyena məsələləri ilə bağlı məsələlərə Səhiyyə Nazirliyi nəzarət edir. Dezinfeksiya işləri də Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən profilaktik tədbir olaraq həyata keçirilib.
Aytən ZƏHRA