Mətbuatımız heç vaxt bu günkü qədər ağır duruma düşməyib, bu günkü qədər hörmətdən salınmayıb. Mən niyə “hörmətdən düşüb” demədim, “hörmətdən salınıb” dedim? Çünki hörmətdən salınmaqla, hörmətdən düşmək başqa-başqa şeylərdir. Təəssüf ki, ətrafımda olan və vəziyyətdən çıxış yolu axtaran həmkarlarımın çoxu fikirlərini “hörmətdən düşüb” frazasına yönəldir və müzakirələri bu yöndə aparırlar. Ona görə də sonsuza qədər uzanan bu söz-shbətlərdən heç bir nəticə hasil olmur, problem yaşanmaqda davam edir.
Təəssüflər olsun ki, millətin danışan dili olan Azərbaycan jurnalistikası cəmiyyətdə get-gedə daha ikrahdoğurucu vəziyyətə düşür. Səbəbini başqa yerdə axtarmaq lazım deyil. Məsələ burasındadır ki, bizim mətbuatımız dünyada qəbul olunmuş dördüncü hakimiyyət funksiyasını çoxdan itirib. Yəni öz missiyasını yerinə yetirməkdən uzaq düşüb. Özü də adama elə gəlir ki, ciddi inzibati tədbirlər həyata keçirilmədən bu proses gedir. Düzdür, jurnalistlərə kifayət qədər azadlıqlar verilib. Kim nədən istəsə yazır. Heç bir qoruq-qadağa yoxdur. İstənilən vətəndaş 10 gün ərzində qəzet, jurnal təsis edib yaymaq hüququna malikdir. Di gəl, bu adamların, demək olar ki, böyük əksəriyyəti mətbuatdan xəbərsizdir. Başlıcası isə odur ki, onlar yazmaqdan başqa hər şeyi çox gözəl bacarırlar. Aralarında dövlət işindən qovulmuşlardan tutmuş bazar alverçilərinə qədər hər zümrədən insanlar var. Redaksiyalar bir növ işsizlərin toplaşdığı bir məkana çevrilib. Kim iş tapa bilmirsə, qəzetlərə üz tutur, son bir neçə ildə isə saytlara daraşmağa başlayıblar.
İş o yerə çatıb ki, yazı yazmaq qabiliyyətindən uzaq reket jurnalistlər dolanışıqlarını təmin etmək üçün təsis etdikləri qəzet-jurnallara elə gurultulu adlar verirlər ki, məmurlar qeyri-ixtiyari olaraq onları razı yola salmaqdan başqa çıxış yolu görmürlər. Belə mətbuat orqanlarından bir neçəsinin adını çəkmək yerinə düşər: “Jurnalist və qanun”, “Xüsusi təhqiqat”, “İstintaq”, “Müfəttiş”, “Qanun və mühakimə”, “Qanun və nəzarət”, “Hüquq və ittiham”, “Korrupsiyaya son” və s. və ilaxır. Yəni bu tip qəzetlər yazı yazmadan belə şantajla istədiklərinə nail olurlar.
Ciddi qəzet və jurnallar isə nə yazır-yazsın əhəmiyyət verən yoxdur. Məmurların tük ürpərdən əməllərindən hər gün nə qədər desən materiallar dərc olunur. Bunlardan biri də hüquq-mühafizə orqanları tərəfindən araşdırılmır. Bəlkə jurnalist böhtan atır? Nə tənqid obyekti, nə də yazı müəllifindən xəbər alan yoxdur ki, axı, nə baş verir? İlk növbədə tənqid olunan tərəf yazılanlar böhtandırsa, qəzetdə təkzib verdirməli, lazım gələrsə, məruz qaldığı mənəvi ziyanın qarşılığını ödətmək üçün məhkəməyə müraciət etməlidir. Təəssüf ki, əksər halda qarşı tərəfdən səs çıxmır. Bunun da obyektiv səbəbi var. İş içindən iş çıxa bilər. Beləcə hamı sakitcə öz çax-çuxuna davam edir. Rüşvətxor, korrupsioner məmur yenə də dövlətin və xalqın cibini silib-süpürməklə, reket qəzetlər isə qapı-qapı düşüb beş-üç manat qazanmaqla məşğul olurlar.
Dünyanın heç bir ölkəsində belə utancverici şeylərə rast gəlməzsən. İfşaedici faktlar əldə etmədən heç bir jurnalist məmur qapısını döyməz, qəzet səhifəsinə böhtan dolu tənqidi material çıxarmaz. Tənqid hədəfinə tuş gələn məmur hansı vəzifəni daşımasından asılı olmayaraq fakt qarşısında qaldıqda sivil qaydada istefa ərizəsini yazır. Daha sonra isə yazılanlarla bağlı məhkəmə prosesi başlayır və hər kəs layiq olduğu cəzanı alır. Bizdə isə praktikada hələlik belə bir şey baş verməyib, min hoqqadan çıxan məmurlar da, reket jurnalistlər də cəzasızlıq mühitində at oynadırlar.
Qanunların işlədiyi və hər kəsə əməlinə görə dəyər verildiyi yerdə isə nə məmur özbaşınalığı olar, nə də reket jurnalistlər. Cəmiyyət belə parazitlərdən arınıb təmizlənər. Bu gün halal jurnalistikanın təşəkkül tapması hansısa mətbu orqanı bağlamaqla düzələn deyil, ümumi sistemə əl gəzdirmək lazımdır. Əl gəzdirmək özü də çətin məsələdir. Çünki problemlər çox şişərək əndazəsini aşıb.
Bu günlərdə telekanallardan birində baş redaktorlar yığışıb qəzetlərin maliyyə durumunu necə yaxşılaşdırmağın yollarını müzakirə edirdilər. Onlar sonda bu qənaətə gəldilər ki, yazılı KİV-ləri reklam bazarına buraxmaq lazımdır. Hakimiyyət buna şərait yaratmalıdır. Tamamilə absurd fikirdir. Bu o deməkdir ki, bizim təfəkkürümüz hələ də yedək psixologiyasından xilas ola bilməyib.
Qəzetin sözü eşidildikdə, yazdıqlarına reaksiya verildikdə mətbuatın nüfuzu artar və geniş oxucu kütləsi qazanar. Müəssisələr, şirkətlər reklam və elanlarını onlara tapşırıq, göstərişlə deyil, özləri məmnuniyyətlə təqdim edərlər. İki cüt bir tək oxucusu olan, nüfuzdan düşən bu günkü mətbuat orqanlarını isə təbiidir ki, saya salan olmayacaq. Reklam bazarının qapısı daim üzlərinə bağlanacaq. Halbuki kütləvi informasiya vasitələrinin dolanışıq yeri reklamlardır və bundan məhrum olanların, xüsusən, gündəlik çıxan qəzetlərin sabahına ümid yoxdur.
Sirr deyil ki, bu gün reklam bazarı ölkədəki çox azsaylı televiziya kanalları üçün işləyir. Çünki göstərilən hər bir tənqidi material dövlət orqanları tərəfindən cavabsız qalmır. Nəticədə hər bir sahibkar telekanala reklam, elan verməyəcəyi təqdirdə problemlərlə üzləşməyəcəyinə əmin deyil. Acınacaqlı olsa da, reklam bazarında bu prinsip hələ ki, qalmaqdadır. Üstəlik inkişaf etmiş ölkələrdən fərqli olaraq telekanallarımız yazılı mətbuata qısqanclıqla yanaşır, rəqib gözü ilə baxdıqlarından onların icmallarını vermək istəmirlər.
Qısası, sayı çox mətbu orqanların gücü sıfıra bərabərdir. Tirajı isə barmaqla sayılır. Çıxış yolu kimi indi bir çox mətbuat orqanı bu gün dövlət yardımı hesabına nəşr edilir. Bu da istər-istəməz ələbaxımlığa və məmurlardan asılılığa gətirib çıxarır. Jurnalist tərəfsiz olaraq sözünü deyə bilmir. Nöqsanlar, qüsurlar pul verən tərəfin xeyrinə ört-basdır edilir. Nəticədə mətbuatımız və cəmiyyətimiz itirir.
İndi qarşıda iki yol var: ya mətbuatın dördüncü hakimiyyət statusu bərpa olunmalı, qəzetlər normal fəaliyyət göstərməlidir. Ya da “bespredel” davam etməli, reket jurnalistikası çiçəklənməlidir. Bu məsələdə biz jurnalistlər seçim etmək iqtidarında deyilik. Seçim etmək səlahiyyəti hakimiyyətə məxsusdur. Mətbuatda baş alıb gedən “bespredel”in qarşısını yalnız dövlət ala bilər. Təbii ki, qanunların işləməsinə şərait yaratmaqla.
Yaradılacaqmı? Çətin sualdır.