Modern.az saytı xəbər verir ki, Azərbaycan müdafiə nazirinin keçmiş müavini, Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı, general-leytenant Rail Rzayevin qətlə yetirilməsindən 7 il ötür
O, 7 il əvvəl - 2009-cu il, fevralın 11-də Bakının düz mərkəzində güllələndi. O zaman hadisədən sonra qətlin üstünün tezliklə açılacağı gözlənilirdi. Çünki öldürülən şəxs sıradan biri deyildi, müdafiə nazirinin müavini, ölkənin hava məkanına cavabdeh general-leytenant idi. Amma gözləntilər reallaşmadı... Və 7 il ötməsinə baxmayaraq, qanlı aksiyanı həyata keçirənlərin kimliyi sirr olaraq qalmaqdadır..
Baş prokuror Zakir Qaralov hələ 2009-cu ildə mediaya açıqlamasında bildirmişdi ki, general Rail Rzayevin qətlinin araşdırılmasında xarici ekspertlər də iştirak edəcəklər.
Rail Rzayevin qətli ilə bağlı iki şəxs - generalın köməkçisi Aydın Rəfiyev və yavəri Anar Həşimov həbs edilib. İstintaq bu şəxsləri qətldən sonra generalın otağında baş verən oğurluqda şübhəli şəxs sayıb.
2010-cu ilin noyabrında Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin qərarı ilə Aydın Rəfiyev 9, onun oğlu Anar Rəfiyev 7 il 6 ay, generalın yavəri Anar Həşimov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.
Rail Rzayev evinin yaxınlığında qətlə yetirilib. Faktla bağlı cinayət işi başlanıb. İstintaqı Respublika Prokurorluğu, Daxili İşlər Nazirliyi və keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu aparır.
R.Rzayev Azərbaycan müstəqillik əldə edənə kimi keçmiş SSRİ Silahlı Qüvvələrində xidmət edib. 1992-ci ildən etibarən isə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində fəaliyyət göstərməyə başlayıb. Rail Rzayev Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 1993-cü ildə Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı vəzifəsinə təyin edilmiş və ömrünün sonunadək bu vəzifədə çalışmışdı.
Rail Rzayev 1994-cü ildə general-mayor, 2002-ci ildə isə general-leytenant hərbi rütbələrini almışdı.
Rail Rzayev bir sıra orden və medallara layiq görülmüş, o cümlədən Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə görə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdi. 2004-cü ildə prezident İlham Əliyevin sərəncamı ilə ona general-leytenant hərbi rütbəsi verilib.
Modern.az