Məclis bir andaca tilsimləndi
Naharın vaxtını xeyli gecikdirmiş iştahlı müsafirlər yeməyi saxlayıb eşitdikləri SƏS-in sehrinə düşdülər. Mahnı da əsrarəngiz idi, mahnını təqdim edən səs də:
Kim sevməsə öz yurdunu,
Bu dünyadan naçar gedər.
Nə eldə bir nişan qoyar,
Nə qəlbə nur saçar gedər.
Nəbi Xəzrinin həzin, lirik misralarına bəstəkar Bəhram Nəsibovun notlara uyuşdurduğu bu gözəl mahnını Pəri xanım Abıyeva əsl məqamında səsləndirmişdi. Nağıllarımızda, dastanlarımızda “göydə quşlar qanad saxladı”, “bütün canlılar dinşədi” kimi ifadələrlə çox rastlaşmışıq. Amma onlar nağıllarda olurdu. Nağılların həqiqətə çevrilməsi isə müşkül məsələdi. Bir qədər bədiiləşdirsək, müşkülü mümkünə çevirdi həmin andaca Pəri xanım...
Auditoriya isə Azərbaycanın çox böyük alimləri, dil-ədəbiyyat xadimləri, jurnalist camiəsi ilə əhatələnmişdi. “Qurban Dirili” məclisinin şair-publisisit, “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələflinin yaradıcılıq gecəsinə həsr etdiyi görüş-tədbirin iştirakçılarından professorlar Qəzənfər Kazımov, Nizaməddin Şəmsizadə, Qurban Bayramov, Təyyar Salamoğlu, şair Yusif Nəğməkar, eləcə də xeyli sayda digər SÖZ keşikçilərinin və başqalarının qatıldığı məclisdə yaratmışdı bu mənzərəni Pəri xanım. Hələ badələr qaldırılmamış, başlar dumanlanmamış neçə-neçə məclis əhli mahnının məşhur sonuncu hissəsini Pəri xanımla birgə ifa etməkdən özlərini saxlaya bilmədilər:
Gəzdim göllər, çaylar üstə,
Gül bağladım dəstə-dəstə.
Şair Nəbi son nəfəsdə
Bu torpağı qucar gedər...
“Səsimə ilk sevinməyən atam oldu”
Sonra ölməz sənət fədailəri - bəstəkar Şəfiqə Axundovanın, kaman ustası Habil Əliyevin musiqi əsərlərindən, Bəxtiyar Vahabzadə, Əliağa Vahid və başqalarının yaradıcılığından, Şövkət xanımın, Arif Babayevin, Alim Qasımovun və başqalarının sənətlərindən nümunələr üzərində yaratdığı mirvariləri sapa düzməkdə davam etdi Pəri xanım. Maraqlı burası idi ki, o, bu səviyyəni sonadək qorudu, qətiyyən aşağı salmadı. O gecə korifeylərdən kimlər xatırlanmadı ki bu müğənninin səsinin təsiri altında. Azərbaycan başdan-başa sevildi, xatırlandı. Məclis əhli elə duyğulanmışdı ki…
Şübhəsiz ki, bu miqyaslı kontingentin qarşısına əlidolu çıxan müğənni xanımın kimliyini tanımaq hamının maraq dairəsində özünə yer eləmişdi. Hətta onun Azərbaycanımızın hansısa bölgələrindən ola biləcəyini təxmin edənlər arasında yüngülvari bir mübahisə də yarandı. Aparıcı, şair Tariyel müəllimsə hamını bu nigarançılıqdan xilas elədi: “Pəri xanım Azərbaycanın cənub bölgəsinin, özəlliklə Masallı rayonunun təmsilçisidir”.
Məclis əhli çox qısa bir zaman kəsiyində sehrinə düşdükləri bu səsin ifasında yeni mahnıları dinləməyə, mümkün qədər bugünkü gecədən səmərəli istifadə eləməyə həvəsli idilər. Məndə isə bir dəfə də həmyerlim müğənni barədə yazmaq istəyi baş qaldırdı. Buna dəyərdi axı… Fürsətdən istifadə edib həmyerlimlə tanış olmaq istədim. Canlı musiqi sədaları altında elə canlı şəkildə də bircə Vüsal adlı sintezator ifaçısının müşayiətilə ifa olunan, bir-birini əvəz edən bəstəkar və xalq mahnılarımızın antraktından yararlanıb bu misilsiz səsin sahibinə yaxınlaşdım.
Pəri Abıyeva Masallı rayonunun II Yeddioymaq kəndində anadan olub. 20 ildən artıqdır ki, Allah vergisi olan SƏSİNİN sərhədləri çərçivəsində müğənnilik sənəti ilə məşğuldur. Əksər müğənnilər kimi səsinin, təkrarsız avazının ona nəsibliyinə ilk dəfə sevinməyən atası olub. Yeddioymaqlılar şirin avazına görə məhərrəmlik ayinləri zamanı mərsiyyələri yalnız bu qızcığazın dilindən eşitmək istəyiblər. Lakin bütün müğənni qızların qarşısında sədd çəkən “müğənnilik qınağı” onu musiqi savadı almaqdan məhrum edib. Ancaq Tanrının bəxş etdiklərini çəpərləyə bilmək də asan məsələ deyil. Təsadüfi bir tanışlıq – rəfiqəsinin canıyananlığı Pəri xanımın Bakıya – daha geniş meydanlara ayaq açmasına səbəb olub…
Yox, bu Elnarə Abdullayeva deyildi
…Pəri xanımı həm görünüşcə, həm də məlahətli, zili zil, bəmi bəm səs ahənginə görə gözəl muğam və mahnılar ustası, əməkdar artist Elnarə xanım Abdullayeva ilə müqayisə etməyə başladılar məclisdəkilər. Hətta Pəri xanım oxuyanda – bu gözəl mahnı və muğam parçalarını dilə gətirəndə (yeri gəlmişkən, onun ifa tərzində nə bir artıq xal, boğaz, nə də bayağı mahnılar eşitmədik – N.Z.), bu sənət əsərlərini yaşayaraq oxuyanda Elnarə xanım kimi özündən biixtiyar boynunu çiyni üzərinə qoyduğu da diqqətlərdən yayınmadı. Amma oxu tərzində özünəməxsusluğunu qorumaq şərtilə təbii ki…
O, efirlərə çıxmaqda özünü günahlandırsa da…
Məclis başa çatana qədər Pəri xanımın niyə efirlərdə görünməməsini düşünürdü hamı. Daha doğrusu gileylənirdik. Əvvəllər – SSRİ dönəmində Azərbaycanda bir televiziya kanalı var idi. O zaman hamını efirə buraxmırdılar. Bədii şura, ideoloji baxımdan milli-mənəvi sərvətlərimizə yad müdaxilələr, bir sözlə “əl üstə əl” vardı. Həm də efir, zaman qıtlığı var idi. İndi isə televiziyanın bu qədər bol, şou-proqramların geninə icazəli, müsabiqələrin sürətlə bir-birini əvəz etdiyi bir vaxtda belə səsə malik bir müğənnini, başqa sözlə, onun boğazında gəzdirdiyi Tanrı payı olan el sərvətini xalqdan gizlətmək nə boyda ədalətsizlikdi?!
Bir sıra əbədiyaşarlıq möhürünü vurmuş mahnı mətnlərinin müəllifi, şair Yusif Nəğməkar da Pəri xanımın əvəzsiz səsinə biganə qalmayacağını, onu bəstəkarlarla əlaqələnduirəcəyini söylədi. Pəri xanım özü isə efirlərdə görünməməyinə görə təvazökarlıq edir, heç kimin qarasına danışmaq istəmir, buna görə yalnız özünü qınayırdı.
Toylara başı qarışan müğənninin mahnıların, muğam parçalarının sözlərini dəqiqliklə bilməsi, necə öyrənməsi ilə də maraqlanıram. Deyir o bu sözləri görkəmli sənətkarların ifasında dinləməklə kifayətlənmir, onları kitablarda tapıb dəqiqləşdirir, sonra oxuyub-əzbərləyir. Öz üzərində işləməyi, sənətini daim təkmilləşdirməyi sevir. Elə bu zəhmətsevərliyi sayəsində də toylara, el şənliklərinə təkrar-təkrar dəvət olunur.
Bir ziyalı məclisini yüksək ovqatda başa çatdıran müğənni-xanımla ayrılmaq məqamında bir daha ürəyimdən televiziya rəhbərlərinə səslənmək istəyi keçdi. Yaxşı olar ki, gözünüzü geniş açıb bəsit mahnıları, ürəkbulandıran səsləri ilə efirlərimizi və gözlərimizi yağır edən istedadsız müğənnilərdənsə belə səs sahiblərinə meydan verəsiniz. ATV-nin “Nanəli” proqramında belə bir nümunə artıq yaradılıb. Təqdirolunası haldır ki, aparıcı və müəllif Nanə Ağamalıyevanın təqdimatında, xalq artistləri, böyük sənətkarlar Flora xanım Kərimovanın və AğaCəbrayıl Cəbrayılovun nəzarətində bu tipli səslərə və əsl sözlərə meydan verilib. Ancaq təəssüf ki, yenə də tanınmışlarına…
P.S. Deyirlər ki, gənc Əliağanın (şair Əliağa Kürçaylı – N.Z.) Salyandan gətirilib o vaxtkı Azərbaycan Dövlət Universitetinə qəbul edilməsinə onun rayon qəzetində çıxan bicə şeiri səbəb olub. Səməd Vurğun istedadı seçib və onun qiymətləndirilməsində, hətta təhsil almasında israr edib. Deməli, hər şey hər zaman mümkündür. Sadəcə istək və doğma xalqı qarşısında məsuliyyət hissi varsa…