Modern.az

“Öz ayağına görə yaşamaq istəməyən tanınmışlar olub”

“Öz ayağına görə yaşamaq istəməyən tanınmışlar olub”

13 Fevral 2016, 11:15



Azərbaycan Tibb Universitetinin professoru, tibb elmləri doktoru, Dünya və Avropa Damar Cərrahları Assosiasiyasının üzvü Məhəmməd Kərimovun varikoz və venaların digər xroniki xəstəlikləri, yaranma səbəbləri, profilaktikası, müayinə və müalicəsi haqqında Modern.az saytına müsahibəsi:

- Professor, sizin bu sahə üzrə mütəxəssis olduğunuz hamıya bəllidir. Elə bu səbəbdən də soruşmaq istəyirəm, bu gün varikoz xəstəliyi ilə bağlı sizə müraciət edənlər çoxdurmu?

- Ümumiyyətlə, varikoz xəstəliyi bu gün dünyada böyük tibbi, sosial problemdir. Öz yayılma göstəricilərinə görə xəstəliklər arasında ilk beşliyə, bəzən hətta ilk üçlüyə daxil edilir. Müxtəlif ölkələrdə xəstəliyin yayılma tezliyində bu və ya digər dərəcədə fərqlər var. Amma ortalama götürdükdə qadınlar arasında 35-40 faiz, kişilər arasında 20-25 faiz arasında dəyişir. Ölkələr üzrə götürdükdə bəzilərində, hətta 70-80 faizə qədər yayıldığı müşahidə edilir. Burada müəyyən nüanslar var. Xəstəliyin başlanğıc formaları var ki, onlara teleangioektaziyalar, retikulyar venalar deyilir. Belə olan halda həm Azərbaycanda, həm də dünyada əhalinin az qala 80 faizi bu xəstəlikdən əziyyət çəkir. Ona görə də bu gün alimlər varikozu “xalq xəstəliyi” adlandırır. Azərbaycanda məqsədli şəkildə bu xəstəliklə bağlı tədqiqat aparılmayıb, yaxud belə bir epidemoloji tədqiqatın aparıldığı barədə məndə informasiya yoxdur. Amma dünya, Rusiya, MDB ölkələrinin statistikası var. Rusiyanın məlumatlarındakı rəqəmlər Avropa və Amerikadakı rəqəmlərə uyğun gəlir.

- Xəstəliyin qadınlarda 35-40 faiz, kişilərdə 20-25 faiz müşahidə edildiyini qeyd etdiniz. Bu nisbətin yaranma səbəbi nədir? Qadınların hamiləlik faktoru burada hər hansı rol oynayırmı?

- Qadınlarda varikozun daha çox risk faktorları var. Risk amilləri nələrdir? Birincisi, qadın cinsindən olmaq əsas risk amilidir. Az xəstəliklər var ki, burada cins amili rol oynayır. Varikozda qadın olmağın özü riskdir. Sonrasında hamiləlik, artıq çəki, maddələr

mübadiləsinin pozulması, qarında köp, bağırsaqların fəaliyyətinin zəifləməsi, uzun müddət ayaq üstdə dayanmaq, uzun müddət oturaq vəziyyətdə olmaq, hormonal problemlər, müxtəlif hormonal pereparatların-hamiləliyi dayandırmaq üçün istifadə olunan həblərin istifadə olunması risk amilləridir. Sadaladıqlarımın çoxu da qadınlarda olduğuna görə bu fərq əmələ gəlir. Amma bu, dünyada tam qəbul olunmayıb. Məsələn, dünya konqreslərinin birində verilən epidemoloji məlumatlarda göstərilirdi ki, varikoz xəstəliyi yayılmasında qadın-kişi fərqi yoxdur. Burada bir nüans da var: bu xəstəliyə düçar olan qadınlar həkimə daha tez müraciət edir. Kişilərdə isə şalvar altında qalır, o qədər də fikir verilmir. Odur ki, kişilər əksərən tədqiqatdan kənarda qalırlar.

- Professor, problemin aradan qaldırılması üçün təklif olunan üsullar nədən ibarətdir?

- İlkin olaraq xəstəyə diaqnoz qoyulmalıdır. Diaqnostika aparılması üçün kütləvi müayinələr aparılmalıdır. Keçmiş SSRİ-də buna dispanserizasiyası deyilirdi. 2015-ci ildə bizim ölkəmizdə də əhalinin dispanserizasiyası aparıldı. Səhiyyə Nazirliyi də aşkar olunan xəstəliklər barədə ictimaiyyəti məlumatlandırdı. İnsanların planlı şəkildə sonrakı müayinə, müalicə, diaqnozun dəqiqləşdirilməsi üçün bu və ya digər klinikaya yönləndirilməsi yaxşı nəticələndi. Əhalinin yarana biləcək xəstəliklərdən sığortlanması mümkün oldu. Bu gün dünyada qəbul olunan ən effektiv üsul doppler müayinəsidir. Bu, ultrasəsin doppler effekti deyilən növüdür. Müayinə dəqiqlik göstəricisi, effektivliyi ilə seçilir. Bildiyiniz kimi ultrasəs müayinəsi xəstələr üçün qeyri-invaziv, ağrısız, qansız, daxili mühitə müdaxiləsiz bir müayinədir. Ona görə də insanlar bu müayinədən qaçmır.

Bu aparatla sadəcə damarlar yoxlanılır. Dünyada belə fikirlər irəli sürülür ki, yaşı 40-dan yuxarı olan insanlar arasında, xüsusilə qadınlarda aşağı ətrafların doppler müayinəsi vacibdir. Ona görə ki, yaşla əlaqəli olaraq xəstəlik daha çox inkişaf etməyə başlayır. Digər tərəfdən, əgər əvvəllər, varikoz yaşlı insanların xəstəliyi sayılırdısa, bu gün statistika göstərir ki, 18 yaşlı qız uşaqlarının 18-20 faizi də bu xəstəlikdən əziyyət çəkənlər sırasındadırlar. Bu gün dünyada gedən tendensiyadır ki, bütün xəstəliklərin gedişində cavanlaşma qeyd edilir. Varikoz da həmin sıradadır. Ona görə də vaxtında insanların müayinə və müalicələrə cəlb olunması lazımdır. İnsanlar daha çox poliklinika şəraitində terapevtlərə müraciət edirlər. Ona görə biz də çalışırıq ki, terapevtlərimiz bu barədə daha çox məlumatlı olsunlar.

Dəfələrlə müxtəlif auditoriyalarda etdiyim çıxışlarda həkimlərimizi məlumatlandırmağa çalışıram ki, insanların vaxtında müalicəyə cəlb olunmasına səy göstərsinlər. Təbii ki, vaxtında edilmiş müdaxilənin nəticəsi daha effektiv olur.


- Bəs diaqnoz qoyulduqdan sonra prosedur necə davam etdirilir?

- Müalicə üsulları xəstəliyin inkişaf dərəcəsindən asılı olur. Bu gün varikoz deyildikdə, sadəcə damar genişlənməsi nəzərdə tutulmur. Varikoz dedikdə, venoz damarların qapaqlarının dağılması, qapaq çatışmazlığı sindromu nəzərdə tutulur. Və bunun nəticəsində refluksun əmələ gəlməsi baş verir. Əgər refluks varsa, buna varikoz deyirik. Ona görə də xəstəyə kompleks müalicə təyin olunur. Cərrahi müalicə, konservativ müalicə və reabilitasiya müddətində bu və ya digər görülmüş tədbirlər. Cərrahi müalicə əsasdır. O yerdəki qapaq dağılıb, damar işləmir, qan ürəyə getmək əvəzinə geriyə qayıdır, bu zaman ya qapağı bərpa etməliyik, ya da cərrahi müdaxilə ilə problem aradn qaldırmalıyıq. Qapağın bərpası əməliyyatları dünyada hələlik kiçik tədqiqatlar formatından kənara çıxmır, yəni geniş arenaya çıxmayıb və qəbul olunmayıb. Ona görə də, əsasən cərrahi müalicədən istifadə olunur. Cərrahi müalicənin təxminən 150-160 illik tarixi var. Onun 21-ci əsrdəki dövrünü yeni dövr adlandırmaq olar. Çünki, bu dövrdə xəstəliyin cərrahi müalicəsində inqilabi addımlar atıldı, dünyada yeni müalicə üsulları meydana gəldi. Əvvəlki klassik müalicədə kəsiklər edilməklə damarın xaric edilməsi həyata keçirilirdi. Hazırda isə dünya qeyri-invaziv, ağrısız, kəsiksiz, çapıqsız, qansız müalicə üsullarına keçib. Bu XXI əsrin ən böyük nailiyyətidir. Bu gün ən çox istifadə olunan lazer müalicəsi varikozun müalicəsində “qızıl standart” sayılır. Sevindiricidir ki, bu gün həmin müalicə üsulu Azərbaycanda da var. Hələ 5il əvvəl bizim Azərbaycanda tətbiq etməyə başladığımız bu üsul, hazırda bir çox klinikalarda, həmçinin Tibb Universitetinin Cərrahiyə Klinikasında uğurla istifadə olunmaqdadır, tələbələrimiz yetişir.

Əməliyyat zamanı düzgün dalğa uzunluğunda seçilmiş lazer damarın içərisində yaratdığı yüksək temperaturun təsirindən qanın qaynamasına və damar divarının intimasının koaqulyasiyasına səbəb olur. Bu zaman damarların divarında aseptik filebit deyilən proses gedir. Beləliklə də damarın divarları da bir-birinə yaxınlaşır, yapışır və sorulma prosesi gedir. Bu 5-6 ay davam edir. Damar əmələ gəlmiş qan laxtası ilə birlikdə sorulub yoxa çıxır.

Prosedurun özü çox sadədir. Əməliyyat zamanı doppler aparatının nəzarəti altında bir nöqtədən damarın içərisinə düşülür. Venanın daxilinə yeridilmiş lazer işıq ötürücüsü lazımi yerə çatdırılır. Xüsusi anesteziya-ağrısızlaşdırma aparıldıqdan sonra (narkoz vermədən) lazerin müvafiq rejimi seçilərək damarın içərisində lazer ablasiyası icra edilir. Beləliklə də, biz, xəstə, işləməyən və pasient üçün ciddi problem yaradan venanı ablasiya edərək işimizi qurtarırıq. Bununla da prosedur tamamlanmış olur. Prosedur 10-12 dəqiqə çəkir. Azərbaycanda hələ ki, bu cərrahi əməliyyat adlanır. Amma Avropanın bəzi ölkələrində bu artıq poliklinika şəraitində icra edilir və prosedura adlanır. Əməliyyatdan sonra xəstə yarım saat gəzir, qidalanır və evə yazılır. Xəstəxanadan çıxdıqdan sonra məsləhət görülür ki, 4-5 saat gəzsinlər. Vaxtilə isə əksinə, icra etdiyimiz klassik əməliyyatdan sonra xəstəyə yataq rejimi gözləməyi, yataqdan qalxmamağı, müəyyən müddət xəstəxanada qalmağı və s. tövsiyyə edirdik. İndi isə buna ehtiyac yoxdur. Problem bu qədər sadə yolla aradan qaldırılır.

- Praktikanızda olubmu ki, bir dəfə əməliyyat etdiyiniz xəstəyə ikinci müdaxilə gərəkli olsun?

- Belə bir hal olmayıb.Ümumiyyətlə, dünyada heç kim təminat verə bilməz ki, məsələn, sol ayağında varikozdan əməliyyat olunan xəstənin sağ ayağında yeni bir damar yaranmayacaq. Varikoz xroniki, proqressiv olaraq inkişaf edən, irsi determinasiya olunmuş, degenerativ xarakterli bir xəstəlikdir. Dünyada elə bir tədqiqatçı, alim yoxdur ki, o yüz faiz qarantiya versin ki, xəstəliyin residivi olmayacaq. Ümumiyyətlə, cərrahiyənin heç bir sahəsində qarantiya söhbəti ola bilməz, o cümlədən də bu sahədə. Sadəcə tələb olunan standartlara uyğun olaraq işini qurub və yerinə yetirməlisən. Əgər bundan sonra xəstədə hansısa problem yaranırsa, bu artıq dərindən analiz olunmalı və konkret tədbirlər görülməlidi. İndiyə qədər yüzlərlə insan əməliyyat olunub. Şükürlər olsun ki, hələ ki, ciddi bir fəsadla qarşılaşmamışıq . Kiçik problemləri olan xəstələrimiz təbii ki, olub. Onlar da asanlıqla aradan götürülüb.



- Professor, varikozun müalicəsində, xüsusilə cərrahi müdaxilə zamanı yaş həddi rol oynayırmı?

- Qətiyyən, bizim xəstələr arasında gənclər də var, yaşlılar da. Amma təbii ki, qadınlar və yaşlılar üstünlük təşkil edir.

- Pasientləriniz arasında tanınmışlar da olubmu?

- Əlbəttə, bütün sferaların nümayəndələri var, o cümlədən tanınmışlar çox olub və var. Diqqəti cəlb edən cəhətlərdən biri də bu gün soruşduğunuz insanların bir çoxu bizə müraciət etməyə üstünlük verirlər, nəinki xaricə getməyə. Əməliyyatdan sonra isə hamısının düşüncəsi, münasibəti tamamilə dəyişir.

- İnsanlar daha çox kosmetik olaraq gözəl görünmək üçün, yoxsa bu onlarda hansısa ağrılarla müşayiət olunduğu üçünmü həkimə müraciət edir?

- Burda daha çox üçü birində olur. Həm deyir ayağım gözəl olsun, həm deyir ağrım olmasın, həm də ayağımın bütün funksiyaları bərpa olunsun. Onun üçün cavan insanlar daha çox estetik baxımdan müraciət edirsə, nisbətən yaşlılar ağrının aradan qaldırılması üçün müarciət edirlər. Məsələn, olub ki, yaşlı xanımdır, deyir istəyirəm ayaqlarım gözəl görünsün. Biz də ona skleoreterapiya edirik.

- Doktor, prosedur özü bahalıdırmı? Yəni istənilən insan bu problemin aradan qaldırılması üçün rahat bir şəkildə həkimə müraciət edə bilərmi?

- Ümumiyyətlə, lazer dünyada ən bahalı, innovasion texnologiyadır. Bildiyiniz kimi bu texnologiyalar da yalnız idxal olunur. Demək olar ki, qiymətlər dünyadakı qiymətlərdən dəfələrlə aşağıdır. Qeyd edim ki, qiymət xəstəliyin formalarından asılı olaraq dəyişir. Yəni, əməliyyat konkret bu qiymətədir, deyə bilmirik. Bunun üçün xəstəyə baxılmalı və xəstəliyin formasından asılı olaraq təyin olunan müalicəyə uyğun qiymət müəyyən edilməlidir.



- Məhəmməd müəllim, varikozun, damarlarda yaranan tıxanıqlığın infarkt riskinə təsirləri nədən ibarədir?

- Ürək-qan-damar sistemi vahid bir sistemdir: Ürək, arterial və venoz damarlar. Bu sistemin hər hansı birində problem yaranarsa, bütün sistem sıradan çıxacaq. Venoz sistemin xəstəlyində gün ərzində ayaqlarda qan durğunluğu yaranır və bədəndə dövran edən qanın bir hissəsi ayaqlarda yığılır, insanlar ayaqlarını sürüyə-sürüyə gəzdirirlər, ürək qan üçün “qışqırır”, ona qan lazımdır, qan da aşağı ətrafda yığılıb qalır. Buna görə də, ürək başlayır tez-tez döyünməyə, taxikardiya yaranır, halsızlıq, yorğunluq baş verir, insan pilləkən qalxa bilmir və s. Əksər xəstələrimiz bildirir ki, indiyə qədər ürəkdən müalicə olunurduq, amma əməliyyatdan sonra dayandırmışıq. Amm, təbii ki, bunun bütün hallarda birbaşa səbəb kimi göstərilməsi doğru sayılmaz.

- Doktor, bu gün texnologiyalar əsrində insanlar ya tamamilə oturur, ya da qaçaqaçdadır. Xüsusilə, ofis şəraitində, oturaq həyat keçirmək məcburiyyətində qalan insanlara tövsiyələriniz nədən ibarətdir?

- Bizim kontingentimizin arasında oturaq insanların faizi çox yüksəlib. Elə bizim cərrahiyəyə “ofis cərrahiyəsi” də deyilir. Çünki, daha çox ambulator şəraitində icra edilir. Bu Avropada və dünyada da belədir. Kompüter arxasında oturuş ən pis vəziyyət hesab olunur. Bu zaman diz və bud-çanaq oynağı səviyyəsində venalar 90 dərəcə əyilir. Məsləhətdir ki, hər yarım saatdan bir ayaqları hərəkət etdirək. Məsələn, əvvəlcə pəncə, sonra daban hissəni qaldırmaqla hərəkəti təmin etmək olar. Yaxud ayaqları cütləşdirməklə A, V hərfləri şəklində etmək olar. İnsanın ikinci ürəyi baldır əzələləridir. Qanı ürəyə baldır əzələləri ötürür. Qeyd etdiyim hərəkətlərdən sonra həmin əzələlər işləyir, qan durğunluğu aradan götürülür və insan müəyyən qədər yüngüllük hiss edir.Varikozun əsas əlamətləri ağrı və ağırlıq hissidir. Axşama yaxın bəziləri deyir: “ayaqlarımı gəzdirə bilmirəm”, ayaqlarda qıcolmalar, qaşınma yaranır.

Gəzmək, xüsusilə də üzgüçülük venalara çox gözəl təsir edir. Burada xüsusi dietaya ehtiyac yoxdur, amma mümkün qədər maye qəbulunu azaltmaq və duzlu qidalardan imtina etmək lazımdır. Çünki, bunlar orqanizmdə əlavə yük yaradır. Vitamin qəbulu, meyvə-tərəvəzə üstünlük vermək lazımdır.

Azərbaycanda varikoz xəstələri çoxdur, əksəriyyətin isə bundan xəbəri yoxdur. Bəziləri hətta müalicə üçün İrana, Türkiyəyə və s. ölkələrə üz tutur. Birmənalı olaraq deyirəm ki, bu gün Azərbaycanda varikozun müalicəsi dünyada tələb olunan standartlara tam uyğun şəkildə icra edilir.Yəni bu sahədə hansı yeniliklər yaranırsa, biz onları öyrənib ölkəmizdə tətbiq edirik.



Gülşən RAUFQIZI

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI