“Jurnalist peşəkarlığı aşağı endiyinə görə qəzetlərin səviyyəsi bu həddə düşüb”
“Bu gün elektron media daha rahat olduğu üçün yeni gənc nəsil artıq ona alışıb. İnsanlar artıq informasiyanı operativ şəkildə elektron mediadan aldıqlarına görə qəzetlərə maraq azalır. Qəzetlərin keyfiyyətindən də çox şey asılıdır. Əslində 1 qəzet alıb oxumaqla 30-40 qəzet alıb oxumuş olursan”.
Bu sözləri “Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov Modern.az saytına deyib.
Deputat bildirib ki, indiki dövrdə bütün qəzetlərin informasiya mənbələrinin eyni olması oxucunu bezdirib:
“Bu gün bütün qəzetlər eyni mənbələrdən informasiya götürürlər. Bu gün mənbə qıtlığı var. Eyni qalmaqallar, eyni sensasiyalar insanları bezdirir.
Bu gün qəzetlərdə jurnalist peşəkarlığı həddindən çox aşağı endiyinə görə, qəzetlərin səviyyəsi də düşüb. Janr rəngarəngliyi yoxdur, insanların maraqlarını nəzərə alıb mövzu seçimi edə bilmirlər.
Qəzet daha çox maarifləndirə bilir, daha çox araşdırma materialları verə bilir. Amma biz çox nadir hallarda qəzetlərdə maarifləndirmə və araşdırmalara rast gəlirik.
Ona görə də bu gün əllərində qəzet olan insanları çox nadir hallarda görürük. Məncə qəzeti alan adamı ilk növbədə onun kağız materialı deyil, əsas içindəki yazılar maraqlandırır. Ona görə də material ikinci dərəcəlidir.
Bununla yanaşı, indiki şəraitdə poliqrafik, material baxımından qəzet nə qədər qabaqda olsa, o qədər də reklam baxımından öndə gedir”.
Bəxtiyar Sadıqov hesab edir ki, 10-12 min tirajla çıxan müxalifət qəzetlərinin yarısı heç satılmır:
“Bu gün ən çox tirajı olan qəzetlərdən biri “Azərbaycan” qəzetidir. Bizim qəzet 9976 tirajla çap olunur. Bunun 9 mini təbii ki, abunədir. Ancaq 10-12 min tirajla çıxan müxalifət qəzetlərinin heç yarısı da satılmır. Ona görə də abunə yolu ilə satış faizi bizdə daha yüksəkdir”.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı isə düşünür ki, qəzetlərin satış səviyyəsinin bu hala düşməsində əsas səbəbi köhnə “Qasid” köşklərinin yığışdırılması olub:
“Əvvəlki illərdə insanların sıx olduğu, ictimai iaşə yerlərində, avtobusda, metroda dayanacaqlarda əhali tərəfindən çap mətbuatı alınıb oxunurdu. Çünki o zamanlar qəzetlərin satış imkanları çox idi. Son zamanlar şəhərin abadlığı ilə bağlı görülən tədbirlər nəticəsində ənənəvi qəzet satan köşklər götürüldü. Onların əvəzinə də icra hakimiyyətlərinə məxsus olan yeni köşklər qoyuldu. “Qasid” firması qəzet satışı işində püxtələşmişdi. Onun köşklərini indiki təzə köşklər əvəz edə bilmir. Həm də “Qasid”in 485 köşkü var idi. İndi isə onu əvəzləmiş yeni köşklərin sayı 150-dir. İndi aradakı fərqə baxanda görürük ki, 335 köşk fərq edir. Yəni köşklərin sayı azaldılıb.
Biz artıq qəzetdə xəbərlər vermirik. Yeni elektron medianın yaranmasından sonra qəzetimizdə yalnız analitik yazıları, reportajları və araşdırma materiallarını dərc edirik”.
A.Aşırlı deyir ki, çap mətbuatının yaşaması üçün kağızın keyfiyyəti də olmalıdır.
“Bizim ölkədə çap mətbuatı üçün istifadə etdiyimiz kağızların hamısı Rusiyadan - əsasən Perm vilayətindən gətirilir. Kağızın sıxlıq dərəcəsi, keyfiyyət ölçüləri baxımından qiymətlər fərqlidir. Türkiyədə Azərbaycanla nisbətdə kağız çox ucuzdur. Əgər elə olmasaydı, Türkiyədə qəzetlər 80-100 səhifə çıxmazdı. Orada qəzetlər geniş reklam imkanlarına malikdir”.
Baş redaktor hesab edir ki, qəzetlərə abunənin hökumətin monopoliyasında olmasının əleyhinədir:
“Qəzetlərə abunənin dövlətin və hakimiyyətində inhisarçılığında olmasının qəti əleyhinəyəm. Türkiyədə bu satış işləri ilə məşğul olan, müstəqil qəzet yayım firmaları var. Onlar da abunə, reklam və sifariş xidmətlərini yerinə yetirməkdə qəzetlərlə əməkdaşlıq edir. Azərbaycanda fəaliyyət göstərən istər yerli, istərsə də xarici firmalar, şirkətlər olsun, nə müxalifət, nə də iqtidaryönlü qəzetlərin alınıb oxunmasında maraqlıdırlar. Biz bu gün həmin firmalara qəzetin alınmasını maraqlı etməliyik. O baxımdan abunəni gücləndirməyə çalışmalıyıq”.
Ağa AKİFOĞLU