Modern.az xəbər verir ki, iqtisadçı alim Vüqar Bayramov hökumətin gündəliyindəki son iki təklifi dəyərləndirib. O, iki məqama diqqət çəkib.
“Məqamlardan biri pozitiv, digəri neqativdir. Bu da əslində ondan xəbər verir ki, fərqli qurumların islahatlara fərqli yanaşmaları var. Pozitivdən başlayaq. Maliyyə Nazirliyi axır ki, uzun müddətdə gündəmə saxladığımız təklif əsasında ixrac subsidiyası mexanizmini tətbiqi ilə bağlı Nazirlər Kabinetinə layihə təqdim edib. Layihəyə əsasən, ixrac ilə məşğul olanlar büdcədən subsidiya alacaqlar. Bu zaman ixrac edilən malın dəyərinin 3, bəzi hallarda isə 5 faizi məbləğində subsidiya veriləcək. Təbii ki, bu zaman ixrac olunan məhsulun xammalının ən azı 50 faizin yerli mənbələrdən alınması, qeyri-neft sektorunda fəaliyyət göstərməsi, ödənişi bank vasitəsi ilə alması kimi şərtlər də olacaq. Bunlar da düşünürəm ki, əslində vacib şərtlərdir. Bütövlükdə, belə subsidiya ixracın stimullaşdırılması baxımdan əhəmiyyətlidir. Bu müsbət təklif idi və subsidiyalaşmanın şəffaf mexanizmlərinin formalaşdırılması da olduqca vacibdir. Çünki, şəffaf mexanizmlər ilə subsidiyalaşma səmərəli ola bilər. Ümid edirik ki, yaxın zamanlarda qəbul ediləcək”.
Ekspert deyib ki, digər xəbər isə anti-dempinq tədbirləri ilə bağlıdır:
“İstehlak etdiyimiz malların 80 faizindən çoxunu xaricdən gətirdiyimiz bir zamanda anti-dempinq tədbirlərinin həyata keçirilməsi müzakirə edilir. İnkişaf etmiş ölkələrdə belə tədbirlərin məqsədi idxal olunan mallara yüksək vergi və rüsum tətbiq etməklə daxili istehsalı qorumaqdır. Amma razılaşaq ki, əvvəlcə daxili istehsalı formalaşdırmalı, sonra onu qorumaq haqqında düşünməliyik. Əgər çox az sayda məhsullar üzrə yerli istehsal hesabına tələbatı ödəyiriksə, o zaman anti-dempinqlə nəyi qoruyacağıq?
Əksinə, bu addımın atılması istehlak bazarında qiymətləri yüksəldəcək və idxal ilə məşğul olan iş adamlarının bir qisminin bazardan sıxışdırılıb çıxarılmasına səbəb olacaq. İdxaldan asılılıq inzibatı metodlar ilə deyil, bazar tərəfindən aradan qaldırılmalıdır. Yüksək vergilərlə xarici istehsal mallarının ölkəyə buraxılmaması heç də idxaldan asılılığın aradan qaldırılması anlamına gəlməməlidir.
İdxal mallarının qarşısını vergilərin artırılması deyil, yerli istehsalın inkişafı hesabına mümkündür. Bütövlükdə, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanun layihəsinə redaktə edilməsi və anti-dempinq tədbirlərinin tətbiqinin təxirə salınması məqsədə uyğundur. Əks halda, o yerli istehsalın inkişafını deyil, qiymət artımlarını stimullaşdıracaq. Bu zaman idxal olunan məhsullar üzrə qiymət artımları müşahidə ediləcək. Nəticədə, anti-dempinq tədbirləri daxili bazarı qorumaq əvəzinə bizlərin daha bahalı məhsullar almasına səbəb olacaq. Buna görə də, ant-depminq siyasətinin indi deyil, yalnız yerli istehsal formalaşdırıldıqdan sonra həyata keçirilməsi mümkündür.
Beləliklə, fərqli nəticələrə hesablanan iki fərqli təklif. Ümid edək ki, birincinin qısa zamanda qəbulu, ikincinin isə redaktəsi həyata keçiriləcək”.
Gülşən RAUFQIZI