
“Region Plus” analitik jurnalının ilk sayının işıq üzü görməsindən 10 il ötür. 2006-cı il fevralın 16-dan Azərbaycanda nəşr olunmağa başlayan bu jurnal Cənubi Qafqazın üç dildə – azərbaycan, rus və ingilis dillərində çıxan ilk və yeganə analitik nəşrinə çevrilib.
Ötən 10 il ərzində “Region Plus” həm Azərbaycanda, həm də ölkənin hüdudlarından kənarda böyük oxucu rəğbəti qazana bilib və hazırda jurnal keyfiyyətinə görə dünyada tanınmış analoqlarından çox az fərqlənir. Təkcə onu demək kifayətdir ki, jurnalın məqalələri nüfuzlu “Thomson Reuters” agentliyinin fotoreportajları ilə müşayiət olunur, analitik yazıların müəllifləri sırasında isə Azərbaycan, Rusiya, Türkiyə və digər region dövlətlərinin tanınmış analitikləri var. Analitik materiallarla yanaşı jurnalda nüfuzlu ictimai-siyasi xadimlər, tanınmış ekspertlər, mədəniyyət və incəsənət xadimləri, idmançılarla yüzlərlə müsahibələr də işıq üzü görüb.
Bütün bu amillər jurnalın auditoriyasını daha da genişləndirir və oxucuya Azərbaycanın, bölgənin və bütövlükdə dünyanın siyasi, iqtisadi, sosial və mədəni mənzərəsinə analitik nəzər salmaq imkanı verir.
“Region Plus”un dövlət təşkilatları, özəl qurumlar və diplomatik korpuslar tərəfindən layiq görüldüyü çoxsaylı mükafat, diplom və sertifikatlar da nəşrə olan böyük maraqdan xəbər verir. Bu gün yerli və xarici diplomatlar, ali məktəblərin müəllim və tələbələri, siyasətçi və məmurlar öz gündəlik fəaliyyətlərində jurnalın analitik materiallarından bəhrələnirlər.
Gündəlik fəaliyyəti ilə yanaşı “Region Plus” Azərbaycanda keçirilən genişmiqyaslı beynəlxalq tədbirlərə informasiya dəstəyinin verilməsində də fəal iştirak edir. Jurnalın “Eurovision-2012” və 2015-ci ildə keçirilmiş birinci Avropa Oyunlarına həsr olunmuş xüsusi buraxılışları xüsusən xarici qonaqlar arasında böyük maraqla qarşılanıb.
Beləliklə, “Region Plus” gözləntiləri doğruldaraq, təkcə Azərbaycanın deyil, bütövlükdə bölgənin nüfuzlu nəşrlərindən birinə çevrilib.
Hazırda “Region Plus” həm abunə, həm də pərakəndə satış yolu ilə yayılmaqdadır. Eyni zamanda jurnal Azərbaycan Hava Yolları şirkətinin beynəlxalq reyslərində yayılan azsaylı nəşrlər sırasındadır. Jurnala Port Baku və Landmark kimi bir çox iri biznes mərkəzlərində də böyük tələbat müşahihə olunur.
Modern.az