Modern.az

“Bütün mümkün variantlardan istifadə edib Dilqəmgili qaytaracağıq”

“Bütün mümkün variantlardan istifadə edib Dilqəmgili qaytaracağıq”

17 Fevral 2016, 11:45

Dağlıq Qarabağdakı separatçı rejimin “baş prokuroru” Artur Mosiyan Xankəndində keçirdiyi mətbuat konfransında girovluqda saxlanılan  Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı açıqlama verib. O deyib ki, girovlar heç bir halda Azərbaycan tərəfi ilə dəyişdirilməyəcək.

“Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyev erməni əsirlərlə dəyişdirilə bilməz, çünki onlar Qarabağ ərazisində ağır cinayətlər (?) törədiblər və layiqli cəzalarını alıblar”.

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü, deputat Rövşən Rzayev Modern.az saytına deyib ki, bu, terrorçu qrupların yanaşmasıdır:

“Qondarma rejimdə heç bir hüquqi qayda-qanun yoxdur. Ona görə ki, bu gün Azərbaycan torpaqları işğal altındadır. O ki qaldı Dilqəm Əsgərovla Şahbaz Quliyevin vəziyyətinə, onlar öz doğma vətənlərində separatçılar tərəfindən saxlanılıb və qeyri-qanuni olaraq azadlıqdan məhrumdurlar. Bunların hamısı separatçı rejimin digər qanunsuz hərəkətlərindən irəli gələn məsələlərdir”.

R.Rzayev bütün mümkün variantlardan istifadə edərək, hökumətin azərbaycanlıların geri qaytarılmasına nail olacağını bəyan edib:

“Təəssüflər olsun ki, beynəlxalq aləm ikili standartlara bu məsələdə də göz yumur. İkili standartlarla Azərbaycanın işğalına dair hər yerdə rastlaşırıq.

Qeyd etmək istəyirəm ki, Dilqəm və Şahbazın Azərbaycana qaytarılması üçün hökumət çalışır. Mən inanıram ki, onların geri qaytarılmasına nail ola biləcəyik”.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu