Modern.az xəbər verir ki, bu sözləri Milli Məclis sədrinin müavini Bahar Muradova parlamentdə keçirilən
“Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində” adlı tədbirdə deyib.“İnsanlığın bir qismi Xocalı soyqırımını günün hadisəsi kimi qəbul edir, bir qismi bunun yolverilməz olduğunu, əksəriyyəti isə görməməzlikdən gəlirdi. Ən ağrılı tərəfini təbii ki, Azərbaycan xalqı yaşadı. Çünki bu illər ərzində belə faciəni yaşamağa layiq olmadığımızı düşündük. Azərbaycan müstəqil dövlət kimi bu müddət ərzində bütün dünyaya öz sözünü layiqincə çatdıra bildi. Ona görə də özünə qarşı belə cinayəti qəbul etmədi və bundan sonra da etməyəcək. Çünki bu, nə insanlığa, nə bəşəriyyətə, nə də humanist adət-ənənələrə sığır. Lakin nə etmək olar ki, hadisə baş verib. Keçən müddət ərzində həm hökumət, həm parlament, həm də vətəndaş cəmiyyəti səviyyəsində Azərbaycan dövləti Xocalı soyqırımı, eləcə də Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində hərtərəfli fəaliyyət göstərməyə çalışıb
Hər il Xocalı soyqırımı ərəfəsində keçirilən tədbirlər daha da intensivləşir. Bir çoxları cinayət törədicilərinin ədalət mühakiməsi qarşısında dayanmasını tələb edir.
Gec-tez bu hadisənin baş verəcəyinə inanırıq. Ona görə də lazımi bütün addımları atırıq. Azərbaycanın həyatının bütün istiqamətlərinə obyektiv və dövlətçilik mövqeyinə münasibət yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra baş verib. O dövrdə ilk dəfə olaraq beynəlxalq qurumlara məhz Xocalı soyqırımı ilə bağlı məktubla müraciət edilmişdi. 1994-cü ildə bu faciə soyqırımı adlandırıldı. Qəbul edilən müvafiq sənədlərdən sonra bu məsələnin heç də ayrılıqda baş verən hadisə olmadığını, Azərbaycana qarşı erməni millətçilərinin dəyirmanına su tökən beynəlxalq dairələrin məqsədyönlü, ardıcıl müəyyən hədəflərə söykənən fəaliyyət olduğunu, Xocalının da məhz bu fəaliyyətin ən dəhşətli nəticələrindən biri olduğunu qəbul etdirdik. Bu ardıcıl siyasət indi də İlham Əliyev tərəfindən davam etdirilir.
Azərbaycanın artan nüfuzu imkan verdi ki, bu məsələlər daha geniş miqyasda dünyanın bütün qitələrini əhatə etdi. Bu gün heç kəs inkar edə bilməz ki, Xocalı soyqırımı baş verməyib. Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində indiyə kimi araşdırılmağa səy göstərilsə də buna hüquqi baxışlar hələ də bizim istədiyimiz səviyyədə deyil"
Ağa AKİFOĞLU