Dünən Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin onu idarədə təhqir etməsindən şikayətçi olan "Əli və Nino" kitab evinin sahibi Nigar Köçərli prezidentə müraciət edib.
Modern.az xəbər verir ki, N.Köçərli müraciətin mətnini sosial şəbəkədə paylaşıb. O, özünə təhlükədə olması ilə bağlı narahatlığını ifadə edib və dövlət başçısından bu işi şəxsi nəzarətinə götürməsini xahiş edib:"DİN-in açıqlamasından sonra ailəmin və özümün qorxduğumu gizlətməyəcəyəm. Bu gecə atam və qardaşım təhlükəsizliyim üçün qorxduqlarından mənimlə birlikdə idilər. Bir çoxları mənə ölkədən getməyi məsləhət görür.
Lakin mən bu barədə düşünmək istəmirəm - qoy, cinayəti törədənlər getsinlər. Mən ziyalı ailəsində böyümüşəm, uşaqlıqdan qayğı və sevgiylə əhatə olunmuşam, təhsil və xeyirxahlığın gücünə inanaraq böyümüşəm. Həmişə məni ağıllı, xeyirxah, nəcib insanlar əhatə ediblər. Sahibkarlıqla məşğul olduğum illər ərzində mən qanunun gücünə ürəkdən inanaraq möhkəm olmağı öyrənmişəm. Dünənki hadisə isə mənim üçün tamamilə şok oldu.
Mən daxili işlər naziri Ramil Usubova müraciət edirəm!
Mən dövlət başçısı İlham Əliyevə müraciət edirəm!
Modern.az