Modern.az

İndoneziya Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini dəstəkləyir

 İndoneziya Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini dəstəkləyir

17 Fevral 2016, 20:02

 

“İndoneziya Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir. Ölkəmiz bundan sonra da bu istiqamətdə diplomatik səylərini davam etdirəcək”. Modern.az saytı xəbər verir ki, bunu Azərbaycan Milli Məclis sədrinin müavini Valeh Ələsgərovla görüşündə İndoneziya Nümayəndələr Palatasının sədr müavini Fahri Hamzah bildirib.

İndoneziya parlamenti sədrinin müavini F. Hamzah bildirib ki, xalqlarımız arasındakı qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün əsaslı zəmin var.

Qonaq öz ölkəsinin Azərbaycanla əməkdaşlığı daha da inkişaf etdirməyə böyük maraq göstərdiyini vurğulayıb.

Vitse-spiker Valeh Ələsgərov isə Azərbaycanla İndoneziya arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb.

O, bu münasibətlərin möhkəmlənməsində dövlət və hökumət rəsmilərinin qarşılıqlı səfərlərinin xüsusi rolu oynadığını vurğulayıb.

V. Ələsgərov bildirib ki, Azərbaycan sürətlə inkişaf edən bir dövlətdir: “Ölkəmizin öz enerji təhlükəsizliyini təmin etmək baxımından böyük potensialı var. Amma xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu inkişafa maneçilik  törədir. Bu münaqişədə minlərlə insan şəhid olub və ya hər hansı formada zərər çəkib, ölkədə bir milyondan  artıq qaçqın və məcburi köçkün var. İşğalçılıq siyasətini davam etdirən Ermənistan  BMT, AŞPA, ATƏT və İKT kimi beynəlxalq təşkilatların Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad edilməsi ilə bağlı qətnamə və qərarlarına məhəl qoymur. Münaqişə nəinki, Azərbaycanın, bütövlükdə regionun  təhlükəsizliyini təhdid  edir”.

Milli Məclisin deputatı, Azərbaycan-İndoneziya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Bəxtiyar Əliyev isə münasibətlərin genişlənməsində hər iki ölkənin  parlamentində mövcud olan dostluq qruplarının fəaliyyətindən söz açıb, qarşılıqlı  səfərlərin əhəmiyyətini vurğulayıb.  Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu