Xəbər verdiyimiz kimi “Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli Azərbaycan Baş Prokurorluğuna dəvət edilib.
Modern.az saytının məlumatına görə, göstərilən diqqətə və dəstəyə görə dostlarına təşəkkür edən N.Köçərli bu barədə açıqlama verib.
“Qeyd etdiyim kimi, Baş Prokurorun birinci müavini Rüstəm Usubov məlum hadisə ilə bağlı atamla məni qəbul etdi. O bildirdi ki, Baş Prokuror Zakir Qaralovun tapşırığı ilə bu görüşə təşəbbüs göstərib, bizim şikayətimizi dinləyəndən sonra Baş Prokurora məruzə etməlidir.
Rüstəm Usubov Nəsimi Rayon Polis İdarəsində baş verən hadisə, istintaq işinin bağlanması ilə bağlı şikayətimi diqqətlə və təfərrüatı ilə, eləcə də xüsusi hörmətlə, səbirlə dinlədi. Bu münasibətə görə ona şəxsən açıq şəkildə atamın və öz adımdan minnətdaram. Mətbuat məndən tələblərimiz barədə soruşur, qısa olaraq tələblərimizi üç bənddə ifadə etmişik:
1. Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev polis idarəsinin inzibati binasında etdiyi təhqirlərə görə cəzalandırılmalıdır.
2. DİN-in mətbuat xidmətinin yaydığı məlumatlarda “hansı səviyyəsinin yiyəsi” və digər təhqiramiz ifadələrə hüquqi qiymət verilməlidir. Bizə elə gəlir ki, nazirliyin rəsmi məlumatında işlədilən qeyri-etik ifadələr bizim vətəndaş qürurumuza toxunub, bizi təhqir edib”.
Qeyd edək ki, 2015-ci ilin sentyabrında “Əli və Nino”nun ofisindən 13 min manat pul oğurlanıb. Lakin indiyədək oğrular tapılmayıb. Bu həftə N.Köçərli Nəsimi Rayon Polis İdarəsinə çağırılıb.
Oradan çıxdıqdan sonra isə polislər tərəfindən təhqir edildiyini bildirib. DİN-in mətbuat xidməti bunu təkzib edib.
Gülşən RAUFQIZI