19-cu əsrdə yaşamış yazıçı, aktyor, tеatrşünas, tərcüməçi və jurnalist Əsgər Adıgözəlovun Mixail Lermantovdan tərcümə etdiyi və 1892-ci ildə Tiflisdə kitab şəklində çap olunmuş “Yel gəmisi” əsəri tapılıb. Bu barədə Modern.az saytına yazıçı-publisist, tədqiqatçı Gülhüseyn Kazımlı bildirib.
- Gülhüseyn müəllim, yayda bizim saytda gedən müsahibinizdə Əsgər Ağa Adıgözəlov Gorani haqqında kitab üzərində işlədiyinizi demişdiniz. İşlər necə gedir?
- Kitab üzərində iş demək olar ki yekunlaşıb. Bununla əlaqədar olaraq bir neçə dəfə Tiflisdə olmuşam, müxtəlif arxivlərdə işləmişəm. Məlumdur ki, Əsgər Adıgözəlov ictimai xadim, “Əkinci” qəzetinin ən məhsuldar yazarlarından biri, xeyriyyəçi olub. Öz hesabına Gəncədə bir neçə məktəb, o cümlədən qız məktəbi açdırıb. Ömrünün sonuncu illərində istefaya çıxaraq, Gəncəyə qayıdıb və 1906-ci ildən 1910-cu ilə qədər Gəncə Şəhər Upravasının (Bələdiyyəsinin) sədri vəzifəsində çalışıb. Əsgər Adıgözəlov Tiflisdə, Kutaisidə hüquq-mühafizə orqanlarında işlədiyi illərdə də yaradıcılıqla məşğul olub, “Qocalıqda yorğalıq” pyesini və Ağa Məhəmməd Şah Qacarın Şuşa şəhərinə hücumundan bəhs edən ”Qara yel” adlı roman yazıb. O dövrdə Tiflisdə çıxan “Novoye obozreniye” qəzeti bu haqda müfəssəl məlumat versə də, əsər hələ də tapılmayıb.
- Dediniz ki, Əsgər Adıgözəlov tərcüməçiliklə də məşğul olub.
- Tamamilə doğrudur. Əsgər Adıgözəlov rus dilində müəkəmməl təhsil alıb, fransız, ingilis və bir çox Şərq dillərini də bilib. O, Azərbaycan yazıçılarının əsərlərini rus dilinə tərcümə etməklə bərabər, rus dilindən də Azərbaycan dilinə tərcümələr edib. Bu tərcümələrdən ən yaxşısı Mixail Lermantovun “Yel gəmisi” əsəridir. Əsər 1892-ci ildə Tiflisdə Cəlal Ünsüzadənin mətbəəsində “Kəşkül” qəzetinə əlavə kimi kitab şəklində buraxılıb. Lakin o dövrdən keçən illər ərzində bu tərcümə Azərbaycanda işıq üzü görməyib.
- “Yel gəmisi” əsərində söhbət nədən gedir?
- Bu əsəri Mixail Lermontov təxminən 1840-ci ildə yazıb. O dövrdə Atlantik okeanındakı Müqəddəs Yelena adasına sürgün edilmiş Napaleon 1821-ci ildə elə həmin adada dünyasını dəyişib və orada da dəfn edilib. Lakin 1840-cı ildə onun nəşi Fransaya gətirilib və təntəli şəkildə Parisdəki “Əlillər evində” mərmər sarkofakda dəfn edilib. O zaman bu, Avropada böyük rezonans doğurub, bir çox yazıçılar, o cümlədən rus şairi Lermontov da buna “Yel gəmisi” adlı ballada həsr edib. Əsgər Adıgözəlov da həmin balladanı Azərbaycan dilinə çevirib. Məsələ burasındadır ki, bizim bir çox klassik ədəbiyyat nümunələrimiz kimi “Qocalıqda yorğalıq” və “Yel gəmisi” əsərləri də respublikamızda yoxdur. Hər iki əsər Sankt-Peterburqdakı Saltıkov-Şedrin adına kütləvi kitabxanada bir nüsxədə qorunur. Mən onların hər ikisini M.F.Axundov adına Milli Kitabxandan mikrofilm halında əldə edərək, ərəb qrafikasından latın qrafikasına çevirdim. Hər iki əsər Əsgər Ağa Adıgözəlov Goraninin 160 illik yubileyi ilə əlaqədar (o 1857-cil may ayının 3-də anadan olub) hazırladığım və söhbətimizin əvvəlində sizin də xatırlatdığınız “Qaranlıqdan işığa” adlı kitabda 124 ildən sonra ilk dəfə işıq üzü görəcək.
Aytən Zəhra