Modern.az

Soyuducu anbarlar boş qalıb (ARAŞDIRMA)

Soyuducu anbarlar boş qalıb (ARAŞDIRMA)

10 Dekabr 2010, 18:08

Son 2 ildə regionlarda 14 soyuducu anbar tikilib, 10-nun tikintisi davam edir, onların dolması üçün isə məhsul yoxdur


Bu ilin aprelində Salyanda prezident İlham Əliyevin də açılışında iştirak etdiyi soyuducu anbar kompleksində səssizlikdir. Beş hektar ərazini əhatə edən, inzibati bina, soyuducu kamera, boş qablar anbarı, emal sexi, ofis və digər yardımçı binalardan ibarət kompleks üslubu və müasirliyi ilə diqqəti çəkir. Kompleksin qarşısındakı kiçik piştaxtanın üzərindəki meyvə-tərəvəz buranın böyük bir ticarət mərkəzi olduğuna işarə edir. Görünür, elə bu səbəbdən yoldan ötüb keçənlər də, təxminən 100-150 metr aralıdakı polis postunda ləngiməli olan sürücü və sərnişinlər də bu tərəfə daha çox boylanırlar. Piştaxtanın arxasındakı 50-55 yaşlı kişi satıcı isə üşüyürmüş kimi əllərini ovuşdura-ovuşdura ətrafda gəzişir.  

Yaxınlaşıb satdığı məhsulların qiyməti ilə maraqlanıram. Olduqca soyuq və pessimist, bir qədər də qayğılı cavab eşidirəm:

- Bu iş deyil, elə-belə baş qatmaq üçündür, öz məhsulumuzdu, burda saxlayırıq (əlini soyuducu anbar kompleksinə tərəf yelləyir) hər gün çıxardıram bura ki, gəlib-gedən görsün.
- Qiyməti neçəyədir?
- Üzüm 2 manat 50 qəpik, nar 2 manata.
- Bəs, nar şirələri?
- O da 2 manatdır. Öz bağımızın məhsuludur, sexdə hazırlatmışıq.

Satıcı ilə ayaqüstü söhbətdə ölkə başçısının qarşısındaca dayandığımız soyuducu anbarın açılış mərasimindəki çıxışını xatırlayıram: “Yeni, gözəl soyuducu anbarın fəaliyyətə başlaması böyük hadisədir. Ümid edirəm ki, Salyan fermerləri bu gözəl imkandan səmərəli şəkildə istifadə edəcəklər və bütövlükdə kənd təsərrüfatının inkişafına bu soyuducu anbarın böyük dəstəyi olacaqdır”.

Ümidlər deyəsən özünü doğrultmayıb. Baxmayaraq ki, hökumət rəsmiləri regionlarda soyuducu anbar komplekslərinin yaradılmasını kənd təsərrüfatının inkişafına təkan olacaq vacib layihələrdən biri kimi qeyd edirdilər. Amma regionlarda istifadəyə verilmiş soyuducu anbar komplekslərinin çoxunun hələ də boş qalması bu layihələrin səmərəliliyinə inamı sıfıra yaxınlaşdırıb.

Salyanda 2010-cu ilin 29 aprelində istifadəyə verilmiş soyuducu anbar kompleksinin icraçı direktoru Nadir Bağırov deyir ki, indiyədək cəmi 2-3 istehsalçı öz məhsullarını burada saxlamağa verib. 11 000 ton tutumu olan anbarda hazırda saxlanan məhsulların ümumi həcmi vur-tut 1000 tondan bir qədər artıqdır. Bu da yalnız meyvə-tərəvəzdən (nar və xurma) və az miqdarda konservləşdirilmiş məhsullardan ibarətdir. Ət və balıq üçün nəzərdə tutulan soyuducu isə hələ də boşdur...

Vəsait ağırlığı aqrar sahəyə

Son iki ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının uzun müddətə saxlanması üçün soyuducu anbar komplekslərinin tikintisi geniş vüsət alıb.
Belə anbarların tikintisinə Sahibkarlığa Kömək Milli Fondundan güzəştli kredit almış “Yurd El” MMC  Hacıqabulda (tutumu 2 min ton), “Zəhmət-Ruzi” MMC Abşeron rayonunda (tutumu 7 min ton),  “Delta Qrup C.O.” MMC Sumqayıt şəhərində (tutumu 4 min ton), “Sultan-O” MMC Şabranda, “Ələddin Fermer” MMC Salyanda (tutumu 5 min), “Paralel” MMC Göyçayda (tutumu 2 min ton) “Meqas” MMC Şəmkirdə (1000 ton), “Zəm-Zəm” MMC Qubada (tutumu 4 min ton), fiziki şəxs Xədicə Zülbalayeva Qubada (tutumu 5 min ton), “Aqrolayn” MMC Qusarda (tutumu 4 min ton), fiziki şəxs Vasif Verdiyev  Xaçmaz rayonunda (tutumu 2 min ton), fiziki şəxs Rövşən Şərifov yenə də Xaçmazda (tutumu 4 min ton) analoji müəssisələr yaradıblar.

Soyuducu anbarların hamısı İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) vasitəsilə ayrılan güzəştli kreditlər hesabına inşa olunur. Fond özünün vəsaitlərini 5 prioritet sahənin inkişafına yönəldir:

1. Müxtəlif sənaye məhsullarının istehsalı və emalı
2. Kənd təsərrüfatı məhsullarının emalı
3. Kənd təsərrüfatı məhsullarının istehsalı
4. Turizmin inkişafı
5. Xidmət sahələrinin inkişafı.

Sonuncu prioritet istiqamətə tibbi xidmət, kənd təsərrüfatı məhsulları üçün soyuducu anbar təsərrüfatı infrastrukturunun yaradılması və dondurulmuş ərzaq istehsal edən müəssisələrin qurulması aiddir. Bütövlükdə isə Fondun 5 prioritetindən 3-ü (2-ci, 3-cü və 5-ci istiqamətlər) məhz kənd təsərrüfatında məhsuldarlığın artırılmasına xidmət edən layihələrin maliyyələşdirilməsini nəzərdə tutur. Elə ayrılan vəsaitlərin həcminə görə də bu 3 istiqamət öndə gedir. Belə ki, ötən il SKMF-dan kənd təsərrüfatı məhsullarının emalı üzrə layihələrə 19 milyon 643 min 500 manat, kənd təsərrüfatı məhsullarının istehsalı layihələrinə 22 milyon 573 min 300 manat, xidmət sahələrinin inkişafına 47 milyon 761 min 500 manat həcmində güzəştli kredit verilib. Bu ilin 9 ayında isə həmin istiqamətlərə müvafiq olaraq 3 milyon 510 min manat, 38 milyon 349 min 200 manat və 19 milyon 862 min manat ayrılıb.

24 anbarın tikintisinə 48 milyon manat

Regionlarda meyvə-tərəvəz və digər ərzaq məhsullarının tədarükü və saxlanılması üçün soyuducu anbarların yaradılmasına 2009-cu ildə start verilib. İqtisadi İnkişaf Nazirliyindən bildirirlər ki, 2009-cu ilin ikinci yarısı və 2010-cu ilin ötən dövrü ərzində Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən ümumi tutumu 73 min ton olan 24 soyuducu anbar kompleksinin tikintisinə 48 milyon manat güzəştli kredit ayrılıb. Həm bu, həm də sahibkarların özlərinin qoyduğu vəsaitlər hesabına indiyədək regionlarda ümumi tutumu 40,5 min ton olan 14 soyuducu anbar kompleksi tikilib istifadəyə verilib. Ümumi tutumu 32,5 min ton olan daha 10 soyuducu anbar kompleksində isə tikinti işləri başa çatmaq üzrədir.

Onu xatırladaq ki, ötən illərdə SKMF tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə Quba-Xaçmaz iqtisadi rayonu üzrə ümumi tutumu 25 min ton olan 8 soyuducu anbar kompleksinin yaradılmasına 15 milyon manat güzəştli kredit verilib. İqtisadi İnkişaf Nazirliyinin hesablamalarına görə, bu layihələrin icrası ildə 35 min ton meyvənin qəbuluna imkan yaradır. Bu isə əhalinin məşğulluq səviyyəsinin daha da yüksəldilməsi, ixrac imkanlarının genişlənməsi, ilin bütün fəsillərində tələbatın yerli məhsullar hesabına ödənilməsi üçün mühüm əhəmiyyət daşıyır.

Yeri gəlmişkən, ölkədə soyuducu anbarların tikintisi təkcə SKMF-nun vəsaitləri ilə məhdudlaşmır. Fondla yanaşı Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC də bu sahəyə xeyli pul xərcləyir. Belə ki, ASC 2005-ci ildən bu yana dövlət vəsaitləri hesabına xaricdən 32 dəst soyuducu kamera alıb. Həmin kameralar da quraşdırıldıqdan sonra məhsul istehsalçılarının ixtiyarına verilib.

Bununla belə, anbarların böyük əksəriyyətində sahibkarlar yalnız öz məhsullarını saxlayır. Məsələn, ölkənin əsas meyvəçilik rayonlarından olan Qubadakı anbarlardan birinin sahibi Ramiz Zeynalov bildirir ki, hazırda müəssisənin kameralarında 190 ton alma, 85 ton xurma var. Onun sözlərinə görə, 8 kameralı saxlama anbarında yerlərin çoxu hələ boşdur: “Kim istəsə öz məhsulunu gətirib burda saxlatdıra bilər. Bizim anbar-kompleksdə hər birinin tutumu 318 ton olan 8 kamera var. Ona görə də camaat məhsul gətirsə, götürə bilərik”.

Salyandakı “Ələddin fermer” MMC-yə məxsus digər soyuducu anbarda da yalnız sahibkarın öz təsərrüfatından əldə etdiyi məhsullar saxlanılır.  Əksər rayonlarda olduğu kimi, buradakı anbarlar da demək olar ki, boşdur. Nəzarətçi Rövşən Aşurov  deyir ki, hazırda burada cəmi 2-3 ton məhsul saxlanılır: “Anbar yalnız öz təsərrüfatımızda əldə etdiyimiz məhsullar üçündür. Amma kameralarda boş yerimiz olarsa, gələn il icarəçilərdən də məhsul götürəcəyik. Bu il isə hələ sınaq müddəti olduğu üçün anbarda az məhsul saxlayırıq”.

Rövşən Aşurovun sözlərinə görə, 2005-ci ildə yaradılan “Ələddin fermer” MMC-nin əsas fəaliyyət sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü və satışından ibarətdir. MMC-nin fəaliyyəti ərzində Salyan rayonunun Xələc, Yenikənd və Həsənli ərazi vahidliklərində SKMF-nin 1 milyon manat güzəştli kredit vəsaiti hesabına ümumi sahəsi 287 hektar olan meyvə bağları salıb. 2008-ci ildə müəssisə meyvə və tərəvəz məhsullarının qablaşdırılması üçün polipropilen yeşik istehsalına da başlayıb. Hazırda MMC-nin 113 hektar üzüm, 78 hektar nar, 5 hektar ərik, 6 hektar gilas, 10 hektar kivi bağları, 30 hektar buğda, 45 hektar yonca sahəsi var.

Ölkənin ən böyük anbarı boşdur

Fərdi sahibkar Nizami Hüseynovun Salyanda inşa etdirdiyi soyuducu anbar kompleksi tutumuna görə respublikada ən böyüyüdür. Ələt-Astara avtomobil yolunun üzərində yerləşən və böyük infrastruktura malik müəssisəni Salyanda daha çox “Generalın anbarı” kimi tanıyırlar. Yerli əhali söyləyir ki, əslində bu müəssisəsinin sahibi Salyan Rayon İcra Hakimiyyətinin başçısı, noyabrın 7-də millət vəkili seçilmiş general Əliağa Hüseynovdur. Kompleksdə meyvə-tərəvəz saxlanması üçün ümumi tutumu 250 tondan 500 tonadək olan 20 soyuducu kamera, ət və toyuq, həmçinin balıq məhsullarının saxlanması üçün ayrıca 500 tonluq 3 kamera mövcuddur. Ümumilikdə 11 min ton tutumu olan anbar kompleksinin 10 min tonu meyvə-tərəvəz, 1 min tonu isə ət və balıq məhsulları üçün nəzərdə tutulub. Soyuducu anbar Salyan rayonu ilə yanaşı, qonşu rayonlardan olan məhsul istehsalçılarına da xidmət göstərməyi qarşısına məqsəd qoyub.

Anbar-kompleksin icraçı direktoru Nadir Bağırov söyləyir ki, müştəri olmadığından indiyədək müəssisənin heç yarı gücündən də istifadə edilməyib. Onun sözlərinə görə, mövsüm vaxtı fərdi müraciətlər əsasında əhalidən az miqdarda meyvə-tərəvəz götürülüb. Bu məhsullar əsasən, xurma, nar və üzümdən ibarət olub. Pomidor, xiyar, kələm və digər kənd təsərrüfatı məhsullarının saxlamaya verilməsi üçün hələ ki, müraciət yoxdur.

“Bir məsələ də var ki, bu anbarlarda xəstəliyi olan məhsulları saxlamaq mümkün deyil. Çünki belə məhsul mütləq anbarda xarab olacaq. Ona görə də anbara ötən mövsümdə cəmi 6 ton üzüm yığılıb və bu məhsul hələ də anbardadır” – deyə Nadir Bağırov əlavə edir.

Ancaq icraçı direktor gümanını da gizlətmir və deyir ki, bəlkə gələn il 10 min tonluq saxlama kameralarının hamısı meyvə-tərəvəzlə dolacaq... Onun sözlərinə görə, hələlik müəssisənin özünüzün istehsalla məşğul olmaq imkanı yoxdur: “Bu il demək olar ki, gəlirimiz olmayıb. Düzdür, ziyanla da işləməmişik, çünki boş qalan kameralara görə xərcimiz olmayıb. Hələ tam güclə bu il işə başlamışıq, hər şeyi birdən-birə eləmək olmur, axı”.

Saxlamaya verilmiş məhsulların satışının təşkilinə gəlincə, Nadir Bağırov deyir ki, burdakı məhsullar daha çox xarici bazarlara, xüsusən, Rusiyaya gedir: “Məsələn, bu il bizim anbardan Moskva bazarlarına 60 ton meyvə-tərəvəz gedib. Amma o bazar da sahibkarın (anbarın sahibi Nizami Hüseynovu nəzərdə tutur) özünündür”.

Kim qazanır: anbar sahibləri, yoxsa məhsul istehsalçıları?

Soyuducu anbara verilən məhsulların icarəhaqqı fərdi təsərrüfat sahibləri ilə sahibkarlar arasında fərqlidir. Məsələn, Salyandakı bu anbarda 1 ton meyvə-tərəvəzin saxlanması üçün sahibkar ayda 50 manat icarəhaqqı ödəməlidir. Ət və balıq məhsullarında isə hələ ki, icarə qiymətləri müəyyənləşməyib. Çünki hələ müraciət yoxdur.

Fərdi təsərrüfat sahibləri üçün məhsulun saxlanma qiymətləri bir qədər bahadır. Nadir Bağırov deyir ki, belə müştərilər üçün icarəhaqqının sahibkarlara nisbətən daha yüksək olması əsassız deyil: “Qiymət məsələsində böyük tutumu olan məhsullara güzəşt olunur. Az çəkili məhsulların isə kameralarda saxlanması hər iki tərəf üçün o qədər də sərfəli deyil. Çünki kiçik həcmli məhsullar eyni kamerada bir neçə adda saxlamaq lazım gəlir və onların hər birinin üzərində çəkisi, kimə məxsus olması göstərilməlidir. Bu da əlavə zəhmətdir. Ona görə də bizim o cür imkanımız yoxdur ki, kimsə 500-300 kiloqram məhsul gətirib anbarda saxlasın”.

Yeri gəlmişkən, bu soyuducu anbar kompleksində məhsulların saxlanması üçün icarəhaqqı digər rayonlardakılardan fərqlidir. Belə ki, Salyandakı anbarda 1 ton məhsulun 1 aylıq saxlanması üçün icarəhaqqı 50 manat olduğu halda, Qubada 4 aylıq saxlama xərci cəmi 30 manatdır. Rayonların bir çoxunda məhsulun 1 kiloqramının aylıq saxlama xərci 5-20 qəpik arasında dəyişir. Məsələn, Tovuzda 1 kiloqram üzümü 1 ay ərzində soyuducu anbarda saxlamaq üçün istehsalçı müəssisəyə 20 qəpik ödəyir. Saxlama müddəti bir aydan artıq olduğu təqdirdə icarəhaqqı 10 qəpiyədək azaldıla bilər.

Rəsmi qurumlar bölgələrdə soyudu anbar komplekslərinin tikintisinin əsas hədəfinin ölkədə məhsul bolluğu yaratmaq və ixrac potensialını artırmaq olduğunu elan etmişdi.  Elə anbar sahibləri də deyirlər ki, ölkədə bol məhsul olsa, onu soyuducu kameralarda ta Novruz bayramınadək saxlamaq mümkündür. Bu isə qışda qiymət qalxımını əngəlləyən əsas amillə çevrilər. Həmçinin soyuducu anbarlar xaricdən idxalın azalmasına, ixracın isə əksinə, artmasına təsir edə bilər. Nəticədə kənd təsərrüfatı məhsulları istehsal edən kəndlilərin gəlirləri artacaq, məhsul itkisinin səviyyəsi aşağı düşəcək.

Hərəyə bir anbar?

Salyanda həmsöhbət olduğumuz fərdi torpaq sahibləri isə soyuducu anbarların ölkədə məhsul bolluğu yaradacağı fikri ilə razılaşmırlar. Rayonun Kürsəngi kəndindən olan Arif kişi bu anbarların kənd təsərrüfatının inkişafındakı rolunun şişirdildiyi qənaətindədir. Onun sözlərinə görə, son iki ildə Salyan rayonu ərazisində 3 soyuducu anbar kompleksi tikilsə də, əkinçiliklə məşğul olanların 70-80 faizi bunlardan xəbərsizdir: “Belə anbarların tikintisi, əlbəttə, yaxşı haldır. Ancaq bundan əvvəl digər problemlər həll olunmalıdır ki, kənd rayonlarında əhalinin əkin-biçinə marağı artsın. Soyuducu anbarların tikintisindən sonra bazarlarda nə bolluq yaranıb, nə də qiymətlər ucuzlaşıb. Əksinə, bu il qiymətlər bir az baha oldu”.

Müsahibimiz bildirir ki, soyuducu anbarların əksəriyyətinin sahibləri bu obyektlərə özlərinin şəxsi əmlakı kimi baxır. Belə ki, anbar sahibləri burada yalnız öz təsərrüfatlarından əldə etdikləri məhsulları saxlamaq niyyətindədir. Kameralarda boş yer qalacağı təqdirdə isə onlar ayrı-ayrı istehsalçılardan məhsulu pulla alacaqlar.

Arif dayının söylədiklərindən belə çıxır ki, dövlətin güzəştli kreditləri hesabına tikilən soyuducu anbarlar əslində regionlarda kənd təsərrüfatının inkişafına yox, ayrı-ayrı fərdlərin maraqlarına xidmət edir. Bu isə inhisarçılığa və qiymətlərin qaldırılmasına şərait yaradır.

Kiçik kəndli-fermer təsərrüfatı olan Şahin Mirzəyev daha bir mühüm məqamı qeyd edir. Onun fikrincə, soyuducu anbarların boş qalmasının əsas səbəbi dövlətin birbaşa dəstəyi ilə tikilən bu müəssisələrin göstərdiyi xidmətin pullu olmasıdır: “Əslində dövlət bu anbarların sahiblərinə ona görə güzəştli vəsait verib ki, bunun xeyrini hamı görsün. Amma anbar sahibləri əkin-biçinlə dolanan kəndlinin məhsulunu saxlamaq üçün ondan icarəhaqqı istəyir”.

Şahin Mirzəyev hesab edir ki, belə olan halda kəndlilər öz məhsullarını soyuducu anbarlarda saxlamağa maraqlı olmaz. Onun fikrincə, anbarda saxlamaya verilən məhsuldan əldə ediləcək pulun bir hissəsini icarəyə xərcləməkdənsə, onu bəri başdan satmaq daha sərfəlidir.

Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik idarəsinin rəisi Sabir Vəliyev isə bu anbarların ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət daşıdığı qənaətindədir. Onun sözlərinə görə, soyuducu anbarlar həm kəndlinin istehsal etdiyi məhsulun keyfiyyətini itirmədən uzun müddətə saxlanmasına, həm də qiymətlərin ucuzlaşmasına ciddi təsir göstərəcək.

İdarə rəisi gələcək zaman formasında danışsa da, onun söylədiklərindən belə çıxır ki, bu qış bazarlarda alma, nar, üzüm, kartof, kələm və digər kənd təsərrüfatı məhsulları ötən qışla müqayisədə ucuz olmalıdır. Bazarlardakı real vəziyyət isə belə demək üçün əsas vermir. Əksinə, qiymətlər ötən qışla müqayisədə xeyli bahadır.

Məhsuldarlıq da azalıb

Soyuducu anbarların tikilməsi ilə kənd təsərrüfatı məhsulları istehsalçılarının bu sahəyə marağının artacağı barədə proqnozlar özünü doğrultmayıb. Əksinə, son iki ildə ölkənin kənd təsərrüfatı sektorunda məhsuldarlıq aşağı düşüb. Hətta Kənd Təsərrüfatı Nazirliyində də etiraf edirlər ki, bu il aqrar sektorda əldə edilən məhsulun ümumi həcmi 3,4 faiz azalıb. Bu azalma həm dənli bitkilərin istehsalında, həm də tərəvəz məhsullarında qeydə alınıb. Bu il kartof istehsalı ötən illə müqayisədə 15 faiz, tərəvəz təqribən 10, meyvə istehsalı isə 14 faiz azalıb. Ümumilikdə 2010-cu ilin ötən dövrü ərzində ölkədə bitkiçilik məhsullarının istehsalı ötən ilki səviyyədən 9,2 faiz aşağı düşüb.

Nazirliyin hesablamalarına görə, bu il yalnız heyvandarlıq təsərrüfatının inkişafı və məhsul istehsalı üçün uğurlu olub. Belə ki, oktyabrın 1-dək ölkədə 241,8 min ton diri çəkidə ət, 1157,5 min ton süd, 903,1 milyon ədəd yumurta istehsal olunub. Rəsmi statistikaya inansaq, bu il ölkədə heyvandarlıq məhsullarının istehsalı 2009-cu ildəkindən 6,2 faiz çoxalıb. Amma maraqlıdır ki, ölkədə fəaliyyət göstərən soyuducu anbarların heç birində hələ ki, heyvandarlıq məhsullarına rast gəlinmir.

Yeri gəlmişkən, son iki ildə Azərbaycanda quş ətinin də istehsalında azalma baş verib. Dövlət Statistika Komitəsinin hesablamalarına görə, 2008-ci ildə ölkədə 70,5 min ton quş əti istehsal olunduğu halda ötən il bu rəqəm 65,7 min tona düşüb. 2008-ci ildə ölkədə adambaşına 124 kiloqram kartof istehsal edildiyi halda, sonrakı ildə bu, 11 kiloqram olub. Bu göstərici tərəvəz məhsullarında 141-dən 134-ə, meyvə və giləmeyvə 82-dən 81-ə, sənaye emalı üçün şəkər çuğunduru 22-dən 21-ə enib.

Soyuducu anbar kompleksləri istifadəyə veriləndən sonra Azərbaycanda pomidor və ərzaqlıq bostan bitkilərinin əkini sahələri də azalmağa başlayıb. Belə ki, 2008-ci ildə ölkə üzrə 26610 hektar sahədə pomidor əkilmişdisə, sonrakı ildə bu göstərici 25335 hektar təşkil edib. Ərzaqlıq bostan bitkiləri sahələrinin həcmi isə 31721-dən 31063-ə düşüb.

Maraqlıdır ki, kənd təsərrüfatı məhsullarının istehsalında azalmalar soyuducu anbar komplekslərinin tikildiyi rayonlarda daha çox müşahidə edilib. Dövlət Statistika Komitəsinin hesablamalarına əsasən, ən iritutumlu soyuducu anbara malik Salyanda təkcə üzüm istehsalı ötən il 2008-ci ildəkindən 16 faizə qədər azalıb. Belə ki, 2008-ci ildə bu rayonda 4701 ton üzüm istehsal olunduğu halda, ötən il həmin göstərici 3963 tona təşkil edib.

Eləcə də bəzi məhsullar üzrə əkin sahələri. Məsələn, ilk soyuducu anbarların tikildiyi Quba-Xaçmaz iqtisadi rayonunda ötən il pomidor əkini sahələri 2007-ci ildəki 4735 hektardan 3555 hektara düşüb. Təkcə Xaçmazda bu göstərici eyni dövrdə 3444 hektardan 2247 hektaradək azalıb.  

Əsas sual: investisiyalar, infrastrukturlar vəziyyəti niyə dəyişmir?

Hazırda respublikamızda adambaşına il ərzində 71 kiloqram meyvə və giləmeyvə istehlak edilir. Dünyanın əksər inkişaf etmiş ölkələrində bu göstərici 190 kiloqrama çatır. Ekspertlərin fikrincə, inkişaf etmiş ölkələrdə göstəricilərin belə yüksək olmasının əsas səbəblərindən biri onların ilboyu meyvə və giləmeyvə ilə təmin olunması imkanıdır. Bu imkanı həmin ölkələrdə on minlərlə iri tutumlu soyuducu anbar kompleksləri yaradır.

Bəs, onda Azərbaycanda kənd təsərrüfatı məhsullarının saxlanması üçün yaradılan infrastruktur niyə vəziyyəti dəyişmir?

Kənd Təsərrüfatı Nazirliyinin idarə rəisi Sabir Vəliyev məhsuldarlığın aşağı düşməsini yaz aylarında ölkədə baş verən subasma və torpaq sürüşmələri ilə əlaqələndirir.

Kənd təsərrüfatı üzrə ölkənin ən tanınmış və təcrübəli mütəxəssislərindən olan Sadıq Murtuzayev isə soyuducu anbar komplekslərinin tikildiyi, dövlətin bu istiqamətdə böyük məbləğli vəsaitlər xərclədiyi bir vaxtda məhsuldarlıqda artımın olmamasının səbəbini iki amillə izah edir: məhsul istehsalçılarının maddi maraqlarının qorunmaması və aqrotexnika ilə təminat sahəsində sistemli işin aparılmaması. Ekspert deyir ki, aqrar sektorda dayanıqlı inkişafa nail olmaq üçün dövlət fermerlərin maraqlarının qorunması vacib şərtdir: “Amma bu şərtə əməl olunmur. Tez-tez deyirlər ki, məhsul istehsalçılarına bu qədər güzəştlər verilir, onlara sərfəli şərtlərlə kredit götürmək imkanı yaradılır. Ancaq bu kreditlərin hamısı sahibkarlara “şapka” ilə verilir və bununla da fermerlərin belini qırırlar”.

Sadıq Murtuzayev hesab edir ki, Azərbaycanda toxumçuluq siyasəti də pis vəziyyətdədir, aqrotexnikanın tələbələri üçün lazımi şərait yoxdur və bunların hamısı kənd təsərrüfatında məhsuldarlığın artımına mane olur.  Onun sözlərinə görə, aqrar sektorda artıma nail olmaq üçün bu istiqamətdə atılan hər bir addım elmə əsaslanmalıdır.

Ekspert bu çatışmazlıqlara görə əsas məsuliyyətin Kənd Təsərrüfatı Nazirliyinin üzərinə düşdüyünü deyir və onları günahlandırır: “Bu işlərin hamısının günahkarı Kənd Təsərrüfatı Nazirliyidir. Çünki görülən işlərin hamısı formal xarakter daşıyır. Kənd təsərrüfatında monopoliya, inhisarçılıq geniş yayılıb. Fermerlərə şərait yaradılmır ki, öz məhsulunu xaricə çıxarsın. Buna görə də kənd yerlərində torpağa bağlılıq vərdişləri ölüb”.

E.SALAHOV

P.S. Yazı Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun elan etdiyi müsabiqədə qalib gəlmiş konsepsiya əsasında hazırlanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU