Modern.az

“Həkimlər gözləməyi məsləhət görürlər” - Jurnalist atasının vəziyyətindən danışdı

“Həkimlər gözləməyi məsləhət görürlər”  - Jurnalist atasının vəziyyətindən danışdı

Media

23 Fevral 2016, 16:02

“Atamın vəziyyəti bu gün də əvvəlki kimi ağır olaraq qalır. Dərin komada süni nəfəs aparatına qoşuludur. Onu dünən axşam saatlarında Mərkəzi Klinik Xəstəxanaya köçürmüşük. Bundan əvvəl  1 saylı Şəhər Klinik Xəstəxanasının (“Semaşko”) reanimasiya şöbəsində yerləşdirilmişdi, orada da komada idi. Həkimlər Mərkəzi Klinik Xəstəxanada yenidən müayinə ediblər, vəziyyəti hələ ki eynidir, ağırdır”.

Bu sözləri Modern.az saytına jurnalist İmdad Əlizadə ağır vəziyyətdə olan atasının bugünkü urumundan danışarkən deyib. 

Həkimlərin gözlədiyi daxili orqanlardakı fəsadlar artıq özünü göstərməyə başlayıb. Mərkəzi Klinik Xəstəxanada ağır kəllə beyin travması və beyin kötüyünün zədələnməsi diaqnozu qoyuldu.
Qıçının baldır hissəsində yerini dəyişmiş qəlpəli sınıqlar var. Mərkəzi Klinik Xəstəxanada edilən tomoqrafik müayinə zamanı qabırğasının da sındığı bilindi. Həkimlər yalnız gözləməyi məsləhət bilirlər. Dəqiq bir söz, proqnoz deyə bilmirlər ”- deyə İmdad Əlizadə bildirib.

Jurnalist atasının komaya düşməsindən artıq 10 gün keçdiyini bildirib: “Bu gün artıq hadisənin baş verməsindən 10 gün ötür. Hələ ki bu 10 gün müddətində heç bir irəliləyiş yoxdur. Xəstəxanaya necə daxil olubsa, vəziyyəti eyni olaraq qalır. Yalnız bir sevindirici fakt odur ki, heç bir mənfi dinamika da yoxdur”.

Qeyd edək ki, vaxtilə 54 gün erməni mühasirəsində qalmış müəllim, yazıçı-publisist Əli Əliyev bu il fevralın 14-də Bakıda məskunlaşdığı uşaq bağçasından çıxıb İsmayıllı rayonuna həmkəndlisinin hüzr mərasiminə gedərkən ağır qəzaya düşüb. “Koroğlu” metrostansiyası yaxınlığında yolu keçərkən onu avtomobil vurub.

Əli Əliyev Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. Laçın rayonu işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib. Hazırda təqaüdçüdür. Altı övladı var. Böyük oğlu, İmdad Əlizadə hazırda “Report” İnformasiya Agentliyində çalışır.

Əli Əliyev 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalıb. “54 gün mühasirədə ” sənədli filmində Əli müəllimin və onunla birgə mühasirədə qalmış 18 nəfərin əzablı günlərindən bəhs edilir.   
Film 2012-ci ildə çəkilib, ssenari müəllifi telejurnalist Vəsilə Vahidqızı, rejissoru Mirsadıq Ağazadədir.  

Əli Əliyev həmçinin “54 gün erməni mühasirəsində ” kitabının müəllifidir.   

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi