Manatın ötən ildəki 21 dekabr devalvasiyasından sonra ən çox bahalaşması ilə diqqət çəkən məhsullardan biri də yumurta olmuşdu. Hələ o vaxt Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev Modern.az saytına yumurta və quş əti istehsalı üçün lazımi vasitələrin xaricdən idxal edilməsini bahalaşmanın əsas səbəblərindən biri kimi göstərmişdi.
Manatın məzənnəsi kəskin şəkildə bahalaşmasından sonra qiyməti xeyli yüksələn yumurta artıq kifayət qədər ucuzlaşıb. Devalvasiyanın səhərisi 19 qəpiyə təklif edilən yumurta hazırda 11-12 qəpiyə satılır.
Maraqlıdır, əgər manatın məzənnəsinin dəyişməsi bahalaşmaya səbəb olmuşdusa, indiki halda məzənnənin yuxarı səviyyədə qalması ilə yumurta necə ucuzlaşdı?..
Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev Modern.az saytına növbəti açıqlamasında qiymətləri bazarın tənzimlədiyini deyib:
“Tələb və təklif məsələsi var. Bu gün yumurta istehsalı həddindən artıq çox, tələbat isə azdır. Elə tələb azaldığından qiymətlər aşağı salınıb. Qiymətlər inzibati yolla tənzimlənmir, bazara uyğunlaşdırılır. Manatın məzənnəsinin dəyişməsinin bazara dəxli yoxdur, onu kim deyirsə, düz danışmır. Tələb artdıqca, istər-istəməz bahalaşma olur ki, bazarda qıtlıq yaranmasın”.
A.Vəliyevə manat devalvasiyaya uğrayanda verdiyi açıqlamanı xatırlatdıq. O isə:
“Yumurtanın qiymətinin 18-19 qəpiyə qalxmasını da bazar müəyyənləşdirmişdi. İstər-istəməz maya dəyəri yüksəldikcə, bu, qiymətə də təsirsiz ötüşmür. O vaxt bahalaşma labüd idi. İndi maya dəyəri onsuz da yüksəkdir. Amma tələbat azaldığından qiymətləri azaltmışıq”.
Cəmiyyət sədri bayramqabağı ərəfədə yumurta və quş ətinin bahalaşmasının gözlənilmədiyini vurğulayıb.
Qeyd edək ki, 2015-ci ilin dekabrında manatın kəskin bahalaşması fonunda süni qiymət artımına getdiyi iddia edilən bir neçə sahibkar yumurtanı bahalaşdırdığına görə, Baş Prokurorluğun İqqtisadiyyat Nazirliyilə birgə apardığı reydlər zamanı həbs edilmişdi.
Gülşən RAUFQIZI