2015-ci ildə əvvəlki illərlə müqayisədə bir qədər yüksəlsə də, ümumilikdə inflyasiya məqbul səviyyədə qorunub. Modern.az saytı xəbər verir ki, bu haqda Mərkəzi Bankın 2015-ci il üzrə pul siyasəti icmalında məlumat verilib.
Mərkəzi Bank Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən bildirib ki, 2015-ci ildə orta illik inflyasiya 4% təşkil edib ki, bu da son 10 il üzrə orta illik istehlakçı qiymətləri indeksinin dəyişimindən 3.5 faiz bəndi aşağıdır. İstehlak qiymətləri indeksinin komponentləri olan ərzaq qiymətləri orta illik 6.1%, qeyri-ərzaq qiymətləri3.8%, xidmətlərin dəyəri isə 1.2% dəyişib. Göründüyü kimi hesabat ilində ərzaq qiymətlərinin orta illik inflyasiyanın formalaşmasına töhfəsi digər komponentlər ilə müqayisədə yüksək olub. İl ərzində çörək məmulatları və yarmalar 10.7%, yağ və piylər 14.3%, meyvələr 6.7%, kofe, çay və kakao isə 12.1% bahalaşıb. Tərəvəz məhsullarının qiymətləri isə aşağı düşüb. İstehlak səbətində qiyməti artan və azalan məhsul və xidmətlərin sayındakı fərqin dəyişim dinamikasını göstərən diffuziya indeksi hesabatilində aylar üzrə dəyişkən olub.
Hesabatda bildirib ki, ümumilikdə, il ərzində istehlak səbətinə daxil olan 27 ərzaq, 8 qeyri- ərzaq və 15 xidmət olmaqla 50 adda mal və xidmətlərin illik qiyməti azalıb. 3 qeyri-ərzaq və 35 xidmət olmaqla 38 adda mal və xidmətlərin illik qiyməti isə dəyişməz qalıb. Qiymətləri dövlət tərəfindən tənzimlənən və mövsümi dəyişkənliyə malik olan məhsulların qiymət dəyişməsindən təmizlənərək hesablanan orta illik baza inflyasiya 4.6% təşkil edib. 2015-ci ildə hökumət tərəfindən dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi əczaçılıq məhsulları üzrə qiymətlərin azalmasına səbəb olub.
Tarif (qiymət) Şurası tərəfindən cəmi 5050 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti təsdiq edilib. Manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar olaraq, 25.12.2015-ci il tarixində 1510 yeni dərman vasitəsinin qiymətləri, həmçinin Şuranın əvvəlki qərarları ilə təsdiq edilib 3540 dərman vasitəsinin yeni qiymətləri müəyyənləşdirilib.
Beləliklə, Tarif Şurasının son qərarına əsasən qiymətləri tənzimlənmiş dərman vasitələrinin 21%-nin qiyməti 2 dəfədən çox, 9%-nin qiyməti 3 dəfədən çox aşağı salınmış, ümumilikdə isə 60%-nin qiymətləri endirilib, 40%-nin qiyməti isə məzənnə dəyişikliyi ilə əlaqədar orta hesabla cəmi 30% artıb. Azərbaycandakı inflyasiyanın ticarət tərəfdaşı olan ölkələr üzrə orta illik inflyasiyadan (qeyri-neft idxal çəkili orta - 8.3%) 4.3 faiz bəndi aşağı olması iqtisadiyyatın rəqabət qabiliyyətliyinə müsbət təsir edib. 2015-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərində 1.2%-lik artım müşahidə olunub.
Qiymət artımı heyvandarlıq məhsulları üzrə 1%, bitkiçilik məhsulları üzrə 0.8%, balıq və balıq məhsulları üzrə isə 2.9% olduğu bildirilib.
Gülşən RAUFQIZI