2015-ci il ərzində xarici valyuta təklifi kanallarının məhdudlaşması, tələbin isə kəskin artması şəraitində Mərkəzi Bank idarə olunan üzən məzənnə rejiminə keçidi təmin edib.
2015-ci ildə valyuta bazarında xarici valyuta təklifinin əhəmiyyətli azalması, xarici valyutaya tələbin isə kəskin artması müşahidə edilib. Modern.az saytının məlumatına görə bu haqda Mərkəzi Bankın 2015-ci il üzrə pul siyasəti icmalında bildirilib.Qeyd edilib ki, qlobal əmtəə bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi və əsas ticarət tərəfdaşları olan ölkələrdə devalvasiya dalğaları ölkədə milli valyutanın ucuzlaşması gözləntilərini gücləndirmiş və dollarlaşmanın yüksəlməsinə səbəb olub.
Xarici valyutaya tələbin kəskin artması valyuta bazarının həm nağd, həm də qeyri-nağd seqmentlərində özünü büruzə verib. İl ərzində banklar tərəfindən əhaliyə ABŞ dolları ilə satılan xalis nağd xarici valyuta ötən ilə nəzərən 47.4% artaraq 8.8 mlrd. $ təşkil edib. 2015-ci ildə xalis satılan ABŞ dollarının 50%-i, Avronun isə 29%-i ilin I rübündə satılıb.
2014-cü ilin əvvəlindən etibarən bir sıra tərəfdaş ölkələrin milli valyutalarının dəyərsizləşməsi tempi 100%-i ötüb.
Yaranmış şərait valyuta bazarının və manatın məzənnəsinin yeni neft qiymətlərinə uyğunlaşmasını zəruri edib. Bunu nəzərə alaraq 21 dekabr 2015-ci il tarixində Mərkəzi Bankın İdarə Heyəti tərəfindən “üzən məzənnə” rejiminə keçilməsi barədə qərar qəbul edilib. Bu qərar manatın məzənnəsinin valyuta bazarındakı konyunktura uyğun yeni səviyyədə formalaşmasını şərtləndirib.
Qeyd edək ki, yeni məzənnə rejiminə keçidlə əməliyyat çərçivəsi olaraq ABŞ dolları və avronun daxil olduğu bivalyuta səbəti mexanizminin tətbiqinə son qoyulub.
Yeni rejimin tətbiqindən sonra Mərkəzi Bankın valyuta bazarına müdaxilələri əhəmiyyətli azalıb.
Ümumilikdə, 2015-ci ildə Mərkəzi Bankın xalis valyuta satışları 8.4 mlrd.$ təşkil edib. 2015-ci ilin sonuna Mərkəzi Bankın xarici valyuta ehtiyatlarının həcmi 5 mlrd. ABŞ dolları təşkil edib.
Mərkəzi Bankın xarici valyuta ehtiyatları manatla geniş pul kütləsinin (M2) 90.3%-nə (beynəlxalq normaya görə minimum 10-20%) bərabər olub. 2015-ci ilin sonunda Mərkəzi Bankın məzənnə siyasətinin əməliyyat çərçivəsi yeni rejimə uyğunlaşdırılıb.
2015-ci ildə manat əksər valyutalara nəzərən ucuzlaşıb. 2015-ci il ərzində manata qarşı ABŞ dolları 98.8%, Avro isə 79% bahalaşıb.
Gülşən RAUFQIZI