Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov report-a açıqlamasında hazırda hesablarında 70 mln. manat olduğunu və vəsait bitən kimi Mərkəzi Bankdan borc alacaqlarını deyib. O, ehtiyatların tükənməsini sığorta hadisəsi baş verən bankların əmanətçilərinə hər gün təxminən 7 mln. manat kompensasiya ödənilməsi ilə əlaqələndirib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az saytına deyib ki, Əmanətlərin Sığortalanması Fondu mütəmadi olaraq Mərkəzi Bankla birgə işləyir və lazım olduqca vəsait götürür:“Hesab edirəm ki, Fondda ehtiyatların azalması prosesi baş verirsə, Mərkəzi Banka müraciət edərək əlavə vəsait götürə bilər. Burada heç bir problem yoxdur.
Mərkəzi Bankın ehtiyatlarının azalmasına gəlincə, hesab etmirəm ki, ciddi azalma baş versin. Hazırda manat-dollar məzənnəsində stabilləşməsi, hətta dolların kursunda müəyyən enmələr var. Əlbəttə, vəziyyət bundan sonrakı iqtisadi prosesləri necə həyata keçirəcəyimizdən asılıdır.
Prezident İlham Əliyevin verdiyi fərmanlarını, göstəriş və tövsiyələrini, Milli Məclisin kiçik və orta sahibkarlıq, kənd təsərrüfatı üçün qəbul edilən qərarlarını düzgün yoluna qoya bilsək, əmanətlərdə də problem yaşanmaz”.
Gülşən RAUFQIZI