Yaşanı orta məktəb illərindən tanıyırdım. Məndən iki sinif yuxarı oxuyurdu. Qarabəniz, tökmə bədənli, gülərüz, mehriban, ünsiyyətcil oğlan idi. Yaxşı voleybol oynayırdı. Şəhər məktəbləri arasında keçirilən yarışlarda iştirak edirdi. Amma Yaşanı xatirələrdə yaşadan təkcə bu deyil. O, cüssəli, qorxmaz idi və məktəb illərində qonşu erməni məktəblərinin şagirdləri ilə əlbəyaxa olduğumuz anlarda həmişə köməyimizə çatırdı. Mərd oğlan idi, heç kimdən qorxmazdı, yaxşıca əzişdirərdi erməniləri. Zəif oxumasına baxmayaraq, elə buna görə müəllimlərimiz Yaşanı sevirdilər…
Yaşa Məmmədov 1956-cı ildə Xankəndi şəhərində anadan olmuşdu. N.Gəncəvi adına 4 nömrəli orta məktəbi bitirdikdən sonra ordu sıralarına çağırılmış, Gürcüstanda – Qara dəniz sahillərində xidmət etmiş, dəfələrlə fərqlənmə nişanları ilə təltif olunmuşdu.
1988-ci ilin sentyabr ayında Xankəndində Yaşagilin də evinə basqın oldu. Azğınlaşmış ermənilər evin pəncərəsini daşa basaraq “burda da bir türk evi var!” – deyə ardı-arası kəsilmədən atdıqları daş-kəsəklə şüşələri sındırdılar. Yaşa atılan daş və şüşə qırıntılarından yüngül xəsarət aldı. Həmin sentyabr günlərində Xankəndindəki azərbaycanlıların evləri yandırıldı. Artıq burda yaşamaq mümkün deyildi. O ağır günlərdə Yaşa ailə üzvlərini götürüb, Xocalıya - xalasıgilə getməli oldu. Onda hələ heç kim bilmirdi ki, pənah gətirdiyi bu kiçik şəhər çox keçməmiş bəşəriyyət tarixində görünməmiş cinayətlərə məruz qalacaq. Bəli, hələ heç kim bilmirdi ki, böyük, nəhəng, ağlagəlməz faciələr hələ irəlidədir.
Yaşa Xocalıda qaynaqçı işləyib, halal zəhməti ilə səkkiz nəfər ailə üzvünü çətinliklə dolandırırdı. Xocalıya gələn gündən Qarabağ hadisələri getdikcə qızışır, ermənilərin fitnə-fəsadı artırdı. Qarabağın azərbaycanlı əhalisi kəndlərindən, doğma ev-eşiklərindən didərgin salınır, soydaşlarımız öldürülür, əzab və iztirablar bitmək bilmirdi.
1992-ci ilin yanvar ayında Yaşa həyat yoldaşını dörd körpə balası ilə birlikdə vertolyotla Ağdama yola saldı.
…1992-ci il, 25 fevral. Qarlı qış gecəsi. Gecə yarısı dörd tərəfdən Xocalıya od yağmağa başladı. Sovet Ordusunun 366-cı motoatıcı polku ermənilərlə birlikdə şəhərə hücum etdi. Xocalı əhalisi vahimə içərisində yaxınlıqdakı meşəyə üz tutdu. Yaşa və 70 yaşlı anası xəstə Züleyxa xala da onların arasında idi. Onlar Ağdama çatmaq üçün soyuq qış gecəsində qarla, buzla örtülü iki çay keçməli idilər.
Yaşa çayı keçərkən anasını kürəyinə aldı. Oğlunun onu apararkən çətinlik çəkdiyini duyan ana Yaşaya yalvardı ki, “oğul, məni qoy get, mən qocalmışam, xəstəyəm, mən ermənilərin nəyinə lazımam?”. Yaşa isə “ölsəm də, səni qoyub getməyəcəyəm, ana!” deyərək öz övladlıq borcunu verməyə çalışdı. Yaşa başqa cür hərəkət edə bilməzdi. O, atasız böyümüşdü. Anası ona həm atalıq, həm də analıq eləmişdi. O, göydə Allahı, yerdə anasını çox sevirdi.
Düşmən tanklarının üstündə quraşdırılmış projektorlar vasitəsi ilə ermənilər xocalıların meşəyə tərəf qaçdıqlarını bildikləri üçün qaranlıq, qarlı meşəni işığa tutur, ova çıxmış canavarlar kimi hər ağaca, hər kola, hər daşa nəzər yetirir, silahsız olduqları üçün müqavimət göstərə bilməyən adamları qətlə yetirmək və əsir almaqdan ötrü hər cür vəhşiliyə əl atırdılar.
Yaşa necə olursa-olsun, anasını düşmən əlinə verməmək haqqında düşünürdü. O, silahsız idi. Silahlı olsa belə, hər tərəfə od yağdıran tank və topların qarşısında nə edə bilərdi?! Ermənilərin yaxınlaşdığını görən anası isə ona yalvarmaqda davam edirdi: “Yaşa, sənin çox cavan həyat yoldaşın, dörd körpə balan var, get onların yanına, yalvarıram, get, sənə südümü, analıq haqqımı, əziyyətimi halal edirəm! Yaşa, məni burax, get, özün atasızlığın nə demək olduğunu bilirsən, uşaqlarını atasız, arvadını başsız qoyma, oğul, get!”.
Anasının yalvarışlarına baxmayaraq, Yaşanın qərarı qəti idi: o, anasını köməksiz vəziyyətdə qoyub getməyəcəkdi. Bu barədə heç düşünmək belə, istəmirdi.
Ermənilər isə asta-asta yaxınlaşırdılar. Artıq qaçmaq da mümkün deyildi. Ağır-ağır nəfəs alan Züleyxa xala və Yaşa ermənilərin əlinə keçdi. Oğlunun gözü qarşısında anaya əzab verməyi əyləncə bilən ermənilər qarın içinə yıxılmış 70 yaşlı qadını avtomatın qundağı ilə döyməyə başladılar. Getməyə taqəti olmayan Züleyxa ananı yeriməyə məcbur etdilər. Yeriyə bilmədiyi üçün yenə də onu avtomatla vurmaq istəyəndə Yaşanın qışqıraraq anasının üstünə atılması faciəvi bir səhnə yaratdı. Yaşa anasını qucaqlayıb, ayağa qaldırdı. Ana və oğulu vurub, digər əsirlərin içərisinə qatdılar. Onları Əsgərana gətirib, tövləyə saldılar. Ananın gözü qarşısında Yaşanı döyməyə başladılar. Ona deyirdilər ki, “sizin Milli Ordunun əsgərləri bizimkiləri öldürüblər, biz də sizi sağ buraxmayacağıq. Əgər sağ qalmaq istəyirsənsə, “Qarabağ ermənilərindir!” de”. Yaşa isə “Qarabağ Azərbaycanındır, bizimdir!” dedi. Düşmənlər onun dırnaqlarını çıxartdılar, əllərinə dubinka ilə o qədər vurdular ki, barmaqları şişdi. Oğluna verilən əzablara dözə bilməyən ana qışqırırdı. Ermənilər onu ordan uzaqlaşdırdılar. Qarlı-şaxtalı qış günündə köməksiz ananı tək-tənha üzü Ağdama tərəf yola saldılar. Azğınlaşmış ermənilər yenidən öz cinayətkar əməllərini davam etdirdilər. Əsir düşmüş kişilərin gözləri qarşısında qadınları təhqir edərkən buna dözməyən, heç nəyə gücü çatmayan Yaşa nifrətini boğa bilməyərək erməninin üzünə tüpürdü. Elə bundan sonra ermənilər daha da azğınlaşdılar. Yaşanı yeddi gün tövlədə ac-susuz saxlayıb, ona işgəncə verdilər. Trosla maşına bağlayıb sürüdülər. Əynində paltarları cırıq-cırıq idi. Yanları daşa, kol-kosa o qədər dəymişdi ki, baxmaq mümkün deyildi. Hətta sürüyəndən sonra onun ölmədiyini görüb, avtomatın süngüsü ilə sinəsinə o qədər vurdular ki, ağ ciyəri, ürəyi sinəsindən çıxıb tikə-tikə olaraq, yerə töküldü. Qarnını bıçaqla yarıb, dərisini soydular. Bütün əl və ayaq dırnaqları çıxarıldı.
Yaşanın meyiti təhvil verilərkən onu Ağdamda islam qanunları ilə yumaq istəsələr də, yuyucu bundan imtina etmişdi. O, Yaşanın bədənindəki işgəncə izlərini görərkən dəhşətə gəlmiş və ürəyi getmişdi...
Xalqımızın qeyrətli, namuslu övladı Yaşa Yusif oğlu Məmmədov Tərtərin Hüsənli kənd qəbiristanlığında dəfn olunub.
Hikmət Xudiyev (Cəmilzadə)