Modern.az

Dövlət Şəhərsalma Komitəsinin sədri: “Bakıda yeni qəsəbə salınacaq”

Dövlət Şəhərsalma Komitəsinin sədri: “Bakıda yeni qəsəbə salınacaq”

İqtisadiyyat

25 Fevral 2016, 16:51

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov Bakı şəhərinin yeni Baş Planında (“Böyük Bakının Regional İnkişaf Planı”) nəzərdə tutulan layihələrlə bağlı yeni məlumatlar verib.

“Böyük Bakının Regional İnkişaf Planı”nın aidiyyəti təşkilatlar ilə razılaşdıraraq Nazirlər Kabinetinə təqdim edildiyini bildirən komitə sədri beynəlxalq təcrübənin də nəzərə alındığını vurğulayıb.

Modern.az saytı xəbər verir ki, “İnşaatçı” qəzetinə müsahibəsində Abbas Ələsgərov deyib ki, “Böyük Bakının Regional İnkişaf Planı” və “Məxsusi Bakının Ərazidən İstifadə Zonalaşdırma Planı” Azərbaycan Respublikası Hökuməti ilə Bey­nəlxalq Yenidənqurma və İnkişaf Bankı (Dünya Bankı) arasında imzalanmış Kredit Sazişinə uyğun olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarisi əsasında hazırlanıb.

Onun müsahibəsini bəzi ixtisarla dərc edirik:

A.Ələsgərov:

- Layihə istinad tarixi kimi 01.01. 2011-ci il götürülməklə 2030-cu ilə qədər olan dövrü əhatə edir. “Böyük Bakının Regional İnkişaf Planı” Bakı və Sumqayıt şəhərlərinin inzibati ərazilərinin, həmçinin Abşeron rayonunun bir hissəsinin daxil edildiyi 282322 hektardan artıq ərazini əhatə edən ərazi planlaşdırma sənədidir. Layihənin növbəti mərhələsini Bakı şəhərinin mərkəzində 33333.29 hektar ərazini əhatə edən “Məxsusi Bakının Ərazidən İstifadə Zonalaşdırma Planı” təşkil edir. 

“Böyük Bakının Regional İnkişaf Planı”nın ərazisinə 67 inzibati ərazi vahidi və 76 yaşayış məntəqəsi daxildir.

Bilirsiniz ki, Bakı şəhəri ətrafında yerləşən qəsəbələrlə tarixən mədəni və iqtisadi baxımdan vəhdət təşkil etmişdir. Buna görə bütün Abşeron yarımadası paytaxtla birlikdə “Böyük Bakı Regionu” adlanır. Bu baxımdan “Böyük Bakı Regionu”-nun ərazi planının hazırlanması və dayanıqlı inkişafı təmin edən qərarların qəbul edilməsi vacib idi. “Böyük Bakının Regional İnkişaf Planı”-nda müasir inkişaf tələbatını ödəyə biləcək mühitin yaradılması üçün şəhərin formalaşmasının əsas amilləri təhlil edilmiş və prinsipial qərarlar qəbul edilmişdir.

“Böyük Bakının Regional İnkişaf Planı” 2013-cü il 01 yanvar tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli 51 nömrəli Qərarı il təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın tələblərinə uyğundur. Təsdiq edilmiş bu qaydaların tələblərinə uyğun olaraq tikintinin miqyası ərazi zonaları üzrə ərazinin tikinti əmsalı və ərazinin tikinti sıxlığı əmsalları müəyyənləşdirilmişdir. 

– Bakı şəhərinin sahil hissəsinin inkişaf konsepsiyası barədə nə deyə bilərsiniz?

– Şəhərin gələcək inkişafı konsepsiyasının əsasını sənaye müəssisələrinin mərhələli şəkildə mərkəzi hissədən çıxarılması prinsipi təşkil edir. Sənaye müəssisələrindən azad olunmuş ərazilərdə isə iri iş mərkəzləri, idman obyektləri, mehmanxanalar, parklar, bulvarlar yerləşdirmək, həmçinin mövcud Dənizkənarı bulvarın Bakı Buxtasının sahil xətti boyunca uzunluğunun 3,5 km-dən 25 km-ə qədər artırılması təklif olunur.
Bu zaman dəniz şelfinin hesabına əldə olunan 50-200 metr enində sahil zolağında iri mehmanxanalar, biznes, ticarət, xidmət və əyləncə obyektləri yerləşdirmək, yeni 8-10 zolaqlı magistral yolların çəkilməsi, bu magistral üzərində Bakı Metropoliteninin yeni xəttinin çəkilməsi, turistlər üçün xüsusi nəqliyyat və elektromobillərlə gəzinti üçün yolların çəkilməsi nəzərdə tutulur. 
Həmçinin Bakı Buxtasının sahil zolağında idman, istirahət və əyləncə obyektləri, çimərliklər yerləşəcək, sahil gəzintiləri üçün biri-biri ilə bağlı olan park və bağlar yerləşəcəkdir. Dövlət Bayraq Meydanı ilə yanaşı, neft muzeyi və akademiyası, müasir incəsənət muzeyi və milli tarix muzeyi də yerləşəcəkdir. 

Mövcud yük limanının yerində Su idmanı sarayı ilə yanaşı avarçəkmə kanalı və Beynəlxalq sərgi mərkəzi, Milli idman kompleksi, müxtəlif dərəcəli (olimpiya kəndi) otellər tikiləcəkdir. 

Belarusun "БЕЛНИИП­Градо­стро­и­тельство" respublika unitar elmi layihə müəssisəsi mütəxəssislərinin hazırladığı bu konsepsiyaya uyğun olaraq hələ o zaman Nəqliyyat Nazirliyi tıxacların aradan qaldırılması məqsədi ilə Bakı Buxtası üzərindən körpünün tikilməsi təklifini vermişdi və biz Koreya mütəxəsisləri ilə birlikdə buna alternativ olaraq bulvarın 200 metr məsafəyə qədər genişləndirilməsi yolu ilə mərkəzin dolama magistral yolunun inşasının - tunelin çəkilməsini təklif etmişik ki, həqiqətən də bu tunelin inşa olunması Neftçilər prospektində tıxac probleminin həllində əsaslı rol oynaya bilər.
Beləliklə, Bakı körfəzi adaları 2050-ci ilədək həyata keçirilməsinin ikinci mərhələsində yeni ərazilər hesabına genişlənəcək və estakadalarla materiklə birləşəcəkdir. 

Adalarda çimərliklər, istirahət yerləri hazırlamaq, okeanarium, delfinarium, akvaparklar, mehmanxanalar və biznes mərkəzləri kimi unikal obyektlər yerləşdirmək məqsədəuyğun hesab olunur.

– “Böyük Bakının Regional İnkişaf Planı”na uyğun olaraq paytaxtın qəsəbələrində də çox böyük layihələrin işlənməsi nəzərdə tutulub...

– Böyük Şor gölünün bərpası layihəsinin birinci mərhələsi çərçivəsində həyata keçirilən tikinti işləri zamanı gölün şərq və cənub sahilində bulvar və park salınıb. Ümumi abadlıq işlərinin sahəsi 15 hektardan çoxdur. Bu ərazidə neftlə çirklənmiş torpaqlar təmizlənib. Həmçinin çirklənmiş yeraltı suların gölə daxil olmasının qarşısı tamamilə alınıb və drenaj sistemi qurulub. 
Sahilboyu gəzinti zolağının uzunluğu 2,5 kilometr, bulvar sahəsinin ümumi eni isə 94 metrdir. Burada idman və uşaq oyun meydançaları qurulub, ayrıca qaçış və velosiped zolaqları salınıb, minlərlə ağac və bəzək kolu əkilib. Gölün içində quraşdırılmış fəvvarələr komp­leksi şəhərimizin qonaqlarının zövqünü oxşamaqla yanaşı, həm də gölün suyunun keyfiyyətinin yaxşılaşdırılması üçün onu oksigenlə zənginləşdirir. 

Gölün tam bərpa edilməsinin ikinci mərhələsi 2016-2020-ci illəri əhatə edəcəkdir. Bununla da göl özünün tarixi-təbii məcrasına qaytarılacaq, burada suyun səviyyəsi tənzimlənəcək, ekoloji sistem bərpa olunacaqdır.

"Böyük Bakının Regional İnkişaf Planı" layihəsinə uyğun olaraq həmçinin Bakıda Yeni Türkan qəsəbəsi yaradılacaqdır. Yeni Türkan qəsəbəsi üçün ayrılmış torpaq sahəsi 2000 ha ərazini əhatə etməklə şimaldan qədim Qala kəndi, şimal-şərqdən Türkan kəndi, qərbdən Hövsan qəsəbəsi və cənubdan Xəzər dənizi ilə sərhədlənən bir ərazidə yerləşir. Yeni salınacaq qəsəbə şərqdən mövcud Qala-Türkan, cənubdan Hövsan-Türkan və şimaldan isə Zığ-Türkan yolunu birləşdirən avtomobil yolları ilə əhatələnib. Ərazidə mövcud yaşayış əraziləri, sahibkarlıq üçün ayrılmış ərazilər, sənaye əraziləri və hal-hazırda istismarı dayandırılmış daş karxanaları mövcuddur. Ərazinin şimal hissəsindən Samur-Abşeron su kanalı və neft kəməri keçir. Ərazinin cənubundan dənizə çıxan hissəsi isə əsasən fərdi yaşayış evləri ilə sahil boyunca əhatələnmişdir.

Yeni Türkan qəsəbəsinin eskiz layihəsinin həllində mövcud faktlar nəzərə alınaraq öz həllini tapmışdır. Qəsəbə Türkan və Hövsan yaşayış məntəqələri ilə mövcud və yeni layihələndirilən avtomobil yolları vasitəsilə əlaqələndirilmişdir. Əsas mərkəzi küçələrdə 3-5 mərtəbəli terras tipli yaşayış evləri və ətrafda həyətyanı sahəli fərdi yaşayış evlərinin layihələndirilməsi nəzərdə tutulur. Qəsəbədə bütün inzibati, sosial-mədəni və məişət müəssisələri, istirahət mərkəzləri, sənaye (mövcud və yeni salınan) müəssisələri və s. layihələndirilmişdir. Ərazidə yerləşən daş karxanalarının yerində süni göllər yaradılaraq istirahət guşələri kimi istifadə olunması nəzərdə tutulub. Layihələndirilmiş ərazi 1350,0 ha olmaqla 35-40 min nəfər əhali üçün nəzərdə tutulur.

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...