Ünvanlı sosial yardım proqramının dayandırılması barədə gündəmə aktiv gəlmək üzrə olan təkliflər, nə havadan götürülmüş bir təklifdir, nə dövlət büdcəsini ağzı bağlı saxlamaq üçün xəsislik siyasətidir, nə yoxsul kəsimi məyus etmək niyyəti, nə də onun sosial taleyinə acımasız qəsddir.
Belə təşəbbüslər ciddi xarakter daşıyır və əsaslı səbəblər üzərində dayanır. Çox da uzaq olmayan zaman üçün daha optimal alternativlər hamını razı sala bilməyən, əksinə, ədalətsizliklər, yanlışlıqlarla əhatəli bu modeli, geci-tezi sıradan çıxarmağa məhkumdur.
Proqramın tənqidi fonunda elektron sistemə keçid, nə təmənnalı, bədbin baxışların azalması, nə də bu proqramın ömrünün uzanmasına zəmanət deməkdir.
Geniş kasıb təbəqəni dağa-daşa salmayan, bərabər yanaşma prinsipini özündə daşıyan və haqqıçatma meyarını daha dəqiq ifadə edən yeni məzmunlu maddi dəstək proqramına böyük ehtiyac yaranır.
Dövlətin qarşısına qoyulacaq yeni modelin detalları məlum deyil; amma çox geridə qoyduğumuz sovet iqtisadi sistemindəki “ailələrə maddi dəstək modeli”ndən uğurlu praktika tapmaq çətindir.
Bu model ailələr arasındakı fərqi aradan götürür; maddi yardım 18 yaşına çatan uşaqlara və onların sayına görə ayda 12 manat (bu, keçmiş pulla əməlli vəsait demək idi, həm də hər uşaq üçün-müəl.) təşkil etməklə, varlı, kasıb-bütün ailələrə verilirdi. Prosedurası çox sadə, maddi şəraitin gizlinlərini təftiş etmək ehtiyacı yaratmayan bu modellə həm, sosial təminat məsələsi hədəflənirdi, həm demoqrafik proseslər stimullaşırdı, həm də dövlət özünü narazılıq, aqressiya yükündən tamamilə sığortalayıb, ədalətli obrazını yaradırdı.
Ünvanlı sosial yardım proqramının icrasından başlayaraq, bu vaxta qədərki süni qalxan və vəsaitləri dövlət büdcəsinə qaytaran endirilmiş rəqəmlər, yəni, yardıma fürsəti əldən verməmək, dövlətdən nəsə qoparmaq psixologiyası kimi qeyri-düzgün ictimai münasibət, onun sosial durumu bərabər olan təbəqədə yaratdığı narazı atmosfer, bəzilərinin şüurlarındakı işıq gələn yeri tapmaq baxımından süstləşmək, arxayınlaşmaq anlamında qəribə dəyişikliklər, nəhayət, ortaya çıxan kompleks neqativ mənzərə bu layihənin Azərbaycanın daha ağır çətinliklərə qəzavü-qədərdən sürgün edilmiş insanına vurduğu zərəri faydasından bol göstərir.
Tətdiq olunduğu ilk vaxtlarda ünvanlı sosial yardımı kimlər alırdı? Necə olmuşdu ki, statistika ən yüksək həddə gəlib çatmışdı?
Nə qədər ikrahdoğuran olsa da, bu, cəmiyyətin məhz bahalı cipi, villası, yaxşı iş, əmək haqqı yeri olan insanlarının əli çatan bir proqram idi. Sosial ədalət prinsipi məzlumu yandırıb-yaxan bir formada iyrənccəsinə pozulurdu.
Faktlar isbatladı ki, adı kasıbın olan bu proqramın səfasını, əslində vəziyyəti onsuz da yaxşı olan bir qrup insanlar sürdü.
Bu proqram istəmədən belə, koorrupsiya və rüşvət faktlarını kütləvi şəkildə stimullaşdırırdı. Pulu nisbətən imkanlı kateqoriya ilə yanaşı, yuxarıları razı salmaq şərtilə yerli inzibati aparat dağıdırdı. Dövlət vəsaitinin “6 ay sənin, 6 ay mənim” prinsipi, bəzi yerlərdə hətta “9 ay mənim, 3 ay sənin” şərtilə kobud və rüsvayçı bölgüsü bir məmurun nazir karyerasını bitirdi.
Daha pisi məzmununda yardım, kömək anlayışını daşıyan sosial addım xoşagəlməz stereotiplər formalaşdırdı ki, ünvanlı yardımın verilməsinə məsul yeni komandanın şəffaflıq cəhdləri ictimai şüurlarda daşlaşmış düşüncəni dəyişməkdə əziyyətlər çəkir, bu sterotiplər başağrısına çevrilir, üstəlik, indiki iqtisadi böhran şəraitində sözügüdən sahəyə əlavə ayrılmış vəsaitləri belə, bölüşdürməkdə ciddi problemlər meydana çıxır.
Təbii ki, insanların daimi iş axtarışı yerinə, həm də 150 manatlıq işin cəfasını çəkmək istəməyib, dövlətin yardım qapısını döyməsi kütləvi xarakter alanda, təkcə bu sistemin idarəçiliyində çətinliklər yaranmır, vətəndaşlararası münasibətlərdə də xoşagəlməz tendensiyalar-“sən aldın, mən qaldım” anlamında bir-birinə qarşı hiddətli münasibət, qısqanclıq, çəp baxışlar, rəftarın sərtləşməsi, şübhəli yanaşma, daha pisi insanın ələbaxım öyrənməsi gerçəyi meydana çıxır.
Ələbaxımlılığa öyrənmiş xalqın bu proqrama ümidli qalması onu fiziki baxımdan passivləşdirir, zəhmətdən, başqa əmək imkanlarından perik salır. Araşdırmalara görə, ünvanlı sosial yardım alan kənd ailələrinin ixtiyarındakı həyətyanı sahə tamamən istifadə olunmur. Aybaay alınan ünvanlı sosial yardım insanın fiziki potensialını aşağı salır, nəticədə kənd insanı əvvəlki işgüzar təbiətinə, ciddi əmək qrafikinə dönük çıxaraq, toplumun tənbəlləşmiş, müftə yeyən qrupuna çevrilir.
Halbuki insana öz əməyi ilə şərəf gətirən iş yerləri, onu hardasa, sındıran havayı yardımdan min dəfə yaxşıdır.
Yaxşı iş yeri hər bir insanın haqqıdır, sosial yardımda isə onun haqqı onsuz da, bəhanəli qanunlarla mürəkkəb bir labrintə salınır.
Əslində, ünvanlı sosial yardım ailələrdəki uşaqların təminatı məzmununu daşımalı, maddiyyat ucbatından sarsılan ailə dayaqlarını möhkəmlətməli, gələcək nəslin təhsil, sağlamlıq, qida ehtiyaclarını qarşılamalıdır ki, bu zaman insan mənliyinə, şəxsiyyətinə bir qədər kiçiklik gətirən bu yardım (!) anlayışı, əslində ölkənin gələcəyinə dəstək siyasəti səviyyəsinə yüksələ bilsin.
Onsuz da varlı ailələr uşaq pulu ardınca qaçmayacaq, üstəlik, çağdaş dövrdə coxuşaqlı ailələrin sayı yetərincə azdır, indi ayrılan vəsait orta bir rəqəmlə bərabər şəkildə paylanmaqla, ölkənin kasıb hissəsini əhatə etmək potensialını özündə saxlaya biləcək.
Təsadüfi deyildi ki, əski siyasi-iqtisadi formasiyada uşaqların böyüməsinə verilən pulları almaq ixtiyarı atada yox, anada idi, çünki dövlət yeni nəslin yetişməsi zəmanətini daşıyan bu vacib vəsaiti bəzi sərxoş, analar qədər ailə fədakarı olmağı bacarmayan atalara etibar etmirdi.
Yeni sosial yardım sistemi nisbətən ideallıq anlamında elə bir memarlıq tələb edir ki, ailələr bir-birini güdməsin, kasıblar özünü yandırmaq üslubunda siyasi intriqaların, hakimiyyətdəki qrupların çirkin alətinə çevrilə bilməsin, sosial yardımın məhz uşağa məxsusluğu (!!!) onun yetişdirilməsində etibarlı təminat rolunu oynaya bilsin, ailənin digər iki, əmək qabiliyyətli subyektində bu gəlirə toxunulmazlıq, onun üzərini artırmaq məsuliyyəti yaratsın.
Hansı yaxşıdır: dağıdılmasına nəzarət edilməsi çətin, tam ədalətli ola bilməyən, xalqda ələbaxımlılıq hissi aşılayan, başağrısına çevrilən hazırkı proqram, yoxsa, ehtiyaclı təbəqəni sındırmayan, hamının gözünü özündə edən, ailə institutunu xeyli qoruyan, genefondu möhkəmləndirən, gələcək nəslin böyüməsinə, azacııq da olsa, təminat verən əski örnək?!.