İqtisadçı Cəfər İbrahimli Azərbaycanda bank sektorunun mövcud vəziyyəti və devalvasiya riski barədə fikirlərini bildirib. C. İbrahimli Modern.az saytına mövcud vəziyyətdə bankların bağlanmasının əleyhinə olduğunu qeyd edib:
“Çox qısa müddətdə bankların bağlanmasının maliyyə və sosial problemlər yaratdığı görünməyə başlayıb. Bankların bağlanma məsələsi bu sektorda atılacaq ən son addımdır.
Düşünürəm ki, bundan əvvəl, mövcud bank problemlərinin həlli istiqamətində Mərkəzi Bank və hökumət tərəfindən addımlar atılmalı idi. Mən Maliyyə Bazarlarına Nəzarət Palatasının formalaşması mərhələsində Mərkəzi Bankın hansısa kommersiya bankını bağlayacağını düşünmürəm. Mərkəzi Bank bu səlahiyyətin Palataya keçməsini gözləyəcək”.
Ekspert hesab edir ki, ümumiyyətlə, devalvasiya məsələsi iqtisadi gündəmdən çıxarılmalıdır:
“Əslində Mərkəzi Bank "tənzimlənən üzən məzənnə" siyasətinə keçməyi elan edib.
Məzənnənin mümkün qədər bazarın tələb və təklifinə uyğun formalaşmasını təmin etmək lazımdır. Bu, ən azından manata güvənin təmin edilməsi və mövcud iqtisadi problemlərin aradan qaldırılmasına dəstək olacaq. Həmçinin 3 və ya 5 illik proqramlar hazırlanmalı, bu proqramın həyata keçiriləcəyinə dair biznes mühitinə inam yaradılmalıdır”.
C.İbrahimli ənənəvi olaraq Azərbaycanda bayaramqabağı bahalaşma məsələsinə də münasibət bildirib:
“İqtisadi və maliyyə qərarları özəl günlər üçün deyil iqtisadi rəqəmlərin sonuclarına və gözləntilərinə görə verilir. Devalvasiya sabit məzənnə sistemində hökumət və Mərkəzi Bankın qərarı ilə verilir.
Mərkəzi Bankın "üzən məzənnə" siyasətini həyata keçirdiyi vaxtda devalvasiya qərarı verməsi doğru olmaz deyə düşünürəm. Amma Mərkəzi Bank və hökumət fiskal genişləmə siyasəti həyata keçirsələr, manatın məzənnəsi yüksələ bilər. Yaxın vaxtlarda isə pul və fiskal genişləmə siyasətinin həyata keçiriləcəyini gözləmirəm”.
Gülşən RAUFQIZI