Mən sovetin vaxtında televizora baxanda bir müğənninin də səsini eşitməmişəm. Lənkəranlılar demişkən “Oo... necə yəni eşitməmisən? Bu necə müğənnidir ki, sən onun səsini eşitməmisən. Niyə yalan danışırsan?”. Yox, düzgün anlayın məni. Müğənninin mahnısını eşitmişəm, amma səsini yox. Oxumaq başqa şeydir, danışmaq başqa. Müğənnidən müsahibə götürməzdilər. Çünki onun müsahibəsi mahnıları idi. Mahnının dünyaya gəlməyindən isə şair, bəstəkar danışardı. Çünki onlar dünyaya gətirirdilər musiqi əsərlərini. “İnqə-inqə” demək isə müğənniyə qalırdı. Onun da Do, Re, Mi, Fa. Sol, Lya, Si –dən kənara çıxmağa ixtiyarı yox idi. Müğənninin bir özəlliyi var idi ki, o da Allahın ona bəxş etdiyi səs idi. Do-nu, ya da Mi-ni hansı tonallıqda ortaya qoymaq. Sol-u Baba Mirzəyev kimi 1 dəqiqə uzadıb alqış qazanmaq, yaxud da Mirzə Babayev kimi musiqinin sözlərini deklamasiyaya çevirib nəğməyə özəllik qatmaq. Bir sözlə, özəl və təkrarsız ifa tərzi.
Amma biz müğənniləri müsahibə verən görmürdük. Heç bəstəkarlar da danışmırdılar. Bu gün arxivdən çıxarılıb sizə göstərilən kadrlar isə, dəfələrlə məşq edilən, müxtəlif dubllardan sonra ortaya çıxan şirin xatirələrdir. O da çox qısa. Sadəcə arxivə hesablanan müsahibələr.
İlhamə Quliyeva. Onu ilk dəfə bu adla tanımışam. İllər keçdikdən sonra ailə həyatı qurdu. Ərinin familiyasını götürdü. Oldu İlhamə Mirmövsümova. Sonra ailəsi dağıldı. Ərinin familiyasını atdı, qızlıq familiyasına da qayıtmadı. Qaldı İlhamə. Sadəcə İlhamə. Bir də ki, Azərbaycanın Xalq artisti Tükəzban İsmayılovanın qızı İlhamə. Vəssalam.
Yuxarıda yazdığım balaca bir abzasdan başqa İlhamə xanımın şəxsi həyatı haqqında heç nə bilmirəm. Bu abzası da ad, familiya təqdimatında olan dəyişikliyə görə bilmlşəm. Əlbəttə ki, şayiələri çıxmaq şərtiylə. Şayiəni də yalnız tanınmış insanlar barədə çıxararlar. Şayiə və lətifə. Bir az da irəli getsən – dastan.
İlhamə Quliyeva haqqında keçmiş zamanda danışmaq mənimçün çətindir. Düzü ölümünə inanmıram. Çünki diri insan idi. İndi sual verəcəksiniz ki, insan da ölü olar? Olar. O qədər insan tanıyıram ki, diridir, nəfəsi gedib-gəlir. Amma ruhu çoxdan ölüb. İlhamə xanım xarakterli sənətkar idi. Bu xarakteri yalnız “KVN-Parni iz Baku” teatrı öz tamaşalarının birində daha dəqiq və qabarıq aça bildi. Xarakteri açmaq isə hər ssenaristə, rejissora, aktyora qismət olmur.
O vaxt onların çıxışına baxanda güldüm. Sadəcə güldüm. “Ha-ha-ha” yox, “Hi-hi-hi”. Amma AzTV-də işləyəndə, Səməd Vurğun küçəsində yerləşən şadlıq evində bir xeyriyyə məclisini lentə alanda onu daha yaxından tanıdım. İlk və sonuncu dəfə. Xeyriyyə tədbirində iştirak elədi, mahnı oxudu. Sonra da bir gənc müğənnini iştirakçılara təqdim etdi. Lap KVN-dəki kimi “Mən çox müğənniyə sənətə vəsiqə, ad vermişəm. Bu qızı da sizə təqdim edirəm. Yolu uğurlu olsun” dedi. Sonra da təsadüfdənmi gəlib oturdu yanımda. Mənimçün çay süzdü. Sonra boşqabıma tort qoydu. “Ye, canım” dedi. Gördü ki, utanıram. Onda çox utancaq idim. Bir də ki, televizorda gördüyüm tanınmış bir şəxsin yanımda oturması və çay süzməsindən çaşıb qalmışdım. Tortdan bir qaşıq qoparıb ağzıma qoydu. Yaş fərqimiz böyük idi. Düz 23 il. Amma onda İlhamə xanımın hansısa verilişə verdiyi müsahibədə dediyi bir fikir yadıma düşdü: “Kişinin ürəyinə yol mədəsindən keçir”.
Mən onu bir sənətkar kimi çox istəyirəm. Niyə keçmiş zamanda yox, indiki zamanda dedim? Çünki sənətkarlar ölmür. Nə qədər ki, onların yaratdığı rollar, ifalar, mahnılar, sənət əsərləri yaşayır. Mən onu necə unuda bilərəm ki, bu gün də kompüterimin yaddaşında Aygün Səmədzadəyə məxsus və onun yaradıcılıq gecəsində oxuduğu “Sənli günlərimçün çox darıxmışam” mahnısı var. Özü də iki gənc müğənniylə ifa edib. Hələ “Qaragilə”ni demirəm. Bəstəkar Faiq Sücəddinovla işlədiyi musiqi albomu isə mənim musiqi dünyamda şedevrdi desəm, yanılmaram.
İlhamə Quliyevanın yaradıcılığında ən müsbət cəhət isə qısqanclıq, başqasnın uğurundan qorxmamasıdır. Mənim iş yoldaşım, dostum Rəşad İlyasovla birgə ifa etdiyi, Novruz Aslana məxsus “Yaşın nə fərqi var ki” adlı mahnı bu günümüzün də xitidir. Xit yox, bütün dövrlərin məhəbbət hekayətlərinin ümdə problemi, qınaq obyekti. Yaşlı kişi cavan qızı sevsə, deyirlər ki, “uşağı yaşında qıza vurulub”. Gənc oğlana vurulan qadına isə “Arvad qızıb e...” deyirlər. Amma bu məhəbbətin bir izahı, bir cavabı var: “Yaşın nə fərqi var ki?”
Mən ifaçıları, müğənniləri həyatda görməkdən, onlarla rastlaşmaqdan, söhbət eləməkdən qaçıram. Bir təsəvvürüm var onlar haqqında. Əlbəttə ki, müsbət mənada. Qorxuram ki, ağızlarından nəsə bir söz eşidim və bütün təəssüratım, fikrim dəyişsin, puç olsun. Çünki mən onların sənətinin, ifalarının vurğunuyam. Şəxsi həyat isə başqa şeydir. Boş şeydir.
Mən İlhamə Quliyevanı çox istəyirəm. Siz də çox istəyin. Söhbət yüzlərlə gözəl mahnının ifaçısı İlhamə Quliyevadan gedir. Söhbət neçə-neçə gənc ifaçıya səhnə vəsiqəsi verən İlhamə Quliyevadan gedir. Lap söhbət haqqında neçə-neçə duzlu-məzəli lətifələr quraşdırılan İlhamə Quliyevadan gedir. Bu qondarma titulları bəyənməsəm də... ruhu şad olsun deyim – söhbət “primadonna və estradamızın kraliçası” İlhamə Quliyevadan gedir. Onu belə qəbul etmişik. Belə də son mənzilə yola salaq.
İlhamə Quliyeva, əlvida. Atama salamlar! (Alqışlar, çələnglər, gül-çiçək dəstələri)