Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında xalq artisti İlhamə Quliyeva ilə vida mərasimindəki çıxışı ətrafında açılan müzakirələr davam edir. Müzakirələrə qoşulanların bir çoxu bu qənaətdədir ki, Əbülfəs Qarayev ana dilini yaxşı bilməməsi səbəbindən çıxışı zamanı ciddi səhvə yol verib.
Modern.az saytı vaxtilə Əbülfəs Qarayevlə aspiranturada birlikdə oxumuş yazıçı-publisist, tədqiqatçı Gülhüseyn Kazımlı ilə əlaqə saxlayaraq nazirin Azərbaycan dilini yaxşı bilmədiyi barədə deyilənlərə ondan münasibət öyrənib:
Əbülfəz Qarayev hələ Sovet hakimiyyəti illərində Azərbaycanlı mühacirlər haqqında dissertasiya yazmışdı.
- Salam Gülüseyn müəllim.
- Salam.
- Gülhüseyn müəllim, sizi Modern.az saytından narahat edirik...
- Eşidirəm, buyurun.
- Gülhüseyn müəllim bir neçə gündür ki, bəzi saytlarda mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin Azərbaycan dilində kifayət qədər sərbəst danışa bilməməsi barədə yazılar gedir. Bildiyimizə görə, siz nazirlə Moskvadakı İctimai Elmlər Akademiyasının aspiranturasında birlikdə oxumusunuz.
- Doğrudur biz Əbülfəz müəllimlə Akademiyanın mədəniyyət tarixi və mədəniyyət nəzəriyyəsi kafedrasını bitirmişik. Dediyiniz məsələ barəsində nazirliyin mətbuat xidməti rəy bildirib və onu qaneedici hesab edirəm. Hər bir insan kimi nazir də dəfn mərasimində həyəcanlı ola bilər, o da olsun Xocalı faciəsi kimi xalqımız üçün çox ağrılı və əzablı gündə.
- Belə bir fikir var ki, kim hansı dildə düşünürsə, o dildə daha yaxşı danışır. Siz dilçisiniz fikrinizi bilmək maraqlı olardı.
- Əbülfəz müəllimi cavanlıqdan tanıyan və yoldaşlıq edən bir şəxs kimi (uzun müddət əlaqəm olmasa belə) deyə bilərəm ki, o vətəninə, torpağına, xalqına olduqca bağlı olan bir insandır. Fikirləri və düşüncələri də təmiz Azərbaycancadır. Üç illik aspirantlıq həyatında da onun mənimlə başqa bir dildə danışdığının şahidi olmamışam.
Digər aspirant yoldaşlarımız partiya və sovet quruculuğuna aid dissertasiyalar yazdığı halda Əbülfəz müəllim hələ sovet dövləti dağılmadığı bir zamanda xaricdə yaşayan azərbaycanlı mühacirlərin həyat və fəaliyyəti haqqında gözəl bir elmi iş yazmışdı və uğurla da müdafiə etdi.
A.Qorxmaz