Modern.az

“Topa tutulan” nazirlər, bədbəxt qadın

“Topa tutulan” nazirlər, bədbəxt qadın

28 Fevral 2016, 20:55

Namidə Bingöl

İnsan həyata bir dəfə göz açdığı kimi bir dəfə də əbədiyyətə qovuşur. Axirət mənzili eyni olsa da, ölümlər fərqli olur.

Həftənin hesabatını təqdim edirəm.

Yola saldğımızı həftə Xocalı faciəsinin 24-cü ildönümü geridə aldı. Dünyanın bir çox ölkələrində soyqırım iştirakçıları anıldı. 613 nəfərin vəhşicəsinə qətlə yetirilməsini anarkən hələ də  itkin düşən 1275 nəfərdən  xəbərsizik. Unutmadıq! Unutdurmarıq!

Təhsil rüşvətə doğru?!

Yola saldığımız həftə Azərbaycan təhsil sistemində illərdir rüşvətin qarşısında dik dayanan test üsulunun  ləğv edilməsi məsələsi gündəmə gəldi. Təhsil naziri Mikayıl Cabbarovun test sistemi haqqında dedikləri etirazla qarşılandı. Çünki test üsulu  rüşvətsiz sahə hesab edilir. Cənab nazirin dedikləri test üsulunun ləğv olunması kimi anlaşıldı.  Hələ ki, test üsulu ləğv edilməyib. Amma bu dolaşan fikirlər gerçək olarsa təhsil sistemimizi nələrin gözləyəcəyini öncədən söyləmək çətin deyil. Sovet dövründə kasıbların uşaqları ali məktəblərə bir az çətin daxil olurdu. Kimin imkanı vardısa övladının ali məktəbdə təhsil alması çox rahat şəkildə gerçək olurdu. Hətta test üsulunun mövcud olmadığı zamanlarda ali təhsil alan savadsız kadrlar var ki, indi də haralardasa özünə yer tutub. Di gəl ki, nə fayda! Hələ də savad sarıdan kasaddırlar. Test ləğv olunarsa savad sarıdan kasad olanların istənilən sahədə meydan sulaması ikiqat çoxalar.

Nazirlər “topa-tutuldu”

Yola saldığımız həftə Milli Məclis növbəti iclasını keçirdi. Danışmaqlarına adət etdiyimiz deputatlar danışdılar. Qüdrət Həsənquliyev çıxışı zamanı velosiped zavodlarının tikilməsini məsləhət bildi. Əslində, yaxşı fikirdir. Gerçəkləşərsə xaricdən ixrac edilən velosipedlərə də ehtiyac qalmaz.  

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov çıxışı zamanı daha vacib məqama diqqət çəkib. Milli Məclisdə iqtisadi sahəni əhatə edən nazirlərinin iştirak etməməsini qınayıb. “Burada dövlət büdcəsi müzakirə olunur. Bu, təkcə Maliyyə Nazirliyi və ya Mərkəzi Banka aid məsələ deyil ki! Amma iqtisadi blokdan olanlar yoxdur. Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi və s. yoxdur. Növbəti iclasda hökumətin hesabatı veriləcək. Büdcə olmayan yerdə hesabat nəyə lazımdır”. Hakim partiyanı təmsil edən deputat Siyavuş Novruzov 2016-cı ilin dövlət büdcəsinə edilən dəyişikliklər zamanı belə deyib.  

Həə, Siyavuş Novruzov doğru qeyd edib. Hörmətli nazirlər xalqın taleyini həll edən məsələlərin müzakirəsinə hər kəsdən qabaq təşrif buyurmalıdırlar. Nə isə. Nə lazımdısa Siyavuş Novruzov Milli Məclisin kürsüsündən deyib. Gerisini nazirlər düşünsünlər.

“Taclı primadonna”

Sanki bir sözü hər kəsə sübut etməyə çalışırdı. “Azərbaycan şou-biznesində mənəm Bağdadda kor xəlifə”. Sübutun özü də  yanlış idi. Bir tərəfdə 50 illik peşəkar ifaçılıq fəaliyyəti, digər tərəfdə isə eqo hissinin yüksək olması. Elə müsahibələrinin birində də eqoist olduğunu, özünü çox sevdiyini etiraf etmişdi. İfa etdiyi bəzi mahnılarının sözlərini  Tac imzası ilə  yazıb. Bəlkə də "taclı-primadonna" olaraq  tanınması əsl kraliça kimi davranmasını labüd edirdi.  Amma unutmuşdu k,i mədəniyyət təmsilçisinin bəzəkli- düzəkli titullara, qurşaqdan aşağı söylənən təriflərə ehtiyacı yox idi. Reallıq o idi ki,  primadonna kimi təqdim olunmasından zövq alırdı.  

Həm də məclis adamı idi. 30 illik səhnə fəaliyyətindən tutmuş ta ilk addımlarını atmağa başlayan müğənnilərin toplaşdığı məkanları onsuz təsəvvür etmək mümkün deyildi. Yerindən qalxıb oxumağa başlayan hər kimsə ilk xeyir-duanı  ondan alırdı. 

“İmperator”,  “Hürrəm sultan”, “Şah”  və digər titulları  müğənnilərə verəndə özünü bir başqa cür xoşbəxt hiss edirdi.   Son bir ildə həmkarları ilə intriqalarda adı hallanan “taclı primadonna” üçün işıqlı  həyat durmadan qaranlığa doğru yaxınlaşırdı. Nə özü,  nə ona qarşı əks mövqedə dayanan  həmkarları, nə də xalq taclı primadonna üçün qəfil ölüm zənginin çalınacağını təsəvvür edirdi. Hələ 40 il də yaşayacağına söz vermişdi. Mütəmadi olaraq mətbuatla təmasda olduğundan hər iddialı çıxışın arxasında bir neçə il də yaşamaq şansı görünürdü.  

Reallıq isə başqa mənzərəyə şahidlik etməyi tövsiyə edirdi. Kosmetoloji vasitələrin zahirdə parıldaması  vücudun  daxildəki gərgin ab-havasını əks etdirməyə bilərdi.  Çünki  yaş o yaş deyildi. İki il bundan qabaq ağır ürək əməliyyatından sonra vücudun rahatlığa, sakitliyə, sülhə ehtiyacı vardı.

Təəssüf ki, “taclı primadonna” həmkarları ilə qarşıdurmalara, intriqalara qızıldan qiymətli zamanını ayırdı. Hər sözü çəp gəldiyi həmkarı ilə hüquq dilində danışmağa  üstünlük verdi. Görünür, illərlə söz davasında olduğu həmkarı və həmyaşıdı Flora Kərimova ilə  apardığı “müharibəyə” ağlı gedibmiş. Elə bilirmiş ki, zədəli ürəklə  yaşından qat-qat kiçiklərə qalib gəlmək olar.  Unutdu ki, 50 yaşdan sonra zaman insanın əksinə dövr edir. Və belə də oldu. Tarixə illərin küsülü sənətkarları kimi düşən İlhamə Quliyeva-Flora Kərimova davası birincinin dünyasını dəyişməsi ilə bitdi.

72 yaşlı zədələnmiş ürək tab gətirə bilmədi. Qəfil ölümün sədaları yayılmağa başlayanda reaksiyalar da eyni tonda olmadı. Bəziləri sanki qəfil ölümdən sevindilər. Sanki bundan sonrakı həyat problemsiz, söz-söhbətsiz olacaqdı. Şou-biznesdə saçyoldu səhnələrinə tamaşa etməyəcəyik. Daha kimsə bir kəlmə sözə görə kiminləsə hüquq dilində danışmayacaq. Özü də elementar danışıq qaydalarını poza-poza! Sanki! Sanki! Sanki!  

Sankilər bir tərəfə bir ildən sonra “taclı primadonna”dan da heç kim danışmayacaq. Daha ölümünə də sevinməyəcəklər. 


“Göygöl”, “Darıxmışam”, “Çiçək yağışı” və digər mahnılarını dinləyib xəyal dənizinə baş vuranda  “böyük sənətkar idi” deyəcəklər. Mütləq deyəcəklər.    

Hə  bir də onu deyim ki,  insan sağlığında nə qədər əzrail kimi davranırsa, ölümlə üz-üz qalanda necə aciz olduğunu, necə kiçildiyini çox yaxşı dərk edir.  Bütün həyatı boyu xoşbəxt görünən “taclı primadonna”nın  daxilində bədbəxtlik çalarları daha çox idi. Amma o, xoşbəxt görünməyi daha çox  sevirdi.   50 illik sənət fəaliyyətinə  baxmayaraq, bədbəxt qadın idi.   Sənətinə verilən ən ali qiymətə, layiq görüldüyü dövlət mükafatlarına baxmayaraq bədbəxt qadın idi.

Dünyasını dəyişənə qədər səhnədə olmasına baxmayaraq bədbəxt qadın idi.

Ana kimi, qadın kimi, insan kimi də bədbəxt qadın idi.   Mədəniyyət tariximizin yaddaşında isə sevilən mahnıları və məlahətli ifası ilə xoşbəxt qadın kimi qalacaq.   Bu dünyada xoşbəxtlərin də, bədbəxtlərin də dünyasını dəyişərkən üz tutduğu o biri dünya var. Bu üzdən də o, hər kəsin gedəcəyi və getməli olduğu ünvana getdi.   Ölümü də həyatı kimi müəmmalı olan BƏDBƏXT qadın! Allah rəhmət eləsin!                          

 
Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI