Modern.az

İlhamə Quliyeva olmasaydı...

İlhamə Quliyeva olmasaydı...

29 Fevral 2016, 11:30

Mübariz Tağiyev, Cavan Zeynallı, Flora Kərimova, Akif İslamzadə, Brilliant Dadaşova kimi görkəmli sənət xadimləri ilə bir sırada İlhamə Quliyeva da Azərbaycan estrada musiqisinin ən böyük, ən dəyərli simalarından biridir. Bu nəsil olmasaydı, Azərbayanın musiqi ifaçılığı, estrada musiqisi də inkişaf etməzdi. İlhamə Quliyeva da daxil, bu dəyərli sənət xadimləri olmasaydı Azərbaycanın Fikrət Əmirov, Tofiq Quliyev, Rauf Hacıyev, Emin Sabitoğlu kimi görkəmli bəstəkarlarının gözəl mahnıları da dinləyicilərə peşəkar səviyyədə çatmayacaqdı.

İlhamə Quliyeva daşıdığı bütün fəxri adlara, bütün təltiflərə son dərəcə layiq olan ifaçıdır. Onun sənətkarlığı musiqi sənətinin ən yüksək peşəkar tələblərinə cavab verir. Bu xanım həyatda hansı şıltaqlıqlara, necə bir xasiyyətə malik olmasından asılı olmayaraq, sənətində böyük idi. O, heç vaxt sənətə, sənətin yüksək meyarlarına xəyanət etməyib. İlhamə Quliyevanın repertuarında bir dənə də olsun pis, zəif mahnı yoxdur. Onun sənətkarlığında bir dənə də olsun zəif ifa yoxdur. İlhamə ifa etdiyi xanımın hər bir mahnı yüksək sənət örnəyidir, bənsərsizdir.

XX əsrin belə bir dünya müğənnisi var: Alla Puqaçova. Bu qadın qədər dünya müğənniləri arasında sərvət toplayan, cavan oğlanlara ərə gedən, pis tərbiyəsi ilə tanınan, gənc müğənnilərə qarşı qara piar aparan, təhqir və söyüşlərlə danışan, qara və çirkli kampaniyalar aparan ikinci müğənni tapmaq çətindir. Amma bu gün rus ictimaiyyəti onun barəsində belə yekdil və son qərarı verir: "Rusiyanın milli sərvəti", "Rusiyanın milli iftixarı".

Rəhmətlik İlhamə xanım, tək qadın, xəstəliklər yaşayan bir qadın olaraq, öz prodüseri ilə arasında ixtilaf yaşayan kimi (lənət Şeytana) onun üzərinə daha kimlər yerimədi, daha barəsində nə qədər təhqiramiz, haqsız, nalayiq sözlər deyilmədi. Onun xəstəlikləri nə qədər artdı, ayaqları tutuldu, şəkəri çoxaldı. Hətta yaranmış vəziyyətdən siyasi müxalifət də öz məqsədi üçün yararlanıb, qəsdən onun böyük sənət xidmətlərini başına vuranlar, onu aşağılayanlar da tapıldı. Kim bilir bu qədər arzuolunmaz münasibətlər olmasaydı, hələ neçə yeni və gözəl mahnılara həyat verər bilərdi.

Biz sənət adamlarımızı həyatın məişət olaylarına, telekanalların şou oyunlarına salır, sonra özümüzü mələk sanıb üzərinə yeriyir, təhiqr edir, hətta özümü az qala dünyanın ən günhasız adamı bilib, ölüsünü də söyürük. Mən İlhamə xanımın ünvanına aşağılayıcı ifadələr yazanlara bir həqiqəti də başa salmaq istəyirəm. Təkcə Azərbaycanın yox, xarici ölkələrin əksər dahi şəxsiyyətlərinin, böyük elm, ədəbiyyat, incəsənət xadimlərinin hərəsinin bir mənfi cəhəti, hamınını qəbul edə bilmədiyi naqisliyi olub. Sadəcə, nə vaxtsa İnternet, media, sosial şəbəkələr olmadığından onların hərəkətləri, şəxsi qüsurları, nalayiq söz-söhbətləri, qeyri-etik hərəkətləri keçmiş nəsillərin yaddaşından itib-batıbdır.

Elə adamlardan sizlərə elə şeyləri danışaram ki, dəhşətə gələrsiniz. Odur ki, bizim böyük ədiblərimzdən, şairlərimizdən, rəssam, aktyor, rejissor, bəstəkar, dirijor və müğənnilərimizdən şəxsi həyatlarındakı hadisələr, pis xasiyyət və mənfi keyfiyyətlər, pis adət və əməllər deyil, sənətləri, dəyərləri, xidmətləri qalıbdır və qalacaqdır. Sənətkarı şəxsi xüsusiyyətlərinə görə, sənətinə görə qiymətləndirmək lazımdır. İlhamə xanımı da həmçinin.

Şəxsi xüsusiyyətlərinə görə qiymətə başlasaq, ona gərək təkcə mədəniyyət, ədəbiyyat xadimlərimizin deyil, elə tarixi və siyasi xadimlərimizin də üzərindən qara xətt çəkək. Çoxumuz ölüb gedəcəyik, elə onun üzərinə "qəhrəman", "günahsız mələk" kimi yeriyən aşağı səviyyəli sənət adamları da, köşə yaradıcılığını özünə dahilik bilən zavallı qələm qəhrəmanları da... Amma bunlardan çətin ki bu xalqa, bu tarixə bir əbədi nə isə qalacaq.

İlhamə Quliyevanın sənəti, oxuduğu hər br nəğmə milli estrada sənətimizin ən qiymətli örnəkləri kimi yaşayacaqdır. Onun sənətkarlığını, yüksək ifaçı peşəkarlığını qiymətləndirə bilməyənlər isə gühanı özlərində axtasınlar. Allah milli musiqi ifaçılıının ən dəyərli şəxsiyyətlərindən və ən qüdrətli sənətkarlarından olan İlhamə xanıma qəni-qəni rəhmət eləsin.

 P.S. İlhamə Quliyevanı təhqir edənlər onun bircə mahnısına belə, dəyməzlər.

P.P.S. Mərdi qova-qova namərd edərlər - atalar sözü.

P.P.P.S. Düz əyriyə cavab vermədi, dedidlər ki əyridən qorxdu, elə ki, cavab verdi, dedilər ki, bunun harası düzdü. - atalar sözü.

P.P.P.P.S. "Allah hər şeyi görəndir, biləndir"; "Allah sizlərin bütün aşkar və gizli əməllərinizi biləndir" (Müqəddər Qurani-Kərim).

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI