Modern.az

Türkiyəli dossent: “Azərbaycan Türkiyəni qabaqlayacaq”

Türkiyəli dossent: “Azərbaycan Türkiyəni qabaqlayacaq”

Qarabağ

29 Fevral 2016, 12:12

İstanbul Kültür Universitetinin dossenti dr. Volkan Ekin “Akademy Group”un dəvəti ilə Xəzər Universitetində tələləbələr üçün ödənişsiz seminar keçirib.

3 gün müddətində Azərbaycanda olan V.Ekin Modern.az saytının qonağı olub.  V.Ekin eyni zamanda idman marketinqi üzrə dossent olduğu üçün ölkəmizdə keçirilən idman oyunları ilə bağlı fikirlərini öyrənməyə çalışdıq.

-Avropa Oyunlarının açılışında olmusunuz?  

-Açılışda çox təəssüf ki, olmadım. Bağlanışda oldum. Dərslərim var idi, gələ bilmədim. Amma bağlanışda burada idim. Eyni zamanda volleybOl müsabiqələrinə baxdım.   Ancaq oyunları telekanallarda izlədim. Təşkilaçılıq çox yüksək səviyyədə idi. Türkiyəyə qaydanda jurnalların birində yazdığım məqalədə nümunə olaraq Bakını göstərdim. İdmanla bağlı bu regionda brendləşmiş iki şəhər tanıyıram, biri İstanbul, digəri isə Bakı.  

- I Avropa Oyunlarından öncə Azərbaycana gəlmişdiniz?  

- Xeyr bu ilk dəfə idi. Bir də indi gəlmilşəm.  

- Ölkəmiz, Avropa Oyunlarına ev sahibliyi etdi. Bu il Formula 1, gələn il İslam Oyunları olacaq. Sizcə bu oyunlar Azərbaycana nə verəcək?  

- Fikrimcə, Azərbaycana çox şey verəcək. Azərbaycanın yaxın coğrafiyada, həm dünyada tanıdılmasına mühüm rol oynayacaq. Bölgəyə diqqət çəkəcək, Bakı şəhərinin brendləşməsində mühüm əhəmiyyətə malik olacaq. İndi dünyanın əksər ölkəsində sabitlik pozulub. Belə bir vaxtda Azərbaycanın beynəlxalq əhəmiyyətli idman oyunlarına ev sahibliyi etməsi, xaricdən gələcək idman və seyrçi insanların təhlükəsizliyinə təminat verməsi sizin ölkənizin dünyadakı nüfuzunu qaldırır.

- Azərbaycan idmanla məşhurlaşırmı?  

- İnandığım bir şey var. Avropa oyunları zamanı diqqət yetirdim ki, burada idmanla əhatələnən və müxtəlif sahələrdə yetişən gənc vətəndaşlar formalaşır. Bu cür fəaliyyətin gənclərə və uşaqlara xeyirli olacağına inanıram. Bağlanış mərasimində yuaxşı mənada çox təəsirlənmişdim. İndi Azərbaycanın gəncləri idmanla daha yaxın olub Bakının məşhurlaşdırılmasında mühüm rol oynayacağına inanıram. Stadionlar tikmək önəmlidir, amma bu hələ hər şey demək deyil. İdman mədəniyyətini yaşatmaq, bir araya gətirmək, qazanmağı və məğlub etməyi öyrənmək önəmlidir.

- Sizcə, idmanla Azərbaycan özünü dünya miqyasında necə tanıdır?  

- Azərbaycanın idmandakı inkişafını 1980-ci illərin ortaları, 1990-ci illərin əvvəllərindəki Türkiyəyə bənzədirəm. Məsələn, Türkiyədə Avropa futbol klublarına qarşı udulan oyun bütövlükdə cəmiyyət üçün zəfər olaraq görülürdü. Çempionlar Liqasında Mançestr-Yunaytedi udduğu gün 350 mindən çox insan Taksim meydanına gəlmişdi. Ölkələrin beynəlxalq arenadakı milli mənada varlıqları üçün idman önəmli vasitədir. Gücünü, varlığını göstərmək üçün idman çox vacibdir. Rəqabətdə olduğun ölkələr, qruplarla mübarizədə əldə etdiyin qalibiyyət cəmiyyəti ayağa qaldıra bilir, sevindirir.

Bunun əksi də olur, çox kədərlənirik və s. Bu işdə media rəhbərlərinin üzərinə çox iş düşür. Bakı 2000-ci illərdən sonra 50-ə yaxın beynəlxalq tədbirlər həyata keçirib. Bakı mədəniyyət vasitəsilə bu regionda brendləşmək üçün çalışan və potensialı olan şəhərdir. Bunun təməli də var. Bundan əlavə Avropa Oyunları zamanı könüllülər məni daha çox təsirləndirdi. Stasion çox gözəldir, amma könüllülərin həyacanı, yardım etməsi, 7/24 işləməsi- bir sözlə, hər zaman kömək göstərən, daim işləyən gəncliyi gördüm. Oyunlar bitdikdən sonra hələ də işləmələri çox vacib idi və o gənclər məni çox təsirlənmişdi.

- Azərbaycanda hansı futbol klubunu tanıyırsınız?  

- Azərbaycanda “Qarabağ” futbol klubunun oyunlarını izləyirəm. “Anderlexti” məğlub etdiyində mətbuatda Azərbaycanla bağlı araşdrısaq görərik ki, xəbərlərin oxunmasında böyük partlayış olub. Çünki idman mühüm vasitədir. Bu böyük təsir yaradır, diqqəti çəkir, fərqlilik yaradır. Türkiyədə niyə hər kəs “Fənərbaxça”, “Beşiktaş”, “Galatasaray”da oynamaq istəyir, çünki dünyaya çıxışları var. “Qarabağ”ın çox maraqlı tarixi var, işğaldan sonra Bakıya gəlməsi, köklü tarixinin olması diqqətimi çəkir. Türkiyədən mən bu klubun oyunlarını izləyirəm.

-Azərbaycanın idmanda inkişafa səy göstərməsini necə dəyərləndirirsiniz?  

-İdman da addım-addım irəli gedir və brendləşməyə gedərkən bunu bazara çıxartmaq əlaqələrinə diqqət yetirmək lazımdır. Bunun cəmiyyətə, mətbuata çıxışı, idman qurumları, beynəlxalq əlaqələri var. Bakı bunu öyrənəcək. Amma Türkiyədən daha sürətli öyrənəcək. Bu proses Türkiyədəki qədər 15-20 il deyil, 7-10 il çəkəcək. Azərbaycanın oturuşmuş və qalib olduğu dədə-baba idman növləri var. Amma bunların içərisinə yeniləri də əlavə etmək lazımdır ki, fikrimcə bu, futboldur.


Aytən ZƏHRA

 
Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza