1 mart tarixi Azərbaycan mətbuatında özünəməxsus yer tutan “Gündəlik Teleqraf” MMC-yə daxil olan “Gündəlik Teleqraf” qəzetinin, Teleqraf.com saytının və Publika.az portalının yaranma günüdür. Modern.az-ın məlumatına görə, adları çəkilən KİV-lərin 4 yaşı tamam olur.
Publika.az-ın baş redaktoru Səlim Əzizoğlu ad günü təəssüratlarını Modern.az-a bölüşüb:
- Bu gün “Gündəlik Teleqraf” ailəsinin 4 yaşı tamam olur. Bu münasibətlə sizləri təbrik edirik. Konkret olaraq Publika.az-ın yerini bu günün media məkanında necə göstərmək olar?
- Bu gün Azərbaycanın elektron KİV məkanında kifayət qədər xəbər və digər istiqamətli saytlar fəaliyyət göstərir. Publika.az bu gün yaranıb sabah üzdə olmayan, görünməyən saytların siyahısında olmayıb. Yəni bizim sayt kifayət qədər tanınan, özəl xəbər və layihələri olan elektron KİV-dir. Ən böyük uğurumuz isə odur ki, biz yoxa çıxan saytların içində deyilik. Bu, özlüyündə çox böyük əmək, cəsarət və iş tələb edir.
- Yəqin ki, elektron media sahəsində rəqibləriniz az deyil...
- Biz hamını özümüzə dost hesab edirik. Heç bir saytla da yarışmırıq. Rəqabət da aparmırıq. Sadəcə olaraq öz işimizi ortaya qoyaraq çalışırıq ki, kimdənsə geri qalmayaq. Kimisə özümüzə rəqib görərək, ona çatmaq bizlik deyil.
- Publika.az olaraq bu gün cəmiyyətin maraqlarına nə dərəcədə cavab verirsiniz? Yəni oxucu nəyə görə məhz Publika.az-ı oxumalıdır?
- Məncə bu sualı mənə yox, oxuculara ünvanlayaq. Mən heç bir halda oxucu ola bilmərəm. Çünki baş redaktor olaraq oxucunun yerinə cavab vermək düzgün deyil. İstəyərək və istəməyərək haradasa yanlışlığa yol verə bilərəm. Digər tərəfdən deyə bilərəm ki, bu gün Azərbaycan oxucusu bizi layihələrimizə, şərhlərimizə, təhlillərimizə görə oxuya bilərlər. Yəni bizim ərsəyə gətirdiyimiz siyasi, iqtisadi və digər sahəyə aid təhlillərimiz, şərhlərimiz bir çox saytlarda yoxdur. Həmçinin kifayət qədər peşəkar jurnalist kollektivimiz var ki, öz işlərinin öhdəsindən yaxşı gələ bilir. Ona görə də oxucuların bizi oxuması hesab edirəm ki, itirilmiş vaxt olmaz.
- Yəqin ki, manatın devalvasiyası saytınıza da maliyyə çətinliyi yaratdı. Bu baxımdan hansısa layihələriniz yarımçıq qalmadı ki?
- Əslində devalvasiya ümumi olaraq bütün ölkəyə, hamıya öz təsirini göstərdi. O cümlədən də Publika.az da bu təsirdən kənarda qalmayıb. Ancaq devalvasiyanın ayrıca olaraq bizə göstərilən təsirlərini dəqiq demək bir az çətindir. Yəni bu gün vəziyyət o qədər də pis deyil.
- Saytınızdan yaxın gələcəkdə hansısa yeni layihələr gözləyəkmi?
- Mən hər zaman layihələrlə bağlı bir qədər ehtiyatla danışmağa üstünlük verirəm. Çünki görülməyən iş və ortaya çıxmayan bir layihə barəsində əvvəlcədən danışmaq doğru deyil. Sən bu gün danışırsan, hansısa səbəbdən həmin layihə sabah alınmır. Gücün çatmır, yaxud icazə olmur. Rəhbərimiz Aynur Camalqızı da təbii ki, hər zaman yeni layihələrin yaranmasına töfhəsini verməkdədir.
- Xəbər yayımcısı, media orqanı olaraq əsas hədəfləriniz nələrdən ibarətdir?
- Hədəfimiz birdir: hər zaman olduğu kimi, gələcəkdə də çalışacağıq ki, oxuculara bacardığımız qədər operativ informasiya çatdıraq. Müasir jurnalistikanın tələbi qərəzlilik olmadan operativlikdir. Nə qədər alınır, yaxud alınmır, bunu yalnız siz həmkarlarımız və oxucularımız deyə bilər.
Ağa AKİFOĞLU