Modern.az

“Qanunla İlhamə Quliyevanın varisi bacısıdır” - Vəkildən AÇIQLAMA

“Qanunla İlhamə Quliyevanın varisi bacısıdır” - Vəkildən AÇIQLAMA

2 Mart 2016, 12:19


Həyatda olduğu kimi, dünyasını dəyişəndən sonra da İlhamə Quliyeva ətrafında söz-söhbətlər səngimir. Mərhum xalq artisti ölümündən sonra da hadisələr yaratmaqda davam edir. Bu dəfə müzakirə mövzusu onun mirasıdır. Xalq artistinin yaxın qohumu, müğənni Əli Mirəliyev İ.Quliyevanın mirasının oğulluğu Orxan Nadirova deyil (oğulluğa götürülməsi rəsmiləşdirilmədiyinə görə), dövlətə qalacağını açıqlamasından sonra tərəflər arasında gərginlik yaranıb.

Belə bir məqamda Modern.az saytı məsələyə hüquqi qiymət verməsi üçün tanınmış vəkil Adəm Məmmədova müraciət edib. Hüquqşünas mirasla bağlı hüquqi proseduru izah edərkən vərəsəliyin 5 növü olduğunu deyib:

“Əgər şəxsin övladlığa götürülməsi rəsmiləşdirilməyibsə, o, heç bir halda vərəsə sayıla bilməz. Həmin şəxsin ümumiyyətlə, məhkəmədə iddia qaldırmaq hüququ belə, yoxdur. Çünki, miras qoyanla onu birləşdirən rəsmi heç nə, hətta məhkəmə qərarı belə, yoxdur.

Ölənin həyat yoldaşı, valideynləri, uşağı və övladlığa götürdüyü insan da yoxdursa, onda mirasa sahiblik  hüququ ikinci növ vərəsələrə - bacısı, qardaşı, miras qoyanın qardaşı və bacısı uşaqlarına keçir. Həmin şəxslər o zaman qanun üzrə vərəsə sayılır ki, mirasın açılacağı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın”.

Vəkil bildirib ki, konkret olaraq mərhum İlhamə Quliyevanın oğulluğu Orxan Nadirov rəsmi olaraq onun adına keçirilməyibsə, həmin oğlan birmənalı şəkildə vərəsə sayıla bilməz.

O qeyd edib ki, indiki halda İlhamə Quliyevanın vərəsəsi bacısı Gülbahar Quliyevadır:

“Mülki Məcəllədə qanun üzrə vərəsələr göstərilib. Əgər vəsiyyətnamədə də yoxdursa, Mülki Məcəllənin 1159-cu maddəsində vərəsənin 5 növbəli olması aktivləşir.

Mərhumun mirası o zaman dövlət hesabına keçirilə bilər ki, onun heç bir vərəsəsi olmasın. Mən bildiyim qədəri ilə İlhamə xanımın bacısı var. İndiki halda onun birinci növ vərəsəsi olmadığına görə, bu haqq ikinci növ vərəsəyə keçir. Və indiki halda qanuna uyğun olaraq İlhamə Quliyevanın vərəsəsi bacısıdır”.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI