"Azərbaycanın milli maytua bazarında üzən məzənnəyə keçidi özünü doğruldub".
Modern.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. O qeyd edib ki, valyuta bazarında gedən proseslər üzən məzənnə sxemindədir.
“Bizim qrafikimiz var, həmin qrafiklə çıxırıq. Banklar arasında aparılan sorğular göstərir ki, onlar ehtiyacları olduqları qədər valyuta alır. Gördüyünüz kimi, hər hansı bir başqa proses getmir, yəni paralel bazar və ya başqa proseslər. Kifayət qədar valyuta hərraca çıxarılacaq.
Hesab edirəm ki, bazarın tələbatı ödəniləcək. Bir daha deyirəm Mərkəzi Bank bazarda valyuta təchizatçısı deyil. Biz requlyatoruq. Bizim başlıca vəzifəmiz üzən məzənnə rejimində manatın kəskin dəyişməsinin qarşısını almaqdır".
E. Rüstəmov Ölkədəki kommersiya banklarının konsolidasiya prosesinin başa çatması ilə bağlı məlumatın yanlış olduğunu deyib. Baş bankir qeyd edib ki, konsolidasiya o zaman bitir ki, bu haqda qərar olur.
“Yeni rəhbərlərin toplantısı keçirilir və qərar qəbul olunur. Yalnız bundan sonra konsolidasiya bitir.
Üç bank konsolidasiya prosesindədir. Onlar iki protokol imzalayıblar. O protokol imzalanandan sonra bəzi addımlar atılacaq. Bu proses zamanı müəyyən işlər var ki, bankların dəyərləri hesablanmalıdır. Təbii ki, çox əhəmiyyətli vaxt alan prosesdir. Banklar bu prosesə gedirlər”-deyə Elman Rüstəmov bildirib. Atrabank və Asiya İnkişaf Bankının Mərkəzi Bankın qərarından şikayət etməsi ilə bağlı sualı cavablandıran Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov bildirib ki, hazırda məhkəmə prosesi gedir.
“Məhkəmə prosesi gedir. Biz də öz hüquqlarımızı və qəbul etdiyimiz qərarı məhkəmədə müdafiə edəcəyik.”
Aytən ZƏHRA