Modern.az

Əvəz Ələkbərov yeni vəzifəsindən DANIŞDI: “Çətin oldu” - MÜSAHİBƏ

Əvəz Ələkbərov yeni vəzifəsindən DANIŞDI: “Çətin oldu” - MÜSAHİBƏ

Ölkə

3 Mart 2016, 13:55


Sabiq maliyyə naziri Əvəz Ələkbərovun Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və mühasibat fakültəsində Maliyyə və maliyyə institutları kafedrasının müdiri təyin olunması barədə xəbər vermişdik.

Eks-maliyyə naziri Əvəz Ələkbərov yeni işi ilə bağlı Modern.az saytının suallarını cavablandırıb.

- Əvvəllər nazir olmusunuz. İndi  pedaqoji kollektivlə işləmək sizə çətin gəlmir?  

-Bir-iki gün mənə çətin oldu. İndi isə heç bir problem yoxdur. Burada idarəetmə və universitet rəhbərliyi ilə əlaqələrdə heç bir problem yaşanmır. Tədrislə bağlı proseslərə girişmişəm və kollektivə tam alışmışam. Kollektiv məni qəbul edir, hörmət edir. Professor, müəllim heyəti arasında mənim hörmətim var. Onların da mənim kimi bir adamın bu kollektivdə olmasına ehtiyacları var. Artıq kafedramızın iki iclasını keçirmişik. Bir çox məsələlər üzrə işçi qruplar yaratmışıq. Hər şey normaldır, heç bir çətinlik yoxdur.

- Sizin müəllifi olduğunuz kitablar gələcəkdə dərs vəsaiti kimi istifadə olunacaqmı?

- Kitablar maliyyə mövzuları ilə bağlıdır. Mən o kitabları təkmilləşdirəcəyəm və ondan tələbələr istifadə edəcək.

- Hər halda tələbələr keçmiş nazirin onlara iqtisadiyyatla bağlı dərs deməsini maraqla qarşılayar. Elədirmi?

- Açığını deyim ki, mən hələ dərs demirəm. Allah qoysa, sentyabrdan auditoriyalara girib dərs deməyə başlayacağam. Hələlik isə praktika rəhbəri, magistrlərin diplom işinə rəhbərliyi üzərimə götürmüşəm. Belə deyək, hələlik passiv işləri üzərimə götürmüşəm. Proseslər getdikcə, auditoriyalara girəcəyəm. Magistrlərlə iki görüşüm olub, onlar bundan çox razı qalıblar. Müəllimlərin dərslərinə girib tədrisin keyfiyyəti ilə maraqlanıram. Bu yaxınlarda rektorumuzun “Azərbaycan iqtisadiyyatının perspektivləri” mövzusunda çox gözəl tədbiri oldu. Orada iştirak etdim, sual verdim, cavablar aldım. Mən həm də Elmi Şuranın üzvüyəm və onların iclasında da iştirak edirəm. Universitet həyatı idarəetmədən fərqlidir, amma biliklər, təcrübə imkan verir ki, təhsil proseslərində də aktiv olaq.

- Bu aktiv işlərinizi hansı yeniliklərə gətirib çıxaracaq?

- Mən yeniliklərin olması üçün çalışacağam. Mən cəhd göstərəcəyəm ki, nazirliklərlə kafedranın əməkdaşlığı artsın. Elmi-praktiki konfrsanların, təqdimatların çox olmasına çalışacağam. Həmçinin xaricə olan eyniadlı universitet və kafedralarla işgüzar münasibətlərin qurulmasını istəyirəm. İki-üç nəfərin fəlsəfə doktoru olması üçün onların elmi rəhbəri olacağam.

Aqşin KƏRİMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI